Xalq artisti Flora Kərimova qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Flora Kərimovanın qazi toylarına gedərək özlərini reklam edən müğənniləri tənqid etməsi gənc müğənni Nüşabə Musayevanın xoşuna gəlməyib.
O, Flora Kərimovanın ünvanına bu sözləri bildirib: "Florla Kərimova canlı korifey, sənətkarımızdır. Deyirsiniz ki, müğənnilər utanmırlar, reklam edirlər. Mənim burada qazancım nədir ki, reklam edim?! Nədən və niyə utanım ki?! Qısa-açıq geyim geyinənlərə niyə demirdiniz ki, ay bala, utanmırsınız, bunları yığışdırın?!".
Bundan əsəbiləşən Flora Kərimova şəxsi İnstaqram hesabında Nüşabə Musayevaya bildirib: "İnstaqramda nə sizin izləyicinizəm, nə də şəxsi tanışlığım olub. Sayğınıza görə isə çox sağ olun. Sadaladıqlarınız şəxslərə acığınız varsa, mənim buna nə aiddiyatım?! Ünvanladığınız sualınıza cavabım: "Özünüzün etiraf etdiklərinizə bənzər, nəticə çıxarmayan insanlara çox illər öncə mən iradımı bildirmişdim. Təəssüf ki, indiki halda təkrarlanan əməllərə görə, kiməsə nöqsan tutmağa nə səbrim, nə zamanım var. O ki qaldı “qazi-reklam” məsələsinə...Şəxsən sizə ünvanladığım bir iradıma niyə sahiblənirsiniz?! Sizi düşünsəydim, nömrənizi tapıb zəng edərdim. Əmin olun ki, adınızı efirdən çəkməkdən belə çəkinməzdim. Ümid edirəm fikrimi yetərincə aydın çatdırdım. Ümumiyyətlə, deyilən fikirlərimdə özünüzü görərək nəticə çıxardır və səhvinizi düzəltməyə cəhd edirsizsə, bu artıq sizin qazancınızdır. Uğurlar sizə...".
Xalq artisti onun fikrinə etiraz edən bloger Elçin Lənbəranskinin də cavabını verib: "Mənim yaşımın ikidə birini hələ yaşamamısız. Bu çağımda belə etdiyim səhvimə görə, özümdən iki dəfə kiçik olan birisindən üzr istəyə biləcək qədər təkəbbürdən uzaq biriyəm. Yetər ki, haqlı ola...Qazi toyuna getmək, təmənnasız iştirak etmək, ayaqüstə alqışlanası bir əməldir. Amma borclu olduğu halda bunu minnətə çevirib, öz kiçik mənafeyinə uyğun qazilərə qaxınc etmək, özünü millətə yaxşı sırımaq xatirinə gündəmə çevirmək, insanın cılızlığı, mədəniyyətinin əskikliyidir. Bunu başa düşməyəcək qədər sizi düşüncəsiz hesab etmirəm, amma bu şəraitdə sizin xətrinizə nə dəydi? Məni “düzgün demir" ifadəsi ilə suçladığınızı anlamadım. Və mövzuya olan iradımdan başqa bir problemə keçid edərək özünüzü daha da haqlı göstərməyiniz haqsızlığınızın sübutudur. “Sənin məmləkətin" deyə xitab etdiyiniz məmləkətdə tək yaşayan mən deyiləm. Mənim mövqeyim heç bir zaman fəslində dəyişikliyə uğramadı! Hətta düşmənlərim tərəfindən başıma qaxınc ediləndə belə yaşadığım mühitin qəddarlığına baş əymədim! Haqlı olduğum yolu çoxunun getdiyi cığırlara dəyişmədim. Vaxtın dəbinə qurban vermədim! İndi düşünün haqqınız varmı mənə bir söz deməyə?! Bu illər ərzində bir qazi, bir şəhid övladı deyə bilməz ki, “Mən Floranı bir məclisimə çağırdım, o, gəlmədi”. Sən niyə o toylara getmirsən? sualını verənlər, məndən nə isə tələb edənin ən azı mənim yaşımın yarısı qədər yaşı olub, yaşadığımın yüzdə birini yaşamalı və bu torpaq üçün etdiyimin birini edən olmalıdır. 80 yaşımda hər nəfəs aldığımda Allahın lütfi ilə nə vaxtsa tapşırılacağım torpağımda yaşadığım hər saniyəmə şükür edirəm. Ən zalımınız qanı qanımdan, canı canımdan olan vətəndaşımdır!".
Qeyd edək ki, Flora Kərimova yaxın günlərdə "İnstaqramda oxudum ki, müğənnilər qazi, şəhid ailələrinin xoş gününə gedirlər. Deyirlər ki, pulsuz getdim. Utanmırsınız? O, canından keçəndə soruşurdu nə qazanacam? Bunu dilə gətirmək olmaz", - deyə qeyd etmişdi.