“Mən sizə bir etiraf edim, indi o dövrə qayıda bilsəydik, o yaşda olsaydım və Təhminə roluna təklif gəlsəydi, qəti ifa etməzdim! Ümumiyyətlə, bir filmin ikinci dəfə çəkilişini, yeni həyat verilməsini sevmirəm. O vaxt saqqımızı oğurladılar deyə razılaşdım. Özüm də istədim. Amma bu ağlımla o dövr olsaydı istəməzdim. Filmi Rasim Ocaqov kimi böyük sənətkar çəkmişdi, bu günə kimi də həmin film sevilir. Kim nəylə razıdır, ya yox, bu başqa söhbətdir. Film sevilir, qəbul olunur. İkinci dəfə o filmin çəkilməsi düzgün deyildi".
Teleqraf.com xəbər verir ki, bu sözləri MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində əməkdar artist Sənubər İsgəndərli deyib:
“7-ci sinifdə oxuyarkən anamı itirmişəm. O mənim nə sənətkar, nə də ana olduğumu görə bildi. Həmişə bir sözü vardı ki, bircə bunu böyütsəydim. Mənə elə gəlir, o sağ olsaydı, heç bəlkə mən bu sənətdə olmazdım. Onun qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox və daha dərin idi. Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac olur”.
Əməkdar artist insanlarla məsafəli davranmasından da danışıb: "İnsanlara qarşı həmişə məsafə var. Zarafatı sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma o məsafəni də qoruyuram. Kimisə yükləməyi sevmirəm. Başıma nəsə gəlsə, kiməsə zəng edim, heç vaxt! Hər kəsin dərdi var, kimisə yükləmək kimi xasiyyətim yoxdu. Çox nadir hallarda bıçaq sümüyə dirənəndə ağzımdan 5-6 cümlə çıxar.
Problemim mənə aiddir. Onu qızıma da demərəm. Hərdən qızıma deyirəm, niyə məni qorumadın? Deyir, özün necəsən, məni də elə böyütmüsən də! Qızıma çox qadağalar qoymuşam, bu günə kimi də çox peşmanam. Bu uşaq mağaza yeri də bilmədi. Məktəb-universitet. Heç nədən xəbəri olmadı. Bəlkə də gözümün ağ-qarası idi, ona görə. Anam da məni elə böyüdürdü. İstədim ki, ağrı-acı nədi bilməsin, amma nahaq yerə etmişəm. Uşağı gözü açıq böyütmək lazımdır".