16 Mart 2023 09:49
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıc-aktyor Şəhriyar Əbilov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Şəhriyar bəy, baş rolunu canlandırdığınız "Evdə qalmış" filmi təqdim edildi. Film insanlar tərəfindən necə qarşılandı? Ümumiyyətlə, filmin mesajı nədir?

- Bəli, "Evdə qalmış" filmini təqdim etdik. Ekran əsəri kinoteatrlarda yayımlanır. Filmdə mental dəyərlərə toxunulub. Adətən, qohum-qonuşlar insanların şəxsi həyatına müdaxilə edirlər. Soruşurlar ki, "ay bala, nə vaxt evlənirsən?", yaxud “niyə evlənmirsən, sənin nə problemin var?"

Mənim də öz şəxsi həyatımla bağlı illərlə bu suallar olub. Anama deyirdilər ki, Şəhriyar niyə evlənmir, evlənməməsinə səbəb nədir? Onlara təəccüblü gəlirdi, halbuki hər kəsin öz şəxsi həyatı var. Həyatda hər şey istədiyimiz kimi olmur. Dünyana, ruhuna yaxın xanım qarşına çıxanda qərar verirsən ki, mən artıq istədiyimi tapmışam, anam-atam, hazıram.

Şəxsi həyatım haqqında heç nə danışmaq istəmirəm. Bu gün də azad insanam, sabah həyatımda ruhuma yaxın bir insan olanda, sözsüz ki, ailə quracam.

- Yaxın günlərdə yenidən ailə qurmağı düşünürsünüz?

- Gözləyirəm o xanım gəlib çıxsın, hər kəsin bir yarı var. Mən buna inanıram. İnsan daxilən evlənmək istəyəndə həmin xanım gəlir...

- Xanım seçimində çox götür-qoy edirsiniz?

- Əfsus ki, yaş ötdükcə insan seçici olur, "kapriz"ləri çoxalır. Məni də hər adam bəyənə bilməz.

- Sizə yox deyən xanım olub?

- Söhbət “yox” sözündən getmir. Mənə yox deyən xanım olmayıb, amma bir çoxlarl tanınmış insan olduğuma görə gündəmə gəlməkdən qorxur. Məsələn, gözəl bir ailənin qızı var, sabah səninlə ailə qurmaq istəsə, tanınmış olduğuna görə narahatlıq keçirəcək. Səni hamı tanıyır, çoxlarının rəğbətini qazanmış bir bəysən. Bu, onu qısqandıra bilər. Yaxud şou-biznes əhli kimi qəbul edərlər.

Şou-biznesin bütün tərəfləri işıqlı deyil, qaranlıq məqamaları da var. Şou-biznesdə bəzi çirkabların olması heç kəsə sirr deyil. Çoxları isə elə bilir ki, bir insan şou-biznesdədirsə, deməli, çirkabın içindədir. Başa düşmürlər ki, özlərini qoruyan insanlar da var.

Həmişə çirkabdan kənarda dayanmağa, mənliyimi dəyişməməyə çalışmışam. Qürurum olsun, pula görə hər şeyə getməyim. Necə ki verilişlərdə aparıcılar pula görə hər cür "artistlik" edirlər. Mən özümü qorumuşam. Bu günə qədər aparıcılıq etdiyim verilişlərimin hamısı faydalı olub.

Hazırda “1 AzTV” verilişinə aparıcılıq edirəm. Bu verilişdə özümə qoyduğum qadağa heç bir kanalda olmayıb. Hər adamı verilişə dəvət etmərəm. Kanalımızın da öz daxili senzurası var. Əgər bir insanın cəmiyyətdə reputasiyası yaxşı deyilsə, onu dəvət edib, onunla ağıllı-ağıllı danışıb, camaata məsləhətlər versə, bizə nə deyərlər? Necə ki başqa kanalların ünvanına deyirlər, filankəsləri efirə dəvət edib, ona həyati suallar verirsiniz, o da həyatdan danışmağa başlayır. Sən öz həyatını düzəlt, sonra məsləhət ver.

