Əməkdar artist Könül Kərimova ilk dəfə Azad Azərbaycan televiziyasında yayımlanan “Günün sədası” verilişində həyat yoldaşından ayrıldığını etiraf edib.
Teleqraf.com xəbər verir ki, Könül Kərimova bu sözləri deyib: “Mənim ünvanımın sahibi yoxdur. Amma illərdir ki, o ünvanı axtarıram. Bilirəm ki, tapmayacağam. İnsan ümidini heç zaman üzmür. Bu yaxınlarda bir yazıçıdan gözəl söz eşitdim, dedi ki, yanlış bir evlilik bütün ömrün boyu uduzmaq deməkdir".
Əməkdar artist aparıcının "Ailənizi nə qədər qoruya bildiniz" sualına belə cavab verib: "30 il evliliyimi qorumağa çalışdım, hər şey göz qabağındadır. Ona görə bu sənətdə çox şeylərdən geri qaldım. Etiraf edim ki, bunun səbəbi məhz evliliklə bağlı yaşadığım çətinliklərim oldu. Ev qayğıları, narahatçılığım, nigarançılığım var idi. Sənət adamlarını ailədə qorumaq lazımdır. Ağır bir məclisdən çıxıb, yorğun, halsız evə çatırdım. Evdəki problemləri həll etməyə başlayırdım. Gəlib evdə nəyisə hazır gördüyümü xatırlamıram.
Heç bir xanıma güclü olmağı arzulamıram. Gənc olanda bir çox şeylərin fərqinə varmırsan, amma illər keçdikcə, yaşa dolduqca bir sənsən, bir də pəncərədən düşən işıqlar olur. Kimləsə nəyisə bölüşmək istəyirəm, amma o yoxdur. Həyatda bundan çətin heç nə yoxdur.
Elə şeylər var ki, övladla da bölüşə bilmirsən. Bu çətinliklərə artıq qəbul etmişəm. Əslində, bu addımı atmaq o qədər də çətin olmadı. Çünki çoxdan vidalaşmışdım. Elə ilk gündən, yanlış imza atdığımı hiss etmişdim, gec idi. Başa düşdüm ki, evlilik sadəcə kağız üzərində olmur. Səhvimi çoxdan hiss etmişdim. Hara qədər bacardımsa, oraya kimi daşıdım. Çox səliqəli sağollaşdıq. O, məktub yazdı ki, bağışlayın, olmadı...”
Qeyd edək ki, Könül Kərimova xalası oğlu ilə ailə qurmuşdu. Cütlüyün iki övladı var.