Müğənni Hiss İTV-də yayımlanan "3D" verilişində Dadaş Dadaşlinskinin qonağ olub.
Teleqraf.com xəbər verir ki, Hiss "TikTok" sosial platformasının gənclərin zövqünü korladığını deyib: "TikTok" gəncləri korlayıb. Orada məşhurlaşmaq asandır. Ona görə də insanlar əlindən gələn hər şeyi edirlər ki, məşhur olsunlar".
Hiss həmkarlarından da danışıb: "İfaçıların səviyyəlisi və səviyyəsizi də var. Səviyyəsiz görsənib, səviyyəlisini də görmüşəm. Eləcə də kənardan baxanda səviyyəli görürsən, danışanda baxırsan ki, boşdur".
İfaçı aparıcının "Uşaq evindən çıxanların hamısı bacı-qardaşlarımdır" sualına belə cavab verib: "Bir yerdə böyüdüyüm uşaqların hamısının arxasındayam və hər zaman onlarla əlaqə saxlayıram. Bizə gəlirlər. Dünyada da belədir, bütün uğurlu insanların valideyləri ilə problemləri var. Həyatın yaxşı olanda sən yaxşını axtarmayacaqsan. Amma pis olanda sən axtarışa çıxacaqsan, daha yaxşısını axtaracaqsan. Təbii ki, özünü kəşf etməyə meyillisənsə. Həyatın dramatik olmalıdır ki, sən düşünəsən".
Müğənni Uşaq evlərinə getmədiyini də deyib: "Uşaq evlərinə baş çəkməmişəm, amma düşünürəm. Hətta gələcəkdə övladlığa uşaq da götürməyi düşünürəm. İnşallah sənədlərdə bir problem çıxmaz”.
Müğənni 3 saylı Uşaq evində baş verən məsələyə də münasibət bildirib: "Bu kimi hal həmişə olub, sadəcə indi işıq üzünə çıxarıblar. Heç kimi qınamıram, direktoru da. Amma bir uşağa baxa bilmirsinizsə, işdən çıxın. Əminəm ki, o uşağın heç bir problemi yoxdur. Hamı kimi onun da hər hansısa tramvası ola bilər".