Hər kəsin həyatında qaranlıq və mənfi tərəflər olur. Mən özüm belə bu gün ağıllı-ağıllı danışa bilmərəm. Bunun da səbəbləri var. “Evdə qalmışlar” filmində bütün real həyatda, məişətdə nələr varsa, hamısı göstərilib. Ailələr övladlarını məcbur edirlər ki, tez evlənsinlər.

Ana qızına deyir ki, 30 yaşın olanda ailə qurmasan, bu evdən qan çıxacaq. Qız da məcbur qalıb deyir ki, məni kimə istəyirsən verin. Biz bunları göstəririk ki, valideynlər nəticə çıxarsınlar, övladlarını məcburiyyət qarşısında qoymasınlar. Hər insanın öz vaxtı var. Övladlarınıza düzgün məsləhət verin, hər bir işində, uğrunda yanında olun, amma onu yükləməyin.

Film bu tip çox suallara cavab verib. Filmdən son səhnəni danışım, deməli, xoşbəxtik, küçədən keçəndə qonşular soruşurlar ki, bir şey var?.. Biz bəlkə bir-iki ildən sonra valideyn olmaq istəyirik? Axı, niyə həyatımızın intim tərəflərinə toxunursunuz? Bu, etik qaydalara uyğun deyil. Biz filmdə bunları göstərmişik ki, insanlar nəticə çıxarsınlar.

Filmdə çoxları özünü görüb tanıyacaq. Bəlkə utanıb hərəkətlərindən əl çəkən olacaq? Bir çoxlarımız artıq başa düşmüşük ki, “nə qədər maaş alırsan?" sualını vermək olmaz. Artıq kiməsə "niyə evlənmirsən" sualını vermirəm.

Hər kəsin öz vaxtı var, sən deyən kimi gedib, evlənəcək? Onu da deyim ki, filmimizə tamaşaçıların reaksiyaları çox gözəldir.

- Filmi kinoteatrda izləyənlərin fikri...

- Mən “Sevgi romanı", "Lal yuxu" və "Evdə qalmışlar" filmlərində oynamışam. Onu da deyim ki, “Evdə qalmışlar" filminin ikinci hissəsi də çəkilə bilər. O daha macəralı olacaq. Bu haqda filmin rejissoru Valeh Əhmədov özü qərar verəcək.

Bizim filmimizin fərqi ondandır ki, bütün ailəni baxmağa dəvət edirik. Çox vaxt deyirlər ki, ailənizlə gəlin filmə baxın. Amma sonra görürlər ki, uşaqlara aid olmayan və göbəkdən aşağı yumor var. “Evdə qalmış” filmi sırf ailəvi ekran əsəridir.

- Ümumiyyətlə, sevgi adamısınız?

- Deməzdim, sevgi adamıyam. Heç özüm də bilmirəm, sevgi adamıyam, yoxsa yox. Daxilimdə bir romantika var. Sözsüz ki, ürəkləri fəth edən bir tip də var. Mən heç vaxt ondan istifadə etməmişəm. Yəni heç vaxt qəlbləri oğurlayıb aldatmamışam. Qarşı tərəfə həssas yanaşmışam. Fikirlərimdə sərbəst və açıq sözlü olmuşam. Romantik olduğum qədər də macəranı sevən dəlisov birisiyəm. Baxır adamına… Baxır ki, həyatda hansı obrzadayam. Həyat özü bir roldur.

- Hazırda hansı roldasınız?

- Cəmiyyətə düzgün informasiya verən şəxs rolunda... Ona görə ki, qarşımda media nümayəndəsi oturub. Hər şeyin yerini bilmək lazımdır.

- Şəxsi həyatda qızlar tərərfindən sevilən, yoxsa arzulanmayan biri olmusunuz?

