Xalq artisti Mənsum İbrahimov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Mənsum müəllim, İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub. Siz mərasimin bədii hissəsində konsert proqramı ilə çıxış etmisiniz. Təəssüratlarınızı eşitmək istərdik.
- İsraildə Azərbaycan səfirliyinin açılış mərasimi çox gözəl keçdi. Tarixi bir anın şahidi və iştirakçısı olduq. Tədbirə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, digər rəsmi şəxslər, millət vəkillərimiz, İsrailin dövlət nümayəndələri də qatılmışdılar. Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı oldu.
Mənim rəhbərik etdiyim "Qarabağ" muğam qrupu, ansambl üzvləri, xalq artisti Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov, Kamran Kərimov, eyni zamanda iki vokalçımız - Aqşin Abdullayev, Nərgiz Kərimova, bundan başqa, əməkdar aristlər Nərgiz Əliyeva, Sahib Paşazadə və Ceyla Seyidova da konsert proqramında iştirak edirdilər. Konsert çox gözəl keçdi.
Təəssüratımız çox böyükdür. İsrail dövləti bizə hər zaman dəstək olub. 44 günlük müharibədə də ölkəmizə dəstəyini əsirgəmədi.
Biz bütün ölkələrlə dostluq şəraitində yaşamışıq. İsraillə də münasibətimiz hər zaman yüksək səviyyədə olub. Düşünürəm ki, səfirliyin açılması ölkələrimiz arasında dosltluq münasibətinin daha da inkişaf etməsi üçün çox böyük təkan olacaq. Həm turizmə, həm də ölkələrimiz arasında inkişafa böyük töhvə bəxş edəcək.
- İsraildə səfirliyimizin açılmasını yəhudi xalqı necə qarşıladı?
- Yəhudi xalqı sözün əsl mənasında bayram edirdi. Bizi çox gözəl qarşıladılar, kollektivimizə isti münasibət göstərdilər. Orada Bakıdan köçmüş çoxlu yəhudilər var. Bizə deyirdilər ki, ikinci vətənimiz Azərbaycandır. Çıxışlarınıza daim baxırıq, televiziyalarınızı izləyirik. İsraildə toy məclislərində, şənliklərdə Azərbaycan musiqisi çox populyardı. Hamısı yaxınlaşıb bizimlə şəkil çəkdirirdilər. Özləri bir-birini, eyni zamanda bizi təbrik edirdilər. İki ölkə arasında münasibətin qurulmasına sevinirdilər.
Görüşlər keçirdik. Dostlarımıza disklərimizi hədiyyə elədik. Nümayəndə heyətimizlə müqəddəs məkanlara baş çəkdik. Qüdsdə müqəddəs yerləri ziyarət etdik. Xalqımız, dövlətimiz üçün duallar etdik. Allah ölkəmizi, dövlətimizi, millətimizi qorusun. Bu hadisənin Ramazan ayına təsadüf etməsi fərqli bir hiss yaradırdı. Ölkəmizə gözəl təəssüratlarla qayıtdıq.
- İsraildə Azərbaycan barədə əsas fikir nədi?
- Deyirlər ki, özümüzü Azərbaycansız təsəvvür etmirik. Bildirdilər ki, Azərbaycanda olanda özümüzü təhlükəsiz hiss edirik. Azərbaycana gedəndə elə bilirik ki, öz ölkəmizdəyik.
Ölkəmizin nə qədər qonaqpərvər olduğunu və onlara olan xoş münasibəti də vurğuladılar.
Azərbaycan səmimi və başqa millətlərə dost kimi yanaşan tolerant bir dövlətdir. Yəhudi xalqının haqqımızda yüksək fikirdə olması bizi çox sevindirir.
- Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohen də iştirak edib.
- Bəli, tədbirdən sonra nazirimiz Ceyhun Bayramov bizə yaxınlaşıb təşəkkürünü bildirdi. Konsert proqramında qələbəmizin simvolu olan "Qarabağ", "Yaşa mənim xalqım", "Ay Laçın" mahnılarını oxuduq. Yəhudi tamaşaçılar bu mahnıları bizimlə birlikdə oxuyurdular. Bu sevinməmək mümkün deyildi.
Musiqimizə, mədəniyyətimizə sözün əsl mənasında sevgi budur. Bizə xoş idi ki, yəhudi xalqı Azərbaycan mahnılarını əzbər bilirdilər və bizimlə birlikdə oxuyurdular.
- Nazir Ceyhun Bayramovla əlavə dialoqunuz oldumu?
- Bəli, nazirimizlə təssüratlarımızı bölüşdük. Hamımızın ovqatı eyni idi. Bir vətəndaş olaraq mən də öz təəssüratımı bildrdim ki, bu, tarixi hadisədir.