Şuşaya ikinci dəfə səfər edən xalq artisti Zülfiyyə Xanbabayeva Teleqraf.com-un suallarını cavablandırıb.
- Zülfiyyə xanım, Şuşaya ikinci dəfə getdiniz. Təəssüratlarınızı eşitmək istərdik.
- Şuşamıza bir daha səfər etdik. Bu səfərimiz fərqli idi. Şəhidlərimizin valideynləri, həyat yoldaşları, uşaqları ilə görüşdük. Həm qəmləndim, həm sevindim, həm də qürur hissi keçirdim.
- Şuşaya bu dəfəki səfərinizin "Mənim atam qəhrəmandır", "Mənim oğlum qəhrəmandır" silsilə layihə çərçivəsində oldu.
- İlk dəfə deyil şəhidlərimizin anaları, doğmaları ilə görüşürəm. Artıq neçənci dəfədir ki, belə görüşdə oluram. Şəhidlərimizin ailələri ilə artıq bir-birimizi tanıyırıq. Cəlal Qurbanovun bir neçə layihəsi oldu. Onun təşkil etdiyi görüşlərdə iştirak etdik. Konsert xarakterli deyildi, sadəcə görüşlər idi.
- Şuşada hansı məkanları ziyarət etdiniz?
- İlk səfərimiz zamanı bir az təhlükə var idi, amma indi küçərləri gəzirdim. Şuşada Büıbülün ev muzeyini, Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdik. Cıdır düzündə, Şuşa qalasında layihələrimizi həyata keçirdik. Şuşada çox böyük abadlıqişləri gedir. Allaha sonsuz şükürlər olsun.
- Şuşa ilə bağlı hanısa layihə etməyi düşünürsünüzmü?
- Şəhidlərimizin ildönümü keçsin, layihə düşünəcəm. Bəlkə "Şuşanın dağları" mahnısını yenidən ifa edəcəm.
- Şuşada Azərbaycanın Rusiyadakı fövqalədə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə də görüşdünüz.
- Bəli, səfirimizlə görüşümüz oldu, söhbət etdik, qürur hissimizi ifadə elədik. Bir də səhər gözünü açanada görürsən ki, Şuşadasan. Bunu dillə çatdırmaq mümkün deyil.
- Yenə Şuşaya gedəcəksizmi?
- İnşallah, qismət olar gedərik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şuşada şəhidlərimizin ruhuna dualar oxundu, Cıdır düzündə qazanlar qaynadı.