Əməkdar artist Elza Seyidacahan Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elza xanım, Xatirə İslam, Natəvan Həbibi və Elşad Xosenin telekanallardan qonorar tələb etməsinə münasibətiniz necədir?
- Onların istəklərinə normal baxıram, mən də arzu edirəm ki, efirlərə çıxanda müğənniyə qonorar verilsin. Qonorar olmayanda bizə sponsorlardan hədiyyə verirlər. Elə verilişlər var ki, oradan mənə hədiyyə bağışlayırlar. Mən verilişlərdə iştirakın qarşılığını görürəm. Bizə sponsor paketləri təqdim edirlər.
Əlbəttə, qonorar verilməlidir, nəinki efirlərdə, hətta iştirak etdiyimiz bütün tədbirlərdə də... Qonorarı alan müğənni öz sənətinə xərcləyir. Bəzi müğənnilər arasında qonorara görə söz-söhbətlər yaranıb, mən onların məsələsinə qarışa bilmərəm, öz işləridir. Amma öz adımdan deyirəm ki, elə verilişlər var ki, onlar məni dəvət edəndə sponsorlardan hədiyyələr bağışlayırlar.
Bununla yanaşı, bəzi verilişlər artıq evimizə çevriliblər, aparıcıları yaxın dostlarımdır. Mənim də MTV Azərbaycan kanalında verilişim yayımlanır. Proqramıma dəvət etdiyim müğənnilərə sponsorlarımdan hədiyyələr verirəm.
- Siz nə zamansa verilişinizə çıxan müğənniyə qonorar verəsinizmi?
- Əlbəttə, maddi imkanım yaxşı olsa, niyə verməyək ki? Müğənniyə qonorar vermək savabdır, çünki onlar pulu sənətə yatırırlar. Mənsə onlara hədiyyələr verərəm. Qonorar təklifinə gəlincə, buna kanal rəhbərliyi qərar verə bilər, hər müğənninin də özünə uyğun qiyməti olur. Necə ki, toy mərasimlərində müğənnilər öz titullarına görə toy qiymətləri təyin ediblər.
Yuxarıda qeyd etdiyim kimi kanallardakı aparıcıların çoxu yaxın dostlarımdır, onlar mənə deyəndə ki, verilişimizə gəlin, bu gün çox verilişlərə getmirəm, çünki ehtiyacım yoxdur, onlara hörmət xətrinə proqrama qatılıram. Mənə hörmətlərinə görə də onlar verilişimə gəlirlər. Qonorar istəmirlər və üstəlik mənə hədiyyə də gətirənlər olur.
Elə müğənni var, verilişimə gəlib, efirə ehtiyacı yoxdur, amma hədiyyə gətirib. Ona deyirəm ki, mənə niyə hədiyyə gətirmisiz? Sizi dəvət etmək borcumuzdur. Görür ki, onun şəxsiyyətini alçaltmıram, ucuz reklamla gündəmə gətirmirəm. Həmçinin mənim getdiyim verilişlərdə hörmətlə qarşılayırlar, doğum günlərimi efirdə qeyd edirlər, mənə hədiyyələr bağışlayırlar. Belə verilişə can-başla gedəcəyəm. Elə verilişlər də var ki, bizi çağıranda yüksək qonorar verməlidirlər ki, verilişə gələk.
- Yəni qonorar məsələsini siz də dəstəkləyirsiniz...
- Mən lazım olan yerə qonorarla gedirəm, lazım olan yerdən qonorar da tələb edirəm. Hər verilişə deyim ki, qonorarla gəlirəm, xeyr. Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Məni verilişə dəvət edəndə necə deyim ki, qonorar verin, gəlim. Axı, televiziyanın solistiyəm.
- AzTV-də solistlərə pul verilir...
- Bəli, maaş verilir. Yəni demək istəyirəm ki, elə verilişlər var, mənə qonorar vermək borcudur. Elə verilişlər var ki, oraya getmək mənim borcumdur.