- Qızların çox vaxt sevdiyi şəxs olmuşam...

- Ən uzunömürlü sevgi münasibətiniz nə qədər çəkib?

- Həyatımda olan insanı hamınız bilirsiniz. Ən qısa sevgi münasibətim isə ola bilsin, məktəb illərinə təsadüf edib. Bəzən bir, yaxud iki gün... (Gülür).

- Hər zaman diqqət mərkəzində olmaq sizi yorurmu?

- Artıq öyrəşmişəm, diqqət mərkəzində olmaq məni qidalandırır. Bu, mənim həyatımın bir hissəsidir. Tənhalığı yox, cəmiyyətdə olmağı sevirəm.

- Depressiyaya düşürsünüz?

- Nadir hallarda depressiyaya düşürəm. Çətin anlarım olub, amma onun nə zaman baş verdiyini deməyəcəm. Şükür ki, depressiya az çəkdi, sürətlə keçib getdi.

- Siz də gec ailə həyatı qurdunuz. Ümumiyyətlə, gənclərin gec ailə qurmasının səbəbi nədir, sizcə?

- Əksər hallarda maddi imkanlarla bağlı olur. Yaş ötdükcə dərk edirsən ki, insan ailə qurmağa hazır duruma gəlməlidir. Həyat yoldaşını təmin etməli, haqqını ödəməlisən. Gənclər ailə üçün formalaşmalıdırlar. Sabah övladı olanda ata olmağı bacarmalıdırlar.

Bilmirəm, gənc yaşda bu məsuliyyəti hiss edirdim, ya yox. Amma bu gün oğlum Osmanın məsuliyyətini çox hiss edirəm. İşimlə bağlı övladımı bir gün görməyəndə səhərin tez açılmasını istəyirəm. Mən ata kimi övladıma olan haqqımı ödəməliyəm. Sabah mənə sual verməsin ki, ata, mənə niyə vaxt ayırmadın?

Mənim də ata-anam var, onları sevirəm. Həmişə atam ciddi olub, amma mən oğlumla dost olmağa çalışıram. Özümün yaşamadıqlarımı oğluma göstərmək istəyirəm.

Övladı sağlam böyütmək üçün ona dost olmalısan. Uşağa nə qədər qadağa qoyub, ona qarşı sərt oldunsa, o qədər özünü ondan uzaqlaşdırırsan. Sabah o problem yaşayan zaman səninlə bölüşməyəcək. Belə bir söz var, “oğul anasını, qızlar atasını çox sevir”. Bəlkə ata sərtliyi, ciddiliyi qızların xoşuna gəlir. Oğul isə ona daha yumşaq yanaşanın yanına gedir.

Bu gün hər ikimiz valideyn olaraq Osmanla çox mehribanıq, onun dostuyuq. İstəyirəm ki, o, heç vaxt problem hiss etməsin.

- Həyatda nəyə peşmanısınız?

- Həyatda məni peşman edən problemlərim olub. Amma zamanla həmin problemlər göstərib ki, yaxşı tərəfləri də var.

- Necə düşünürsünüz, boşanmaların sayının çoxalmasında günah kişilərdə, yoxsa xanımlardadır?

- Çox vaxt kişiləri günahkar bilirlər. Mənə görə kişi də, qadın da günahsız ola bilər. Hər kəsin öz həqiqəti var. Hər şeyi zamanında bir-birinə deməyi, müzakirə edib qərar verməyi bacarmalıdırlar. Xanımlara tövsiyə edirəm ki, rəfiqələrinin sözünə qulaq asmasınlar, eləcə də dostların... Cütlüklər bir-birinə olan münasibəti öz aralarında həll etməlidirlər. Sadə dillə desək, beyin dolduran bir kəslə yaxın olmamalıdırlar. Belə hallar ailəni dağıtmağa gətirib çıxarır.

