Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu "Xoş gəldim" verilişində açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Elariz Məmmədoğlu xalq artisti Röya Ayxanla küsülü olduğunu açıqlayıb: “Röya Ayxanla barışıq olmayıb. Amerikada oturub fikirləşirəm ki, Azərbaycana gedəndə nələr edə bilərəm. Flora Kərimova, Brilliant Dadaşova, Röya Ayxanla duet ifa edə bilərəm”.
Müğənni aparıcının “Bu sənətə gəldiyiniz üçün peşman deyilsiniz?” sualına cavabda deyib: "Bu sənətə gəldiyim üçün heç zaman peşman olmamışam. 10 yaşım olanda atam məni əlimdən tutub musiqi məktəbinə apardı. Musiqi məktəbində 5 il təhsil aldım, savadlandım. Sonra vokal dərsləri aldım, xor dərnəyində solist oldum. Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub, rejissorluq və aktyorluq sənətinə yiyələndim. Bir sözlə, 10 yaşımdan mən səhnə adamıyam. Hər zaman işlərim uğurlu olub. Ona görə də heç vaxt peşman olmamışam”.
Müğənni bir müddət əvvəl sosial şəbəkələrdə onun videolarını yayan şəxslərdən də danışıb: “Paxıl insanlara da hörmət edirəm. Çünki onlar xalqımın balalarıdır. Neyləmək olar? Bu, onların xasiyyətidir. Paxıllıq bir xəstəlikdir. Çalışsınlar, bu hissi ürəklərindən silsinlər. Badalaq gələnlər də çox olub. Amma Allah hər zaman kömək edib. İllər əvvəl intim videolarımı internetə yayan insanların kimliyi haqda dəqiq bir məlumatım yoxdur. Dost olan düşmənlər, yəni belə də onları adlandırmaq olar. Hər şeyi Allaha tapşırmaq olmaz, çünki onun işi çoxdur".