21 İyun 2023 15:15
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-aktyor Şəhriyar Əbilov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibıni təqdim edirik:

- Yaxın günlərdə Hindistanda filmə çəkildiniz. Bu haqda məlumat verməyinizi istərdik.

- Bəli, Azərbaycan mədəniyyət tarixində yeganə insanam ki, Bollivuda dəvət aldım. İkincisi, bilirsiniz ki, Azərbaycanda Hindistan filmləri çəkilir. Dəfələrlə bizim aktyorlar o filmlərə çəkiliblər. Bu normal haldır. Mən Hindistanın məşhur aktyoru Salman Xanın prodakşını tərəfindən çəkilən ekran əsərində rol aldım.

- Çəkiliş zamanı Salman Xanla görüşmək şansınız oldu?

- Xeyr, Salman Xan Amerikada idi. Onun qardaşı və prodüseri ilə tanış oldum. Gələcəkdə iş birliklərimiz olacaq. Ona görə də ingilis dilimi mükəmməlləşdirmək lazımdır, onun üzərinə düşmüşəm.

- Bu layihə necə baş tutdu?

- Burada çəkiliş zamanı azərbaycanlı iş adamını canlandıran aktyor axtarıblar. Beləliklə, məni tapıblar. Onlara isə deyiblər ki, aparıcıdır, aktyor deyil. Sizdən çox pul istəyəcək. Amma birtəhər qonorar məsələsində razılaşdıq.

- Qonorarın məbləğini açıqlaya bilərsiniz?

- Onu deyə bilmərəm. Bu məsələdə razılaşdıq və Bakıda çəkilişlər oldu. Daha sonra Hindistanda davam etdi. Mumbay şəhərinə səfərimiz oldu. Filmdə baş qəhrəman deyil, epizodik rolda oynayıram. Böyük bir epizoddur. Dediyim kimi azərbaycanlı işadamını canlandırıram.

Baş qəhrəman qız mənim telefonumdan bəzi məlumatları oğurlamaq üçün əlindən gələni edir. Məni öz cazibəsi ilə cəzb etməyə çalışır. Mən də bir azərbaycanlı kişi kimi gözəllik vurğunu olduğuma görə cəzb oluram. Qız telefonumu oğurlayır və ondan sonra hadisələr başlayır. Belə maraqlı bir filmdir. Baş qəhrəmanlar agetdirlər. Film Hindistan kinoteatrlarında və “Netflix”də də yayımlanacaq.

- Ekran əsərində hansı tanınmış aktyorlar iştirak edirlər?

- Baş qəhrəmanları tanımıram, gənc aktyorlardır. Oğlan Salman Xanın qardaşı oğlu olmalıdır. Amma dəqiq bilmirəm. Filmin adı “Ruslan”dır. Ekran əsərindəki hadisələrin bir hissəsi Azərbaycanda, bir hissəsi isə Hindistanda baş verir.

- Nə düşünürsünüz, sizin obrazınızı necə qarşılayacaqlar?

- Bəzən elə olur ki, aktyor kiçik bir epizodda çəkilir, amma rolu yaddaqalan olur. Mənim rolum yaddaqalan obrazdır. Diqqət üzərimdədir, mənim materiallarımı oğurladıqdan sonra hadisə baş verir. Çox maraqlıdır. Qız öz gözəlliyi ilə məni cəzb edir. Həmin aktrisa real həyatda da həddindən artıq gözəl qızdır. Deyim ki, indiyə qədər çox filmlərdə oynamışam, tərəf müqabillərim çox gözəl olub, amma bu xanlımla oynayanda həyəcanlanırdım.

- Xanımla real həyatda sevgili ola bilərsinizmi?

- Qızdan özümə qarşı diqqət hiss etdim. Amma əfsus ki, çəkiliş heyətində çox adam olduğuna görə heç bir hərəkət edə bilmədim. Qız hindlidir.

- Ümumiyyətlə, hind qızı ilə evlənərsiniz?

- Vallah, həyatda bunu etmərəm demək mənə düşmür. Ona görə ki, həmişə onu edirəm. Qıza qarşı sevgi hissi yoxdur. Amma sevgim olsaydı, hissimi etiraf edə bilərdim. Sevgi azaddır. Xanımın məndən xoşu gəldi.

Qızla münasibətimdə maraqlı bir qığılcım yarandı, amma qığılcım bir gün ərzində də bitdi. Ona görə ki, təcili Mumbaya qayıtmalı idi. Mən də çəkilişlərimi bitirib hava limanına gəlməliydim. Vaxt məhdudiyyətindən xanıma çox da diqqətli ola bilmədim. Amma gördüm ki, Hindistan xanımlarının Azərbaycan kişilərinə marağı var.

- Şəxsi həyatınıza gəlincə, ikinci dəfə evlənməyi düşünürsünüz?

- Xeyr, hələ ki evlənməyi düşünmürəm. Vaxtım karyerama gedir, inkişaf etmək istəyirəm. Şükür Allaha, hər şey gözəldir. Ömürüm bir hissəsi oğlum Osmana gedir, vaxtımı ona ayırıram. Onu diqqətsiz qoymuram. Çalışıram ki, oğlumu hər gün görüm. Digər tərəfdən də yaradıcı həyatda parlayıram. Bu il mənim üçün uğurlu il oldu.


Müəllif: Rəqsanə Həsənova