Xalq artisti Gülyanaq Məmmədova Özbəkistan prezidenti Şavkat Mirziyoyevin sərəncamına əsasən "Özbəkistanın xalq artisti" fəxri adına layiq görülüb.
Gülyanaq Məmmədova Teleqraf.com-a təəssüratlarını bölüşüb: "Çox sevincliyəm, bilmirəm sevincimdən nə deyim. Bu şad xəbəri Özbəkistanın Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mənə çatdırdı. Bilmədim sevincimi və təşəkkürümü necə bildirim. Çünki getdiyim bütün tədbirlər Samir Abbasovun, hörmətli səfirimiz və millət vəkilimiz Qənirə Paşayevanın dəvəti ilə olub.
Hər birinə təşəkkür edirəm ki, onların sayəsində Özbəkistanda çıxış etmişəm və konsertlər vermişəm. Əziyyətimi bu cür dəyərləndirdilər, bu gün xoşbəxtəm və çox şadam ki, Özbəkistanın da xalq artisti fəxri adını daşıyıram.
Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşümüz olmayıb. Amma Azərbaycanda ölkə başçımız İlham Əliyevin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qarşısında çıxış etmişik. Özbəkistanda son illərdə çox konsertlərimiz olub. Sentyabrın 13-də bacım Gülyaz Məmmədova ilə böyük bir beynəlxalq festivala dəvət almışıq.
Pandemiya vaxtında Özbəkistan-Azərbaycan dostluğuna aid gözəl bir klip "Uluğumsan Vətənim" çəkdirdim.
Özbəkistana olan sevgim öz bəhrəsini verdi. Özbək mahnılarını çox sevirəm və ifa edirəm".