10 Dekabr 2021 11:46
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar elm xadimi, mərhum yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin Nizami Kino Mərkəzində qala gecəsi baş tutub.

Teleqraf.com xəbər verir ki, filmdə Gözəl obrazını canlandıran əməkdar artist Gülzar Qurbanova "Nazik Mətləb"in sevgi hekayəsindən bəhs etdiyini bildirib: "Ümid edirəm ki, film tamaşçılar tərəfindən bəyəniləcək. Dünyanın hər bir ölkəsində bizi izləyən insanlara demək istəyirəm ki, vaxtında sevdiklərinizə "Səni sevirəm" deməkdən çəkinməyin. Bu gün hamının sevgiyə ehtiyacı var. Çünki sevgi səmimiyyətdir, cəsarətdir, fədəkarlıqdır".

Aktrisa Sevinc Əliyeva isə filmin tamaşaçı zövqünü oxşayacağını vurğulayıb: :"Biz bir sevgi hekayəsi yaşadıq. Hər kəsə "Səni sevirəm" sözünü vaxtında deməyi arzulayıram".

Filmin layihə rəhbəri Hüseyn Cavadzadə çəkiliş heyətinə təşəkkür edib: "Bu bizim Mir Cəlal Paşayevin yaradıcılığına ilk müraciətimiz deyil. Hər zaman Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, tarixinə həssaslıqla, sevgiylə yanaşırıq".

Filmdə baş rolları əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıb. Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru Rauf Qurbanəliyevdir.

“Caspian Media Group”un hazırladığı “Nazik Mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru İrəm Laçındır.

Qeyd edək ki, qala gecədə Müdafiə sənayesi naziri Mədət Quliyev, Xəzər televiziyasının rəhbəri Murad Dadaşov, xalq artisti Mehriban Zəki, əməkdar artist Dilarə Əliyeva və bir çox qonaqlar iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər