9 Dekabr 2020 13:55
5 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Turan İbrahimov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Turan bəy, mənfur düşmən üzərində qələbə qazandıq və 44 gün ərzində onları kaputilyasiyaya məcbur etdik. Qələbəmizi necə xarakterizə edərsiniz?

- Qələbə ilə bağlı gözləntilər çoxdur, insanlarda müəyyən suallar var. O suallara siyasi-diplomatik proses tamamlandıqdan sonra cavab tapılacaq. Bu ərəfədə insanların könlünü bulandıran, əhval-ruhiyyəsini pozanlar da var. Təbii ki, dövlətimiz mümkünsüz görünən bir qələbəni reallaşdırıb.

Geosiyasi nöqteyi-nəzərdən Türkiyə son 200 ildə bu regionda xüsusi gücə sahib olan Rusiyanın ortağı kimi buraya gəldi. Ümumi götürdükdə sevinməyimiz üçün səbəblər həddən artıq çoxdur.

Dövlət başçımızın da noyabrın 10-da bağlanan sazişə verdiyi izahda deyildiyi kimi, biz savaşda, poliqonda qalib gəldik. Amma bütün müharibələr nəticə etibarı ilə masada imzalar qoyulduqdan sonra həll edilmiş olur. Yəni cəbhədə düşmənə silahla, əsgərlərimizlə, ordumuzla qalib gəldik və indi qələbənin masada kağıza köçürülməsi prosesi gedir.

Biz başa düşürük ki, qarşıda beş illik bir proses var. Sülhməramlıların mandatı beş ildirsə, deməli, bu proses bu müddətdə davam edəcək. Masada əli güclü tərəfik, amma bu o demək deyil ki, zaman keçdikcə reallıqlar tarazılığı dəyişdirə bilməz. Savaş siyasi və diplomatik istiqamətdə gedir. Biz indi də dövlətimizin, bu prosesləri aparan siyasi qüvvələrin arxasında olmalıyıq.

Masada qarşı tərəf hər an hiss etməlidir ki, siyasi təzyiqlə bir şey əldə edə bilməyəcək. Cəmiyyətin də öz istəyi var. Vətəndaş cəmiyyəti hər zaman narahatlığını, ambisiyalarını ortaya qoymalıdır. Burada siyasi qüvvələr, qeyri-hökümət təşkilatları və fərdlərdən söhbət gedir. Amma bu mövqe konstruktiv və qərəzsiz olmalıdır.

Azərbaycanda savaş dönəmində, 44 gün müddətində monolit, həmrəy bir cəmiyyət ortaya çıxdı. Hər kəs başa düşdü ki, dövləti dəstəkləmək lazımdır. Ən dağıdıcı radikal qüvvələr belə başa düşdülər ki, siyasi rəhbərliyə qarşı çıxsalar dərhal populyarlıqlarını itirərlər. Bu cəmiyyət modelini müharibədən sonra da qorumalıyıq.

Amma dəstək o demək deyil ki, hamı ağzına su alıb susmalıdır. Lazım olan məqamda bəzi etirazlar belə danışıqları aparanlara dəstəkdir, yəni konstruktiv və qərəzsiz şəkildə etiraz oluna bilər. Təbii ki, hazırda cəmiyyətdə eyforiya var və bu, hələ davam edəcək. Eyforik durum bitəndən sonra reallıqlar daha aydın görünəcək.



- Sentyabrın 26-da yəqin 44 gün sonranı heç kəs təsəvvür etmirdi. Bu paradoks haqda nə deyərsiniz?

- Dövlət başçımız və digər yüksəkçinli məmurlar bəyan edirdilər ki, biz işğalla razılaşmayacağıq, lazım gələrsə, müharibəyə başlayacağıq, ordumuza bu qədər xərc qoyuruq. Bizim orduya ayırdığımız büdcənin Ermənistan büdcəsindən çox olduğu vaxtaşırı vurğulanırdı. Bu, hər an müharibəyə hazırlaşdığımızın mesajı deyildimi?!

