Xalq aristi Siyavuş Aslanın oğlu Eldar Aslanov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Qardaşınız Çingiz Aslanovun nəşi beş gün morqda qaldı. Bu haqda nə zaman məlumatınız oldu?
- Bu haqda dünən saat 11-də məlumatım oldu. Qardaşımın ölümünü bilən kimi tədbirimi gördüm. Əvvəl inanmadım və yalan olduğunu düşündüm. Amma Afaq Bəşirqızı, Kübra Əliyevaya zəng elədik. Mədəniyyət Nazirliyinə müraciət etdik. Səhər nəşi morqdan götürülüb, Təzə Pir məscidinə gətirildi.
- Qardaşınız ilə nə sonuncu dəfə nə zaman əlaqə saxlamısınız?
- Çingiz ilə sonuncu dəfə iki il əvvəl danışmışdıq. Sonra telefonunu atmışdı və əlaqə saxlaya, görüşə bilmirdik.
- Niyə Çingiz Aslanov səfil həyat tərzi yaşamaq vəziyyətinə gəldi? Siz dəstək olmağa çalışdınızmı?
- Uşaqlıq illərindən, 16 yaşından yaşından bu yolun yolçusudur. 20 yaşından həbsdə olub, dəfələrlə xəstəxanalarda müalicə alıb, amma nəticə olmayıb. Bu adam öz iradəsi ilə bu həyatın yolçusu olub. Biz tərəfdən nə var idisə satdı. Mən də əlimdən gələni etdim. Mən dörd ildir ki, işləmirəm. Amma buna baxmayaraq dəstək oldum. Semaşko Xəstəxanasının baş həkiminə müraciət etdim. Sağ olsunlar, tədbir gördülər. Bir ilə yaxın xəstəxanada saxladılar. Bizdən bir manat almadılar. Mənim də maddi imkanım olsaydı təbii ki, kömək edərdim. Onun üçün ev də tutardım, pul da verərdim. Amma bu imkanım yox idi.
- Bir müddət əvvəl şəhərdə təsadüfən qardaşınız Çingiz Aslanovla rastlaşmışdım. Mənə bildirdi ki, siz atanızın mənzilini satıb, Amerikaya getmisiniz. Bu doğrudurmu?
- Xeyr. Əvvəl məni aldatdı ki, mənzili kirayə verəcək. Özümü də qoymadı orada yaşamağa. Dedi ki, başına çarə qıl, mənzili kirayə verirəm. Atamın vəfatından sonra bizdən aralandı. Ondan sonra da altı-yeddi ay içərisində kirayə verdi-vermədi, bilmədim. Sonra xəbər aldım ki, evi satıb. Pulu dağıtdı.
- Çingiz Aslanov sığınacağa da yerləşdirilmişdi...
- Bəli, dərd kömək edənlərin dərdi deyil. Dərd odur ki, yazıq, iradəsi olmayan, xəstə adam idi. Sığınacaqda da müəyyən hərəkətlər edirdi. Camaata işgəncələr, əziyyət verirdi. Gah camaatın cibinə girirdi, gah qışqırırdı. Pis gündə gəlirdi. Sonunda dözmədilər və heç yerdə saxlamadılar. Belə baxanda ona köməklik edirdilər. Aparıcı Zaur Baxşəliyev, Elgiz Əkbər də ona kömək elədi. Mən də əlimdən gələni etdim.
- Bu vəziyyətə düşməsinə nə səbəb oldu?
- O, göründüyü kimi yaşamaq istəyirdi. 15-16 yaşından obrazı yaratdı və o yolun yolçusu oldu. Həbs həyatı, lotuluq, xuliqanlıq, narkotik qəbul etmək, iynə vurmaq və s. nələr... O yolunu seçdi və biz çəkindirə bilmədik. Rəhmətlik atam nələr etmədi ki, yolundan çəkindirsin, amma bacarmadı. Valideynlərim öləndən sonra hesab elədim ki, biz birləşərik. Çingiz böyük qardaşımdır. O böyüklük, ağsaqqalıq edər. İtki adamı yaxınlaşdırır. Amma gördüm ki, yox uzaqlaşdı. Buna baxmayaraq yenə də zəngləşirdik. Amma dediyim kimi son iki ildə əlaqə saxlamırdıq. Telefonları sındırdı satdı....
- Sizin Amerikada yaşadığınızı və bizneslə məşğul olduğunuzu demişdi. Bu nə dərəcədə doğrudur?
- Onun yalanları ifrat dərəcəsindədir. Bir gün bu barədə danışacam. Mən 2019-cu ildən Bakıdayam. Yalandan deyirdi ki, Rusiyada iş adamıyam. Bunlar hamısı yalan və cəfənfiyyatdır.