15 Yanvar 2015 21:42
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Alabama ştatının sakini 17 yaşlı Heyli Smit uzun müddətdir ki, özünün ölü olduğunu zənn edib. İş ondadır ki, Heyli 3 il “yeriyən ölü sindromu” kimi tanınan nadir xəstəlikdən əziyyət çəkib.

Elmi adı Kotar sindorumu olan xəstəliyə yoluxan insanlar adətən özlərini ölü sayır və ya bədəninin hər hansı bir hissəsinin fəaliyyətdən qaldığını düşünür. Nəticədə, bu nadir xəstəliyə tutulan bəzi insanlar psixologiyası pozulur və onlar yemək yeməyi mənasız hesab etdikləri üçün acından ölürlər.

Maraqlıdır ki, Heyli terapevtin və “Disney” filmlərinin köməkliyi ilə sağalıb.

Bipolyar şizofreniyanın bir növü olan Kotar sindromu psixi pozuntu hesab olunur. Bu diaqnozlu xəstələr qanlarının tükəndiyini düşünür və hansısa bədən üzvlərinin və ya orqanlarının olmadığını deyirlər.

Sağaldıqdan sonra Heyli öz təəssüratlarını belə bölüşür: “Valideynlərim boşandıqdan sonra çətinliyin öhdəsindən gələ bilmirdim. Günlərin birində ingilis dili dərsində oturarkən özümün qəfildən ölü olduğumu zənn etdim. Əl-qolumu tərpədə bilmirdim”.

Qız həkim yanına getsə də, onda heç bir problem aşkar edilməyib.

O söyləyir: “Bir gün dərsdən qayıdarkən qəbiristanlığa gedib digər ölülərlərin yanında olmaq barədə düşünürdüm. Lakin fikrimdən daşınaraq evə getdim və yatdım”.

Heyli yuxudan oyandıqdan sonra ölülər haqqında fikirləri beynindən çıxarmağa çalışıb. Lakin bir neçə gündən sonra bu hal yenidən təkrarlanıb. Sağaldıqdan sonra qız deyir: “Bazarlıq edən zaman qəfil yenə ölü olduğumu zənn etdim. Bütün bədənim quruyub qalmışdı. Əlimdə saxladığım çantaları yerə ataraq mağazadan uzaqlaşdım. Getdikcə dəli olduğumu düşünməyə başlayırdım”.

Ən pisi isə odur ki, bu qəribə fikirlər bu dəfə onun beynindən çıxmayıb. Nəticədə, Heyli məktəbi atıb, səhər yatıb gecələr oyaq qalmağa başlayıb.

O xatırlayır: “Mən qəbiristanlıqda piknik qurmaq haqda planlar cızırdım. Vaxtımın çoxunu qorxulu filmlərə baxmağa sərf edirdim. Daha çox zombi haqda olan filmlərə baxırdım, çünki düşünürdüm ki, onlar mənim ailəmdir və onların yanında olmalıyam. Sonradan isə hər şeyi yeməyə başladım. Çünki ölü olduğum üçün heç nə məni kökəldə bilməzdi”.

Heyli dostları ilə əlaqəsini də pozmalı olub. Lakin Heyli sonda öz sirrini yaxınlarından birinə etiraf edib: “Mən bu xəbəri tanışıma dedikdə, elə bildim ki, məndən qorxacaq. O isə sakit dayanaraq mənə qulaq asırdı. Bu mənə dərdimi atama demək üçün əminlik verdi”.

Heyli vəziyyəti atasına danışdıqda onun sindroma yoluxmasından artıq 2 il keçmişdi. Ata onu həkimə apardıqdan sonra həkimlər Heyliyə Kotar və ya “Yeriyən ölü sindromu” diaqnozu qoyub. Həkim onun xəstəlik tarixçəsini araşdırdırdan sonra məlum olub ki, sən demə, Kotar xəstələri qəbiristanlıq və ölülər haqda filmləri izləməyi xoşlayır.

Həkim qıza “Disney” istehsalı olan filmlərə baxmağa tövsiyə edib. Heyli deyir: “Həqiqətən də, Disney filmləri mənə sağalmağa kömək etdi. Çünki mən o filmlərə baxdıqda canlı və xoş təəssüratlar alırdım”.

Heylinin sağalaraq özünə gəldiyi üçün “Ələddin”, “Yatmış gözəl”, “Su pərisi” kimi animasiya filmlərinə borcludur.

Qeyd edək ki, Kotar sindromu 1788-ci ildən elmə məlumdur. Xəstəlik fransız nevpatoloqu Jül Kotarın şərəfinə adlandırılıb.

Belə bir xəstəlik 2008-ci ildə 53 yaşlı Nyu-York sakinində də aşkar edilib. Belə ki, o, özünün ölü olduğunu iddia edərək, balıq kimi iyləndiyini deyirmiş.

Publika.az


Müəllif:

Oxşar xəbərlər