Tanınmış aktyor, rejissor Hikmət Rəhimov açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Hikmət Rəhimov "Belə-belə işlər"ə müsahibəsində ilk dəfə 2016-cı ildə Akademik Milli Dram Teatrından getməsindən danışıb:
"Teatrda bir rejissor dörd-beş aktyorla işləyir. Bəs o birilər? Axı, onların yaşı, ömrü gedir. Bu peşəyə gələndə bilirdim ki, burada pul yoxdur. Amma fikirləşirdim ki, pis aktyor olmasam, ən azından dolanaram. Aktyorun işi olmayanda, oturub kiminsə arxasınca danışmalıdır, paxıllığını etməlidir. Çünki adam işləməlidir ki, başı işə qarışsın. Dünyanın hər yerində belədir, teatrda işləyən kimsə kimsəni həzm edə bilmir.
Baxmayaraq ki, Akademik Milli Dram Teatrı bizim məmləkətin mayakıdır, böyük bir teatrdır. Bir teatrda bir rejissor yox, minimum üç rejissor işləməlidir. Birini güclə tapırlar. Bir rejissor da dörd-beş aktyorla işləyir. Dəqiq bilirəm ki, o adamın məni görməyə gözü yox idi. Çünki özü mənə demişdi ki, komandamızda sən yoxsan. Əslində, bu, normal haldır, hansısa rejissorun komandasında yoxamsa, bu o demək deyil ki, o nə edirsə, paxıllıqdan edir.
Özüm təklif etdim ki, yaxşı, komandanızda yoxam, mənə rol verməyin.
Hətta qanunda var ki, 1 il akademik məzuniyyət götürə bilərəm. Bir il gəlməyim, gözünüzə görsənməyim. Kloun gedə bilmirəm, tamada ola və məclis apara bilmirəm. Buradan aldığım quru maaşa ehtiyacım var. Gördüm ki, ona kar eləmir.
Həmin ərəfədə Fuad Poladovla danışdıq, dedim, onların komandasında deyiləm, mövzu elə tərəfə gedir ki, buradan kənarlaşmalıyam. Dedi ki, səni işdən çıxarsalar, mən də gedəcəyəm. Mübahisə oldu və əllərində fürsət düşdü. Məni naddə ilə işdən çıxarmaq istədilər. Dedim, maddə lazım deyil. Mən də belə bir cümlə yazdım, onu mənə Fuad Poladov demişdi: "Mən belə yaradıcı mühitdə işləmək istəmirəm". Beləliklə Akademik Milli Dram Teatrı ilə vidalaşdıq.
Ərizəmi oktyabrın 5-də yazdım, həmin gün Fuad müəllimə mənə zəng elədi ki, ayın 28-də tamaşamı salıblar, "Müsyo İbrahim". Əgər icazə versən, o tamaşanı oynayım və bir daha o teatra ayaq basmayım. Əgər onlar bunu sənə qarşı etdilərsə, ən böyük səhvlərini etdilər. İllər keçib və Fuad müəllim haqq dünyasındadır.
Tallinə tamaşa oynamağa getmişdim. Fuad Poladovun xatirəsinə "Köhnə telefon" tamaşasını Estoniya Dram Teatrında oynadıq. Teatrın rəhbəri mənə dedi ki, bir dekorasiyanın qiyməti 80 min avrodur. Teatrımda 2-3 sənin kimi aktyor var, ya yox. Sən bura gəl. Mən də dedim ki, yaşadığım məmləkətdə heç bir teatra lazım deyiləm, verdiyi dəyərə görə çox sağ olsun.
Təsəvvür edirsiniz ki, burada bir teatrın qapısını döyüb, deyə bilmirdim belə bir tamaşam var, heç olmasa icazə verin burada oynayaq. Adam var ki, 30 ildir direktordur. Onun Azərbaycan teatrınım düzəlməsinə heç vaxt marağı ola bilməz".
Aktyor onu da deyib ki, "Əqrəb mövsümü"nün teatr və kino sahəsinə xeyri olmalıdır: "Belə bir ajiotajın olması yaxşı haldır. Demək, insanların zövqü var, baxırlar və bunun ardını gətirmək lazımdır. Bunun üçün də pul lazımdır. Aktyor gözləməlidir, ssenari yazılmalıdır. Ona iş təklif olunmalıdır. O da seçim etməlidir, hansı ssenari xoşuna gəlib, qonorar məsələsi və sair. Hər aktyor həm də özünün prodüseri olmalıdır".
Hikmət Rəhimov şəxsi həyatından da danışıb: "25 yaşımda ailə qurmuşam, iki övladım - bir qızım, bir oğlum var. Dəqiq bilirəm ki, heç biri bu sahəni istəmir. Onların xaricdə təhsilini təmin etməliyəm. Bu peşədə də pul yoxdur. Ən ağrılısı çörək almağa da pul yoxdur. Vəziyyət budur. Bir müddət onu da yaşamışıq".