8 May 2023 11:43
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizi "Avroviziya 2023" Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edən Tural və Turan Bağmanovların müsabiqənin ötən gün açılış mərasimindəki geyim tərzi tənqid edilib.

“Avroviziya 2023" müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova Teleqraf.com-a açıqlamasında tənqidə münasibət bildirib:

“Buna rəsmi açıqlama deməzdim, amma şərh verə bilərəm.

Öncə qeyd etmək istərdim ki, həmin geyimlər səhnəyə deyil, firuzəyi xalıya, yəni müsabiqənin açılış mərasiminə uyğun bilinib. Mahnımızı və səhnə obrazını tamamlayan və birinci rəsmi məşqdən sonra ictimaiyyətə təqdim olunan səhnə paltarları isə dəyişilməz olaraq qalıb.

"Avroviziya" incəsənət tədbiri olduğundan, burada geyilən geyim də özünə görə incəsənətdir, obraz kimi qəbul olunmalıdır və olunur da. Təmsilçilərimizin həm səhnə geyimi, həm də xalıdakı libasları bizim azərbaycanlı dizayner tərəfindən yaradılıb və bunu biz burada fəxrlə qeyd edirik.

“Avroviziya”da bu il Azərbaycan təmsilçilərini qeyri-rəsmi olaraq ən zövqlü iştirakçılar adlandırırlar. Təbii ki, hər kəsin şəxsi fikrinə haqqı var, amma diqqət yetirsəniz, geyim nə açıq-saçıqdır, nə də həddindən artıq eksentrik. Müsabiqə çərçivəsində, beynəlxalq ictimaiyyət tərəfindən bizim bu ilki obrazlar böyük maraq və müsbət şərhlərlə qarşılanır.

Əlavə edim ki, təmsilçilərimiz öz geyimlərindən razıdırlar. Bildiyiniz kimi, bu günlərdə müsabiqənin ən vacib anlarını yaşayırıq və təmsilçilərimizə geyimə görə tənqid yox, hərtərəfli dəstək və müsbət enerji lazımdır. Ümid edirəm ki, həmvətənlərimiz "Avroviziya"nın incəsənət tədbiri olduğunu yaddan çıxarmayacaqlar”.

Qeyd edək ki,Turan və Tural Bağmanovların geyim tərzi üzərində dizayner Aysel Sadıqova çalışıb. Görünüşü üzərində isə Fuad Hacıyev və Niko Lab işləyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər