Xalq artisti Məleykə Əsədova Azər Paşa Nemətovla bağlı sosial şəbəkədə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, sənətçi İnstaqramda bu sözləri yazıb:
"Aprelin 21 və 22-də Akademik Milli Dram Teatrında çox sevilən "Xurşudbanu Natəvan" tamaşası sizlər, teatr sevənlər üçün nümayiş ediləcək. Tamaşanın quruluşcu rejisoru hər zaman qəlblərdə yaşayacaq böyük sənətkar xalq artisti, şərəf və şöhrət ordenli rejisorumuz Azər Paşa Nemətovdur. Allah sizə rəhmət eləsin. Sənətkar həyatı budur, dünən səhnədə idi, bu gün isə imza qoyduğu tamaşalarla qəlblərdədir. Sizin alqışınıza, oyunum haqqında söylədiyiniz gözəl sözlərə ehtiyacım olacaq. Aprelin 23-də də "Mənim günahım" tamaşası ilə səhnədə olacam, Allah izin versə. Azər müəllim, demişdiniz, sən səhnədə ol. Onsuz da həyatımı, ömrümü səhnəyə, sənətimə həsr etmişəm. Həyat, sən nə qəribəsən".
Qeyd edək ki, Azər Paşa Nemətov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru idi. O, aprel ayının 9-u vəfat edib.