Diplomatiya sahəsində geniş miqyaslı iş aparılırdı, bunlar hamısı o demək deyildimi ki, müharibə yaxındadır? Müharibəyə hazırlaşmayan və müharibə istəməyən hakimiyyət nə bu bəyanatları verərdi, nə də diplomatik addımlar atardı. Geosiyasi məqsədlərlə qələbəmizin qarşısında duran qüvvələrin yaratmaq istədiyi rəy var. "Biz hakimiyyətə gəlib daha yaxşısını edəcəyik" deyə düşünürlər və hər şeyi də demokratiya üzərindən izah edirlər.

Bu gün qələbəmizi kölgəyə salmaq istəyən qüvvələr vaxtilə deyirdilər ki, Ermənistanın Baş naziri Nikol Paşinyan demokratik hakimiyyət qurub, müharibə başlasa bütün Qərb dairələri onların yanında olacaq. Azərbaycan isə anti-demokratikdir və iqtidar beynəlxalq dəstək almayacaq. Bu tezislərlə müəyyən auditoriya qazanmışdılar. Bu iddiaların hamısı darmadağın oldu.

Biz 21-ci əsrdə hər kəsin nümunə götürəcəyi bir müharibə, anti-terror əməliyyatı, lokal, qısamüddətli və böyük effektli savaş apardıq. Buna yüksək texnologiyalı müharibə modeli də demək olar.

Biz Qarabağda qalib gəlmişik, torpaqlarımızı işğaldan azad etmişik, Rusiyanın da buradakı imkanlarını başa düşürük. Rusiya ilə tam mənasında zidd davranmaq olmaz. Düzdü, bizim qalibiyyətimizi heç kim əlimizdən ala bilməz. Amma bizə böyük bir problem yarada bilərlər, təxribatlar ola bilər.

Biz dünyaya sübut elədik ki, müharibəni axıra qədər apara biləcəyimiz halda etnik təmizlənməyə getmədik. Bu səbəbdən bizi heç kim etnik təmizləmə aparmaqda, soyqırımı törətməkdə günahlandıra bilmir.

Hazırda çox gözəl situasiyadayıq. İndi diplomatik faza başlayıb. Bütün bunların fonunda Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında birbaşa əlaqənin qurulması ilə paralel 50 milyardlıq təzminatdan söhbət gedir. Bu 50 milyardlıq təzminat səsləndirilirsə, deməli, onu reallaşdırmaq da mümkün olacaq. Regionda nə dəyişir? Artıq Moskvadan bir adam avtomobilinə minib Dağıstandan, Azərbaycandan keçib, Naxçıvana, Türkiyəyə gedə biləcək.

- Xalqların birgə yaşayışını necə qiymətləndirirsiniz?

- Xalqların birgə yaşayışı labüddür. Birincisi, biz o millətlərdən deyilik ki, düşməni soyqırımına məruz qoyaq. Eyni zamanda monoetnik dövlət deyilik. Bu baxımdan, ermənilərə vətəndaşımız kimi yanaşmağımız təbiidir.

- Türkiyənin regionda güclənməsi bizə nə verəcək?

- Bizim balanslaşdırılmış siyasət kursumuz vardı ki, onun yekunlaşdığını deyə bilərik. Biz faktiki olaraq Türkiyə ilə konfederasiyada birləşmiş kimiyik. Konfederasiya nədir? Bir neçə suveren dövlət xarici siyasətini və müdafiəsi qüvvəsini eyni yerdən koordinasiya edir. Hazırda Türkiyə-Azərbaycan münasibətləri buna yaxın bir vəziyyətdədir. Buna qədər biz bir çox prosesdən keçmişik və buna nail olmuşuq.

- Turan bəy, hazırda televiziyalarımızdakı vəziyyəti necə dəyərləndirirsiniz?

- Təbii ki, Azərbaycan televiziyalarını ümumi analiz etmək olmaz. Ölkədə onların təsnifatı belə aparıla bilər: Azərbaycan Dövlət Televiziyası (AzTV), İctimai televiziya və özəl kanallar.

AzTV yeni mərhələyə keçir, görüntü, yaradıcılıq, texniki və art hissə sürətlə inkişaf edir. Bu istiqamətdə nə mümkündür, AzTV rəhbərliyi onu edir.

Amma nəzərə almaq lazımdır ki, bu prosesdə iştirak edən ziyalılarımız, jurnalistlərimiz, rəy formalaşdırmış ictimai-siyasi sektorda çalışanlar, onları birdən-birə dəyişə bilməzsən... Yəni onlar öz qəliblərindən yeni dövrə çıxmalıdırlar, ən azından AzTV-nin yeni dekorasiyasına, keyfiyyətinə uyğunlaşmalıdırlar. Bu da bir anda baş verən deyil.

- Sizcə, AzTV-də nəyi dəyişmək lazımdır?

- Dövrün ruhuna uyğun adamlarla işləmək lazımdır. Dövlət televiziyasına yeni nəsil gəlir və çox gözəl, pozitiv kadrlar var. O kadrlar kimlərlə işləyirlər? İctimai fikrə təsir göstərən ekspertlərlə, mütəxəssislərlə. TV-yə elə simalar lazımdır ki, onların vətəndaşlara təsiri olsun. Yeni bir nəsil yetişməlidir, formalaşmalıdır.

İctimai televiziya özü-özünü yenidən yaradıb. Müəyyən mənada tarazılığı qorumaq məcburiyyətindədir.

Özəl televiziyalarımız isə mümkün olanı edirlər, pandemiyaya görə reklam bazarı çöküb, gəlirləri yoxdur. Özəl televiziyaların rəhbərliyinə yenidən baxmaq lazımdır. Yeni dövrün ruhunu duyan və yeni düşüncəli insanlar rəhbərliyə gətirilməlidir. Ədalət naminə deyim ki, özəl televiziyaların vəziyyəti çox pisdir, maliyyə mənbəyi nöqteyi-nəzərindən... Pandemiya dövründə pulsuzluqla nə etmək lazımdırsa, onun daha artığını edirlər.


- İctimai TV-də Dadaş Dadaşlinskinin şərti aparıcılığı ilə yayımlanan “3 D” layihəsində sizin "ATV Səhər" verilişindəki üslubunuz hiss edilirdi. Bu haqda nə deyə bilərsiniz?

- Ümumiyyətlə, "ATV Səhər" verilişi xəbər, informasiya, analitika, hətta təbliğati yanaşma modeli idi. O model ictimai sahəyə nəzarət edən şəxsləri ona görə narahat edirdi ki, onların düzəninə təhdid idi... Bu, yeni və köhnə düşüncəli adamların bir-biri ilə qarşıdurması idi. Bu model normal inkişaf edib, digər televiziyaları da fəth etməli idi. Bəli, "ATV Səhər"lə “3 D” layihəsində yanaşma eyniliyi var.

- ATV kanalını izləyirsiniz?

- Bəli, izləyirəm. Ümumiyyətlə, televiziyaya çox baxan insan deyiləm. Ümumi televiziyalara baxıram ki, görüm dünyada nə baş verir, tend, tendensiya, yanaşma tərzi nədir... Qarşıma çıxanda ATV kanalından yan keçmirəm.

- ATV-dən yenidən iş təklifi gəlsə, dəyərləndirərsiniz?

- ATV-dən niyə getmişəm?! İndiki rəhbərliklə işləyə bilmədiyimə görə... Bunun müəyyən səbəbləri var. ATV-də rəhbərlik dəyişdikdən və yeni rəhbərlik gəldikdən sonra yaxşı təklif olsa, dəyərləndirərəm.

- Başqa televiziyalardan iş təklifi varmı?

- Televiziyalarımızın hamısından iş təklifi olub. Hazırda təqdim edilən bəzi verilişlər var ki, məni aparıcı kimi dəvət ediblər, danışıqlar olub, amma razılıq əldə edilməyib. Sonra başqa aparıcılarla işləyiblər. Hətta mənim də fikrimi soruşublar ki, sizdən savayı hansı aparıcıya müraciət edə bilərik?!

- Səbəb nədir, iş təkliflərindən nə vaxta qədər imtina edəcəksiniz?

- Mənim üçün müəyyən şərtlər - maliyyə, yaradıcılıq imkanları və mühit faktoru çox önəmlidir. İstədiyim iş təklifi olsa, televiziya fəaliyyətimi bərpa edə bilərəm. Dediyim kimi iş təklifləri çoxdur, amma hələ ki mənə uyğun deyil.

