4 İyun 17:06
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Günel Həmidli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Günel xanım, sizi ilk dəfə müğənni kimi efirdə gördük. Maraqlıdır, bu günə qədər efirə çıxmamağınızın səbəbi nə idi?

- Mən Azərbaycanda deyil, İsveçdə yaşayıram. Xarici ölkədə yaşadığım üçün belə bir imkanım olmurdu. Azərbaycana çox gəlib gedə bilmirdim. Keçən il musiqi sahəsinə professional şəkildə start verdim. Layihələrim çox gözəl alındı. Artıq bir ildir ki, musiqi ilə peşəkar şəkildə şəkildə məşğul olmağa başlamışam.

İndi işimə görə Azərbaycana daha tez-tez gəlirəm. Çox sağ olsunlar, televiziyadan dəvət edirlər. Bir-iki ay Bakıda yaşayıram, sonra isə İsveçə qayıdıram.

- Bakıda toy mərasimlərinə gedirsinizmi?

- Bəli, toy mərasimlərinə təkliflər alırıq və dəyərləndiririk.

- Sizin ali musiqi təhsiliniz varmı?

- Xeyr, təəssüf ki, musiqi təhsilim yoxdur. Başqa sahədə təhsil almışam. İxtisasca alman dili və ingilis dili müəllimiyəm. Beş il bu sahədə işləmişəm. Hazırda isə "Stokholm" universitetində beynəlxalq iqtisadiyyat üzrə ali təhsil alıram. Azərbaycan Dillər Universitetində oxumuşam.

- Gələcək hədəfiniz ali təhsil aldığınız ixtisas üzrə, yoxsa musiqi sahəsi ilə bağlıdır?

- Uşaq vaxtından musiqi sahəsini çox sevmişəm. Anam şamaxılıdır. Ailə üzvlərimin arasında da gözəl səsi olanlar var. Hər zaman musiqinin içində olmuşam. Sadəcə ailəm məni başqa sahəyə istiqamətləndirib. Amma insan öz arzusunu da reallaşdırmağa çalışır. Hiss etdim ki, musiqini çox sevirəm.

Uzun illər musiqidən uzaq qaldım. Hazırda daxilimdəki duyğunu önə çıxaran musiqi sahəsidir, ona görə də sevdiyim sahə ilə məşğul olmağa başladım. Sosial şəbəkədə paylaşımlar etdim. Sonra layihələrə başladıq və uğurlu alındı.

Təbii, gələcəkdə də bu sahədə fəaliyyət göstərməyə hazıram. Çünki insan zövq aldığı işi görəndə daha xoşbəxt olur. Mən də musiqi sahəsindən zövq alıram. Layihələrimizi təqdim edəndə çox xoşbəxt oluruq.

- Fəaliyyətinizə görə Azərbaycana köçmək fikriniz varmı?

- Əslində, musiqi sahəsində Azərbaycanda inkişaf edə biləcəmsə, buraya köçəcəm. Mən vətənimi çox sevirəm. Qürtbətdə yaşasam da, qəlbim həmişə burdadır. Ona görə də Azərbaycana köçə bilərəm. Amma bugün bu qərar barədə danışmaq bir az çətindir. Çünki həyatım, işim, təhsilim İsveçlə bağlıdır.

- İsveçdə də musiqi ilə məşğul olmağı düşünürsünüz?

- İsveçdə də musiqi sahəsi ilə məşğul olmuşam. Orada bir neçə konsertlərdə çıxış etmişəm. Böyük konsert səhnələrinə də çıxmışam. Düşünürəm ki, İsveçdə də məni yetərincə tanıyırlar. Bəlkə Azərbaycandan da çox... Bir müddət orada musiqi failiyyətinə fasilə verdim. Azərbaycandan təklif gələndə çox sevindim. Çünki öz dilimdə fəaliyyət göstərmək məni daha çox sevindirir.

- İnsanlar tərəfindən hansı mahnı ilə tanındınız?

- Ən çox dinlənilən mahnım Könül Kərimovanın repertuarından ifa etdiyim "Zülümkar" və Talıb Talenin "Lazım" mahnılarıdır. İlk ifa etdiyim "Lazım" mahnısıdır və trendə düşüb.

Amma "Gecələr ağlar gözüm", "Dönmə geri" adlı iki mahnım da var. Üç-dörd yeni mahnı da təqdim edəcəyik. Hələ ki yay aylarını Bakıda yaşayacam.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər