Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə əməkdaşlığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilən “Xosrov və Şirin” bədii-serialı çəkilir.
Serialda Xosrov obrazını canlandıran model Rüstəm Cəbrayılov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Rüstəm bəy, "Xosrov və Şirin" serialının çəkilişləri başlayıb. Çəkilişlər necə davam edir?
- "Xosrov və Şirin" serialı 12 seriyadan ibarət olacaq. Çəkilişlərimiz fərqli məkanlarda - Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində və s. baş tutur.
- Serial təklifini necə qarşıladınız?
- Çox məsuliyyətli bir işə razılıq verdiyimin fərqindəyəm. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını müasir tərzdə təqdim edəcəyik. Hadisələr bu gün ilə səsləşəcək. Yəni "Xosrov"un müasir obrazını təqdim edəcəyik.
- "Xosrov və Şirin" poemasını nə zaman oxumusunuz, əsər əsasında çəkilən serialda nələri görəcəyik?
- "Xosrov və Şirin" poemasını oxumamışam. Ssenari ilə tanış olmuşam.
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında sonluq faciə ilə bitir, qəhrəmanlar Xosrov, Şirin və Fərhad ölür. Amma serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev ssenariyə dəyişiklik ediblər. Filmdə tarixi obrazlarda çıxış edirik. Serial təkliflərini qəbul etmirdim, çünki Azərbaycanda serial sahəsi yaxşı deyil. Amma bu komanda çox peşəkardır.
- Tərəf müqabiliniz Kəmalə Piriyeva Şirin obrazını canlandıracaq. O, necə tərəf müqabilidir? Çəkiliş zamanı hər hansı problem yaşayırsınızmı?
- Kəmalə Piriyeva çox gözəl aktrisadır. Konkret işini bilən bir insandır. Tərəf müqabillərimin hər biri çox peşəkar insanlardırlar. Düşünürəm ki, ortaya çox yaxşı iş qoyacağıq. Amma serial sahəsi bir az çətindir. Çünki hər hansı məkan götürülür, 15 epizod çəkilir. Epizod həmin gün ərzində çəkilməlidir, ona görə ağırdır. Bu serial film kimi çəkilir. Serial üzərində çox professional kollektiv çalışır. Hələ ki uyğunlaşmağa çalışırıq. Çəkiliş meydançaları tez-tez dəyişir, məkana uyğunlaşmaq və s. Məsələn, daş karxanasında çəkilişlərimiz olub, çöllük, günəş, toz-torpaq və s. Dünən çəkiliş zamanı nə qədər toz udmuşam. Düşünürəm ki, "Xosrov və Şirin" Azərbaycanda çəkilən ən professional seriallardan biri olacaq.
- Sizi model kimi tanıyırıq, necə düşünürsünüz, "Xosrov" obrazının öhdəsindən gələcəksinizmi?
- Mən dörd filmə çəkilmişəm, yaxın zamanlarda təqdim ediləcək. Filmlər 20 Yanvar faciəsi, Xocalı faciəsindən bəhs edir. Filmlər hələ ki, təqdim edilmədiyinə görə Azərbaycanda aktyor kimi tanınmıram. Ona görə serial təklifini qəbul etdim, özümə kənardan baxmaq istədim.
- Azərbaycanda yazıçı Elçinin "Mahmud və Məryəm" romanı əsasında eyniadlı film çəkildi. Film tənqidlərə məruz qaldı. Sizcə, bu serialla bağlı da tənqidi fikirlər ola bilərmi? Obrazınız necə qarşılana bilər?
- Mən kino sahəsindən təklif gələn zaman kastinqdə iştirak etmirəm. 16 ildir ki, bu sahədəyəm. Tənqidi normal qarşılayıram, təhqiri yox. Tənqidi fikrin də olması normal haldır. Bəzi insanlar paxıllıq hissindən doğan fikirlər bildirirlər. Bunu da anlamağa çalışıram.
- Sizi Xosrov kimi sizi qəbul edəcəklərmi?
- Kim məni görürsə, hamı deyir ki, Xosrov obrazı sənin üçündür. Bu obrazda sənin kimi insan təsəvvür edirdik. Mənim qazancım o qədər deyil. Yaxın günlərdə Maliyyə naziri Samir Şərifov parlamentdə deputatların suallarını cavablandırırkən Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrıldığını və nəticədə keyfiyyətli kino əsərlərini görmədiyini bildirib. Bəlkə bu serialdan sonra bu sahəyə baxış dəyişəcək.
Serial təklifini qəbul etməkdə məqsədim odur ki, "Xosrov və Şirin" uğurlu alınsa, bu sahədə davam edəcəyəm. Uğurlu alınmasa, film və serial sahəsindən gedəcəm. Görək necə olacaq?!
- Toy mərasiminiz nə zaman baş tutacaq?
- İyulun 9-da toyun olacaq. Mərasim məkanların birində baş tutacaq və 100-ə yaxın qonaq dəvət etmişəm. Toyum qanunlar çərçivəsində olacaq.