"Avroviziya-2022" mahnı müsabiqəsinin milli münsif heyətlərindən biri idim. Dəyərli sənət adamları Faiq Ağayev, Fidan Hacıyeva, Ülviyyə Bəbirli, Gülnarə Xəlilova ilə iki gecə yarışma boyu iştirakçıları izlədik. Bir çoxunu müzakirə etdik. Bir çox müzakirələrdə həmfikir olduq. Mənim yaradıcılıq sahəmdə bu, bir ilk idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin milli münsif heyətinin üzvü, əməkdar artist Bəhruz Vaqifoğlu bildirib.
Nadir Rüstəmlinin imicini dəyişməsini o da tənqid edib: "Azərbaycanımızı təmsil edən Nadir Rüstəmli malik olduğu artistizmlə, səs tembri və fakturası ilə daha gözəl performans sərgiləyə bilərdi. Bunun üçün çox təəssüflənirəm. Finalda saçının kəsilməsi isə bağışlanmazdır. Düşünürəm buna o özü təkbaşına qərar verməyib.
Mənim üçün İspaniya təmsilçisi ən çılğın və yarışma ab-havasında olan komanda idi. Sanki iştirakçılar arasında yalnız Chanel yarışırdı. Qalanları konsertə oxumağa gəlmişdi.
Münsiflər heyətində olduğum üçün cinsi azliq-cinsi çoxluq məsələlərinə münasibət bildirmək olmur. Amma görünən mənzərələr heç də ürəkaçan deyil. Efir rejissorunun tamaşaçılar arasında hər dəqiqə elələrini tapıb göstərməkdən tutmuş ifaçılara qədər, hətta çox rahat şəkildə bunu tamaşaçılara təqdim etmək... Bu bir uçurumdur. Qoy məni geridə qalmış, nə bilim nə adlansınlar. Amma bu doğru deyil.
Gəlirəm münsif olaraq ən yüksək səs verməyə... Ən yüksək 12 xalı Ukraynaya vermişəm.
Bunun səbəbi odur ki, müharibənin ən qızğın, insanların canları ilə əlləşdiyi bir vaxtda onlar sənətlə məşğul olurlar. Oxuduqları mahnı musiqi ritmindən tutmuş geyimlərinə, səhnə dekorasiyaların qədər milli adəti təmsil edirdi. Çox mükəmməl idi. Siyasi, dini motivasiyanın qadağan olunduğu bu yarışmada onlar bunu necə etdilər, bilmirəm. İncəsənət gerçəkliyi, sənətin gücü budur. Bax belə... Texniki, ya qeyri-texniki idi, deyə bilmərəm.
Amma dediyim muzakirələrimizdən də mənə bəlli idi ki, biz münsif heyəti olaraq Ukraynanı dəstəkləyirik, necə olur, səsvermə zamanı 12 xal Böyük Britaniyaya verilir? Bu, artıq onların səhvi idi və ya oyunu… Hər nəsə. Əsas olan istədiyimiz iştirakçının birinci yerə çıxması idi. Qalan problemləri inanıram yaxın zamanlarda həll edib açıqlama verəcəklər".