- "ATV Səhər"də bir çox məmurları tənqid edirdiz. Müsahibənizdə qeyd etmisiniz ki, həmin məmurların bir çox sizinlə görüşmək istəsələr də, buna soyuq yanaşmısız...

- Ümumiyyətlə, mən heç kəsi qərəzli, məqsədli tənqid etməmişəm. Ona görə də mənimlə heç kimin qarşıdurması olmayıb. Hətta mənə qarşı ən sərt ictimai qaydada polimika aparanlar belə üzbəüz gələndə deyirlər ki, sən yaxşı və dürüst oğlansan. Əks halda, mənim yanlış bir addımım olsaydı, çox asanlıqla məsuliyyətə cəlb edərdilər.

Mən xaraktercə qapalı insanam, ailə üzvlərimdən və bir neçə adamdan başqa ünsiyyət saxladığım insanlar yoxdur. Təəssüf ki, Azərbaycanda kimə salam verirsənsə, deyirlər ki, onun adamıdır. Bu nöqteyi-nəzərdən heç kimlə oturub-danışmamışam.

- Qeyd etmisiniz ki, iqtidarla bağlı bəzi fikirlərinizə görə sizi yaltaq adlandırıblar...

- İqtidar deməzdim, dövlətçilik mövqeyində duran hər kəslə bağlı məlum əks-arqument səsləndirirlər. Səni başa düşməyəndə deyirlər ki, yaltaqdır. Yaltaqlana-yaltaqlana yaşayan adamlar çox olduğuna görə bu cür düşünən insanların fikirlərində də bir həqiqət tapıram. Aşıq gördüyünü çağırar.

Mən özümü o insanların yerinə qoyuram. Amma dərindən analiz edəndə kimin nə olduğu görsənir. Bunun üçün müəyyən intellekt lazımdır. Bu da hər insanda yoxdur. Hərdən Vətənini, dövlətini, xalqını sevən və yanğı ilə iqtidarı tənqid edən adamlara da "xaricdən maliyyələşir" deyə yamaq vururlar. Təbii, hamını nəzərdə tutmuram.

O zaman "ATV Səhər"dəki Turan İbrahimovu yamanlayardız ki, Hacıbala Abutalıbovu tənqid edir, xaricdən maliyyələşir... Bunlar hamısı stereotip düşüncənin məhsuludur.



- Sizi tənqid edənlərə münasibətiniz necədir?

- Əslində, səhv başa düşülmələr, yanlış anlaşılmalar da normaldır. Özünü başa düşməyən kimi aparanlar da olur, çünki bostanına daş atırsan. Hətta ən ideal, ən ali fikir belə əks-reaksiya doğurur. İstənilən fikrə dözümsüz olmaq axmaqlıdır. Buna da normal yanaşıram.

- Dilinizin bəlasına düşmüsüz?..

- Heç vaxt... Qeyri-şüurlu nəsə deyirəm ki, dilimin bəlasına düşüm?! Yox, dediyimizi kimsə fərqli formaya salırsa, bu, başqa məsələ... Bu, bizim problemimiz deyil.

Ola bilər, düşünürsən ki, gərək bəzi fikirləri yumşaq deyərdim, boş dünyadır. Üç günlük dünyaya görə kiminsə xətrinə dəyməzdim. Keçmiş deputat Arif Rəhimzadə qoca kişidir, indi kənarda qalıb. Vaxtilə onu tənqid etmişdim. Sonradan adamın yazığı gəlir ki, bəlkə sözü başqa cür deyərdim. Peşə nöqteyi-nəzərdən isə düşünürsən, yaxşı eləmişəm.

"ATV Səhər" dönəmində mənim tənqid etdiyim, müəyyən səbəblərlə əleyhinə çıxış etdiyim bir məmur hazırda vəzifədə deyil, bir millət vəkili isə seçilmədi. Bunun özü nə qədər obyektiv tənqid etdiyimin göstəricisidir.

Foto: Ceyhun Rəhimov




Müəllif: Rəqsanə Həsənova, Tapdıq Qurbanlı

Oxşar xəbərlər