Xalq artisti Faiq Ağayev yutubda yayımlanan Astar TV-də qonaq olub.
Teleqraf.com xəbər verir ki, xalq artisti ad çəkmədən idmançılardan birinin musiqi zövqünü tənqid edib:
"Bir idmançı dostumuz var. Sırf Azərbaycandilli bir insandır. O, yarışından sosial şəbəkədə "Dolya Vorovskaya" mahnısı fonunda video paylaşdı. Deyirəm ki, sən bu mahnıda nə oxunduğunu bilirsən? Deyir ki, dostlarımız bütün günü bu mahnını dinləyirlər. Orada deyilir ki, "Gecə çəpərin altında anam məni doğdu, mənim göbəyimi şeytanlar kəsdi. Mən o vaxtdan oğru oldum. Anam adımı Roman qoydu və indi cibgirəm". Ruscadan tərcüməsi budur. O diksindi...Sən idmançısan və qızıl medal qazanmısan. Yarışda Azərbaycan himni səslənir. Normal mahnı yerləşdir, sənin göbəyini şeytanlar kəsib? Yoxsa Allah etməsin səni anan çəpər altında doğub?! İnsanlarla elə danışmaq lazımdır, bilmədiyini izah edə-edə... Gözümün qarşısında videonu sildi", - xalq artisti qeyd edib.