16 İyul 2021 09:05
25 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Faiq bəy, yaradıcılığınızda hansı yenilikləri planlaşdırırsınız?

- Bu yaxınlarda dinləyicilərimə yeni mahnımı təqdim etdim. Bu azrap ilə bir işbirliyidir, 4 məşhur reperimiz mahnını ərsəyə gətirib. Sözləri Orxan Qarabasmaya və Şəhriyar Atababayevə (Xpert), səs prodüserliyi ProMeteyə aiddir. Mahnının üzərində yeddi aydır ki, iş gedirdi. Bu ayın 1-də yutub kanalımda, 2-dən etibarən isə bütün yerli radiolarda səslənir. Musiqisi həmkarım Kazım Cana, aranjemanı isə Nadir Nəğd Pul və Givi Usenasvilliyə aiddir. Çox maraqlı bir layihədir. Burada fərqli Faiq Ağayev görəcəksiniz. Klipə də iki məşhur sima çəkiləcək.

- Məşhurlar həmkarlarınız, yoxsa aktyorlar olacaq?

- Hər ikisi aktyordur, biri xanım, digəri isə bəydir. Çox məşhur simalardır. Klipin rejissoru Nicat Zeynallı olacaq. O, "Səni əvəz eləmir" klipimin də rejissoru olub.

Düşünürəm ki, yayın sonuna qədər klip hazır olacaq.

- Bir müddət əvvəl remeyklər hazırladığınızı qeyd etmişdiniz...

- Gövhər Həsənzadənin "Dönmə geri" və 1992-də ifa etdiyim "Gəl, gülüm" mahnılarının remeykləri hazırdır. "Gəl, gülüm" mahnısının sözləri Səlim Həqqiyə, musiqisi isə İlham Abdullayevə aiddir. Son bir il yarımda 12 yeni mahnı lentə almışam, 3 mahnını təqdim etmişik, artıq radiolarda səslənir. 9 mahnı üzərində isə işləyirik, demək olar ki, onlar da hazırdır.

- İyunun 1-dən etibarən toy mərasimlərinə icazə verildi. Toy mərasimləri üçün darıxmışdınızmı?

- Toy mərasimləri üçün çox darıxmışam. Hər dəfə səhnəyə çıxanda, toy mərasimi, konsert, balaca bir yığıncaq belə olsun, hər zaman məsuliyyət hissindən həyəcan keçirirəm. Bir il yarım idi ki, peşəkar sənətçi kimi səs tellərimi işlətmirəm. Toy mərasimləri də yeddi-səkkiz saatlıq oxumaq deməkdir.
Həyəcan var, 33 ildir ki, səhnədəyəm, 28 ildir toy mərasimləri idarə edirəm - gərək hər şey ənənəvi F.A keyfiyyətində olsun.

- Müğənni Nura Suri açıqlamasında qeyd edib ki, toy qiymətini aşağı salacaq, bəs siz necə?

- Mənim sənətim fərdi sənətdir, kollektiv deyil. Kiminsə sözünü, hərəkətini şərh etmək məcburiyyətində deyiləm. Nura Surinin xətrini istəyirəm. Hərə nəyi nəzərdə tutubsa, elə də etsin. Məndə toy qiymətində dəyişiklik olmayacaq.

- Toy qiymətini qaldırmağı düşünürsünüz?

- Xeyr, nə üçün?! Buna bir ehtiyac görmürəm.

- Hansısa həmkarınızla duet olacaqmı?

- Hələ ki, elə bir mahnı yoxdur. Material olmalıdır ki, bu mahnını filankəslə oxuyasan.

Bəlkə də remeyklərdən birini müğənnilərimizdən biri ilə duet oxuyacam.

- Duet ortağınızın adını açıqlaya bilərsiniz?

- "A" kateqoriyalı müğənnilər beş nəfərdən çox deyil.

- Aygün Kazımovanı, yoxsa Röya Ayxanı nəzərdə tutursunuz?

- Üç müğənni adı da çəksəniz tamamlanacaq (gülür).

- Bir çox sənətçilər pandemiya zamanı çətin vəziyyət yaşadılar. Evlərini, avtomobillərini satanlar, hətta biznesə başlayıb iflas edənlər də oldu. Siz bu mərhələni necə keçdiniz?

- İçi mən qarışıq hamı problem yaşadı. Bu dönəmdə yeni biznes açmaq təhlükəlidir. Çünki illərlə fəaliyyət göstərən bizneslər belə pandemiya vaxtı çökdü. Qazancımız yox idi, amma xərclərimiz öz yerində idi. Ona görə çox sevinirəm ki, şərait imkan verir işə qayıdırıq.

Məndə də çox çətinliklər oldu. 12 yeni mahnı oxumaq, 2 klip çəkmək... Bu isə təxminən 70-80 min manat deməkdir. İl yarım qazanmamışam, deməli nə vaxtsa qazandıqlarımı xərcləmişəm. Bunun də əvəzinə pul gəlməlidir. Gəlmirdi deyə hamı stress içində idi, kimsə nəyisə satırdı, kimsə xırda biznesə başlayırdı.

- Rusiyaya toy mərasimlərinə getdinizmi?

- Xeyr, Rusiyaya toy mərasimlərinə getmədim. Elə bir şərtlərlə dəvət etdilər ki, qəbul etmədim. Çox nataraz təkliflər idi. Mənim və köməkçimin Moskvaya gedib qayıtmağı, hotel, bilet, eləcə də mənimlə orada çalışacaq texniki heyətə ödəniş etmək lazım idi. Qazancım sıfıra bərabər olurdu. Sanki bir növ xeyriyyəçiliklə məşğul idim, Moskvada toyu oxuyub, pulu hamıya paylayıb, evə boş gələcəkdim.

- Toy mərasimlərinə təkliflər çoxdurmu?

- Şükür, toy mərasimlərinə təkiflər var. İllərlə gözləyən və pandemiyadan əvvəl dəvət aldığım amma hələ də baş tutmamış tədbirlər var. İndiyə qədər həmin məclislərin behləri də məndədir. Yavaş-yavaş işimiz düzəninə qayıdır, maşallah.

- Pandemiyada öz büdcənizdən xərclədiniz. Sizin hər hansı biznesiniz varmı?

- Biznesim yoxdur. 33 ildir ki, səhnədəyəm. Hər zaman özümə bəhanə edirdim ki, hansısa işə başlasam, eyni ciddiliklə yanaşacam. Bu da mənim sənətimə ziyan vuracaqdı.

Adım olan yerdə yüksək keyfiyyət olmalıdır. Hər ikisini bir yerdə etməyi, əfsus, bacarmıram. Ona görə də yalnız müğənniliklə dolanışığımı təmin edirəm.


Müəllif: Rəqsanə Həsənova