11 May 2022 16:27
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) idarə heyətinin ümumi iclasında qurumun sədrliyinə namizədliyi irəli sürülən xalq artisti Rasim Balayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik.

- Rasim müəllim, AKİ idarə heyətinin ümumi iclasında mərhum Rüstəm İbrahimbəyovun yerinə sizin namizədliyiniz irəli sürüldü. Bu haqda nə deyə bilərsiniz?

- Bəli, idarə heyətinin ümumi iclası namizədliyimi təklif edib. Təxminən ayın axırında səsverməyə çıxaracaqlar. Hələlik mənim namizədliyimi təsdiq ediblər. Amma səsvermədə hər kəs iştirak etməlidir. İdarə heyəti təklifi verir və on-on beş gündən sonra səsvermə olur. Səhhətimə görə mənim üçün ağır olan işdir. Amma bildirdilər ki, sizin üçün şərait yaradacağıq. Yəni məni razı saldılar.

Situasiyaya baxdım və düşündüm ki, onları da başa düşmək lazımdır. Rəhmətlik Rüstəm İbrahimbəyov başqa adam idi.

Fikrimcə, baş-başa verib işləmək olar. İdarə heyəti təklif irəli sürdü, səhhətimlə bağlı istədim boyun qaçıram, amma məni razı saldılar.

- Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olduqdan sonra hansı işləri görməyi planlaşdırırsınız?

- Bu barədə dərindən düşünməmişəm. Hər halda, seçkilər baş tutsun, baxarıq. Kino işçiləri bir-birindən çox ayrı düşüb. Ayda-ildə bir dəfə görüşə bilirik, ya yox. Müəyyən tədbirlər planı həyata keçirməliyik. Gəncləri irəli verməliyik. Əsas iş film çəkilməsidir, bu da bərbad vəziyyədədir. Hazırda kino çəkilmir, belə olan halda onun ittifaqı da lazım deyil.

Azərbaycan Kinematoqrafçılar İttifaqının müəyyən səlahiyyətləri var. Bilirsiniz ki, kino çəkilişinə ittifaqın qarışması o qədər də real deyil. Amma tövsiyələrimiz ola bilər. Çünki bizim Azərbaycan Kinematoqrafçılar İttifaqında təcrübəli insanlar var. Onların tövsiyələrinə, məsləhətlərinə qulaq asmaq lazımdır.

Bu gün Azərbaycan kinosu demək olar ki, yox vəziyyətdədir. Düzdür, müxtəkif adamlar seriallar çəkirlər, amma kino öz yolunda deyil. Kino sahəsini öz yoluna qaytarmalıyıq. Ona görə də müştərək çalışmaq lazımdır.

Yaxın günlərdə cənab prezident İlham Əliyev tərəfindən Kino Agentliyi yaradıldı. Onunla mütəmadi əlaqələr olmalıdır. İtirilmiş şeyləri qaytarmaq lazımdır. Çox şeyləri itirmişik.

- Yaxın günlərdə əməliyyat edilmisiniz. Səhhətiniz necədir?

- Hər gün səhhətimlə bağlı yeni bir xoşagəlməz hal olur. Amma hər gün Allaha dua edirəm ki, yaşlanıram, xəstəlik verilir, amma müalicəsi mümkün xəstəlikdən versin.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər