9 Fevral 2022 11:41
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə qonaq olan Türkiyənin "Kurtlar Vadisi Pusu"nun məşhur rejissoru Selahattin Sancaklı Teleqraf.com-a eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik.

- İlk dəfədir Bakıya gəlirsiniz. Sizdə şəhərimiz haqqında hansı təəssüratlar yarandı?

- Hələ ki Bakını gəzə bilməmişik. Türkiyədən gecə saat 4-də gəldik, səhər saatlarında işlə bağlı görüşlərimiz var idi. Dediyim kimi şəhərə asudə çıxa bilməmişik. İlkin təəssüratım odur ki, Bakı çox gözəl şəhərdir. Bu günə qədər buraya gəlməyə fürsət tapmamışıq. Çəkilişlərə görə vaxtımız olmurdu. Boş olduğumuz zaman isə ailəmizlə vaxt keçiririk.

Amma hər zaman Azərbaycana gəlmək istədik. Demək, bu günə qismət imiş. Mənim İstanbulda dərs dediyim azərbaycanlı tələbələrim hər zaman deyirdilər ki, gəlin şəhərimizi görün. Azərbaycanlılar çox qonaqpərvər insanlardırlar.

- Azərbaycana gəlişinizin hansısa layihə ilə bağlıdırmı?

- Bəli, Azərbaycanda layihə həyata keçirəcəyəm. Bununla yanaşı mədəniyyətinizlə canlı tanış olmaq üçün gəldim. Təbii ki, sənətiniz haqqında məlumatlı idik, amma canlı görmək üçün fürsət yarandı və dəyərləndirməyə qərar verdim.

- Şuşa ilə bağlı film, yaxud da serial çəkmək istərdinizmi?

- Bəli, Şuşa ilə bağlı layihə etməyi çox istərdim. Hətta gənclərlə bərabər Azərbaycanın aktyorları, rejissor və prodüserləri ilə görüşüb layihələr işləməyi düşünürük. Əslində, sənət baxımından bir-birimizdən uzaq qalmışıq. Biz Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlətik". Memar Sinan İncəsənət Universitetini bitirmişəm, müəllimlərimdən biri azərbaycanlı idi. Bəlkə sənət baxımından bir araya gələ bilməməyimiz hər iki tərəfin əskikliyidir.

- Şuşaya getmək istərdinizmi?

- Mən Balkan əsilliyəm. 1995-ci ildə könüllü olaraq Bosniyaya müharibəyə getdim. Tarix yazılırdı və onu kameraya çəkmək lazım idi. Orada qarşılaşdığın dünya barədə çoxlu insanlar danışsa belə həqiqi mənzərəni analaya bilməzsən. Canlı şahidi olduqdan sonra hər şeyi anlayırsan və hadisə həyatının bir hissəsinə çevrilir, ortaya gözəl hekayə çıxır.

Şuşa 1992-ci ildə işğal edildi və 30 illik əsarətdən sonra haqq-ədalət bərpa olundu. Şuşa mənə çox qiymətli şəhər təsiri bağışlayır. Bir insanın 30 ildən sonra öz torpağına qovuşmasını, şəhərin heç yaşanılmamış yer halına gətirilməsinin səbəbini anlamağa çalışıram.

Şuşaya gedəcəm. Şuşanın, Qarabağın Azərbaycan xalqı üçün nədən bu qədər önəmli olmasını səbəbini görmək istəyirəm. Şuşadakı qəhrəmanlarla görüşmək, 1992-ci ildən doğma torpaqlarından uzaq düşən insanların təkrar yuvalarına dönməklərini görmək istəyirəm. Film sahəsi insanın həyatının dəyişməsinin hansı mərhələdən keçdiyini göstərən sahədir. Bunu görmək istərdik.

- Azərbaycanlı aktyorlardan kimisə tanıyırsınımı? Filmlərimizi izləmisinizmi?

- Azərbaycan filmlərini izləməmişəm. Bu vaxtımın az olması ilə bağlıdır. Türkiyə teleməkanlarında Azərbaycanla bağlı layihələr yoxdur. Düzdür, Türkiyə serialları burada izlənilir. Artıq Azərbaycan mədəniyyəti ilə tanış olmağa başladıq. - "Kurtlar Vadisi Pusu"nun rejissoru olmaqla yanaşı "Direniş Karatay", " İlk Aşk", "Mustafa Hakkında Her Şey", "Asmalı Konak" kimi bir çox seriallarda imzanız var.

"Kurtlar Vadisi Pusu"nun davamının gələcəyini gözləsək də məlumat öz əksini tapmadı. Serialın davamı çəkiləcəkmi? Serialın davamının çəkiləcəyini bilmirəm, artıq "Pana Film"də çalışmıram. On il bu şirkətdə oldum. "Kurtlar Vadisi Pusu"nun 55-ci bölümündən 300-cü bölümünə qədər fəaliyyət göstərdim. Serialda Necati Şaşmaz qədər ən çox çalışanlardan biri də mən oldum. Serialın davam edəcəyi haqda Necati Şaşmaz məlumat verə bilər. Serialın bitməsinə gəlincə şirkətin qərarı idi.

- Sizcə, bu gün Türkiyə telekanallarında "Kurtlar Vadisi Pusu" serialına ehtiyac varmı? "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialı onun yerini doldura bildi?

- Hər şey zamanında şərtlərə və hekayəyə görə dəyişir. "Kurtlar Vadisi Pusu"nun pərəstişkarları həddindən artıq çoxdur. "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialı onun yerini doldurdu. Hər zaman efirdə yayım günü reytinqdə birinci olurdu.

- Son zamanlar Türkiyə seriallarında insan psixologiyasının incəliklərinə toxunan seriallar üstünlük təşkil edir. Bunun səbəbi nədir?

- Haqlısınız, hazırda Türkiyədə insan psixologiyasına təsir edən seriallar çəkilir. Düşünəcəksiniz ki, bunun səbəbi nədir? Çünki film şirkətləri araşdırma aparırlar və insanların nəyi tələb etdiyini bilirlər. Həmin sorğulara uyğun hekayələr yazılır.

Biz "Asmalı Konak", "Elveda Rumeli" serialını çəkdiyimiz zaman daha azad idik. Biz kino bazarını idarə edirdik, bazar bizi idarə etmirdi. Hazırda insanlar bunu tələb edir, istəyir və sair fikri ilə işlər görülür. Biz isə yeni başlayan zaman nəyi istəyirdiksə, çəkib tamaşaçılara təqdim edirdik. Tamaşaçı bəyənirdisə, davam edirdik.

Türkiyədə hazırda seriallar bir-birinə bənzəməyə başlayıb. Məsələn, tarixi mövzuda, Osmanlının tarixini əks etdirən çoxsaylı serial çəkilir və bu insanlar tərəfindən çox bəyənilir. Düşünürlər ki, insanlar bu mövzunu bəyənirlər və bu tarixi əks etdirən serial çəkək. Belədə isə bir-birinə bənzəyən və təkrar seriallar çəkilməyə başlayır.

Yaradıcı insanlar azad olmalıdır. "Netflix" platforması Türkiyədə fəaliyyət göstərdikdən sonra keyfiyyətli işlər meydana gəlməyə başladı.

- Hazırda serial çəkirsinizmi?

- Bir ay əvvəl TRT kanalında Mehmet Akif Ərsoyun həyatından bəhs edən serial çəkdik. Ekran əsəri 13 bölümdən ibarətdir. Mehmet Akif Ərsoyun "İstiqlal" marşını əks etdirdik. Hazırda ekran əsəri üzərində montaj işləri gedir. Serial TRT kanalında yayımlanacaq.

Bununla yanaşı Balkan hekayəsi ilə bağlı görüşlərimiz var, yaxın günlərdə qərar verəcəyik. Qismət olarsa, ekran əsərini Üskütdə çəkəcəyik.

- Daha çox hansı seriala yüksək məbləğ xərclənib?

- Ən bahalı serialımız "Kurtlar Vadisi Pusu"dur.

- "Kurtlar Vadisi Pusu" serialından nə qədər qonorar qazandınız?

- Pul qazanmaq məsələsini açıqlaya bilmərəm. Yetərli qədər yüksək miqdarda məbləğ qazandıq. Amma o illər seriala xərcələdiyiz pulların hazırkı seriallarla müqayisədə çox yüksək idi. Həftəlik büdcəsi 700-800 min dollardan bəhs edirəm.

Əslində, xərclədiyin pul işin keyfiyyəti ilə çox əlaqəlidir. Məsələn, "Kurtlar Vadisi"nin çəkilişlərə üçün hətta Amerikaya getdik. Endi Qarsia və Şeron Stoun işbirliyində olduq. Çünki o zaman rejissor izləyicisinə daha çox qiymət verirdi və izləyicisinə hörmət etdiyinə görə keyfiyyətli iş ortaya qoymağa çalışırdı. "Kurtlar Vadisi"nin daha çox məşhurluq səbəbi də bu idi.

- Siz xarici ölkələrdə də tanınırsınız. Hollivudda bir neçə məşhurla iş birliyiniz olub...

- Bəli, Hollivud ulduzu Endi Qarsia və Şeron Stounla iş birliyimiz olub. Hətta Endi Qarsia ilə qarşılıqlı rol alış-verişi də etmişik. Serialın bir bölümündə bərabər oyanmışıq. Endi Qarsia mənə dedi ki, necə adamsan, səni hər yerdə görürəm. Bununla yanaşı Türkiyədə bir çox tanınmış aktyorlarla işləmişəm, Özcan Dəniz, Belçim Bilgin, Nejat İşler və bir çox tanınmışlarla çalışmışam.

- Sizin fikrinizcə Türkiyə seriallarının ən uğurlu aktyoru kimdir?

- Aktyorun uğurlu olmaq səbəbi ssenari ilə bağlıdır. O qədər uğurlu aktyor var ki, hekayə pis olanda obrazı uğursuz alınır. Elə hekayə də var ki, kiçik obrazı ilə ön planda olmayan aktyor çox tanınmağa başlayır. Ona görə də aktyorun sevilib-sevilməməsi layihə ilə əlaqəlidir.

- Yaradıcı insanlar bütün işlərinə eyni sevgini bəsləyirlər. Maraqlıdır ki, sizin üçün ən çox sevdiyiniz serial hansıdır?

- 10 il "Kurtlar Vadisi" serialında işlədim, amma mənin ən sevimli işim "Asmalı Konak" serialı oldu. Çünki o serialda çox azad idik və bütün hadisələri göstərmək şansımız var idi. Hekayəsi, coğrafiyası və sair. "Asmalı Konak" yayımlanan zaman reytinq 30 idi.

Serial çəkdiyimiz məkanlara hər gün 50-60 avtobus gəlirdi. Ürküt və Kapodokiyanı serialla tanıtdıq. Orada çox azad idik və Çağan Irmakla çox gözəl iş birliyimiz oldu. Ən sevdiyim işim "Asmalı Konak" idi. Bir az daha gənc və çılğın işlər görürdük. İzləyicinin reaksiyası necə olacaq deyə düşünən zaman istər-istəməz işi çərçivəyə salmalı olursan.

- Yenidən "Asmalı Konak" tipli serial çəkmək firkiniz varmı?

- Təbii ki, serial çəkəcəyik. "Əlvida, Rumeli" serialını çəkdik. Serial çəkərkən coğrafiyanı düzgün təqdim etmək çox önəmlidir. Məsələn, Bakıda serial çəkilən zaman şəhəri düzgün təqdim etməyəndə burada çəkildiyini anlada bilməzsən. Şəhərin, məkanın hekayənizin içində xarakterə çevrilməsi lazımdır. Məkanlarınız xarakterə oturarsa, keyfiyyətli iş ortaya çıxmağa başlayır. Əks halda sadəcə fondan ibarət ola bilər.

Məsələn, "Asmalı Konak" serialının uğurlu olmasının səbəblırindən biri də bu idi. Kapadokyanı xarakter kimi təqdim etdik. Serialın dəyişməz bir parçası oldu, Özcan Dənizin, Nurgül Yeşilçayın da həyat hekayəsində çox önəmli yerləri təşkil etdi. Məkan hər mənada bizə kömək etdi.


Müəllif: Rəqsanə Həsənova, Foto: Ceyhun Rəhimov