Kişilər nə istəyir? Rahatlıq. Kişini çox yükləyəndə qaçır. Təbii ki, kişi-qadın münasibətlərində balans qorunmalıdır. Ağıllı qadın öz ağlını həyat yoldaşına nümayiş etdirmir, kişini üstün göstərib, özünə tabe etməyi bacarır. “Min bir gecə” nağıllarındakı Şəhrizad kimi.

Ağıllı qadın ailənin sistemini idarə edir, həyat yoldaşını kişi kimi yüksəkdə tutur. Belə qadın həyat yoldaşını lider edir.

Qadınsız kişi yarımçıqdır, kişi də olmasa qadın tamamlanmır. Kimin güclü olmasından söhbət getmir. Amma hər dəfə ağıllıyam deyib, kişinin səhvlərini üzünə vursun, onun danışığında nöqsan axtarsın, bu, düzgün yanaşma tərzi deyil. Onda kişi özünü zəif hiss edir.

Kişini ucaltmaq lazımdır ki, qadın özü də ucalsın. Əslində kişi də, qadın da öz yerini bilməlidir. Ailənin təməlini möhkəmlədənsə qadındır.

- Şəhriyar Əbilov həyatının "sevgi romanı"nı necə tamamlamaq istəyər?

- “Sevgili romanı”nın tamamlanması üçün bir çərçivədə şəkil olmalıdır. Məsələ, 80 yaşında ər-arvad əl-ələ tutub gedirlər. Bu mənim tamamlanmalı olduğum sevgidir. İnşallah, o günü gözləyirəm və yəqin ki, olacaq.

- Xanımlarla bağlı hər hansı kriteriyanız varmı?

- Artıq kriteriyam yoxdur. Bir də gördünüz elə xanım bəyənib, cəmiyyətə təqdim etdim ki, düşünəcəksiniz Şəhriyar o xanımı necə bəyənib?! Deməli, ruhlarımız uyğun gəlib. Həyatdır, bilmək olmur. Gözəllik dəlisiyəm, viziuallığa önəm verirəm. Rəssamam və bu, məntiqli yanaşmadır. Amma rəssamlar detalları sevirlər, tam görünüşü yox.

- Dövlət televiziyamızda “1AzTV” şousunun aparıcısınız. Son zaamnlar televiziya aparıcılarımızın səviyyəsi tənqid hədəfidir. Bu haqda nə deyə bilərsiniz?

- Təmiz, qüsursuz danışan aparıcılarımız var. Dövlət kanalında çalışdığımıza görə qüsursuz danışmağa çalışırıq. Amma sərbəst şou aparıram deyə çox akademik tərzdə danışmamağa çalışıram.

Bəzi kanallarımızda aparıcıların çoxu nə danışıq tərzini bilir, nə də düzgün mövqedədirlər. Cəmiyyəti sağlam etmək üçün islahatlar aparılmalıdır. Onu da deyim ki, başqa ölkələrə nəzər salanda bizdə “TikTok” platforması biabırçı vəziyyətdədir. Artıq sağlam düşüncəli insan “TikTok”dan istifadə etməyə çəkinir. Qorxur deyəcəklər ki, sən də “TikTok”dan istifadə edirsən. Bu kimi məsələlərə diqqət edilməlidir.

- Qarşıda nə kimi planlarınız var?

- Yeni film təklifləri var, onu dəyərləndirəcəm. Ata obrazını canlandırmağı çox istəyərdim. Bizim filmlə insanlar artıq kinoteatra gəlməyə başlayıblar. Buna həmkarlarımız da sevinməlidirlər. Kinoteatra həvəslənib gələn insanlar sabah onlar çəkəndə də gələcəklər. Bu hamımızın uğurudur.

- Sizi rejissor Emil Quliyevin çəkdiyi ekran əsərlərində görmək istəyərik…

- Emil Quliyevdən təklif olsa, dəyərləndirərəm.


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova