Əməkdar arist Rəhman Rəhmanov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rəhman müəllim, çoxdandır müsahibə vermirsiniz...
- Bəli, xeyli vaxtdır müsahibələrdən yayınıram, efirlərə də az-az çıxıram. Bəzi verilişlərdə ekspert qismində çıxış edirəm. Oğlum Emil Rəhmanov dünyasını dəyişəndən sonra vəziyyətim belə oldu.
- Kukla Teatrında fəaliyyət göstərirsiniz. Hazırda teatrda hansı tamaşalarınız nümayiş edilir?
- Mən 50 ildən çoxdur ki, Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərirəm. Teatrda ildə bir neçə tamaşa təhvil veririk. Son vaxtlar teatrda az çıxış edirəm, yolu cavanlara vermişik. İstedadlı cavanlarımız var. Hər zaman gənclərimizin yanındayam. Bəzi teatrlarda gənc nəslə az yer verməyə çalışırlar. Çünki professional və tanınmış aktyorlardan daha çox istifadə edirlər.
Biz çalışırıq ki, teatrımızda istedadlı gənclərimizə də yol verək. Hər bir işin başlanğıcı kimi sonu da var və bu belə olmalıdır.
- Sosial xarakterli verilişlərdə ekspert qismində iştirak edirsiniz. Ailə-məişət hadisələrinin efirdə nümayiş edilməsi isə insanlar tərəfindən tənqid edilir. Bu haqda fikirləriniz maraqlıdır...
- Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən”, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram”, Elgiz Əkbərin aparıcılığı ilə baş tutan “Elgizlə izlə” verilişlərində ekspert qismində əyləşirəm. Tövsiyələrim ilə insanlara dəstək olmağa çalışıram. Amma düşünürəm ki, xalqa, millətə, tamaşaçıya dərs keçə bilmərəm, ekspert kimi insanları tənqid edə bilmərəm. Elə ekspertlər var ki, iştirakçıları tənqid edirlər. Halbuki həmin adamın özünü elə tənqid etmək lazımdır ki...
Mən heç vaxt efir vasitəsilə kimisə tənqid etməmişəm. Həmişə çalışmışam ki, məsləhət verim, insanların könlünü alım. Onlar bizə pənah gətiriblər, nəyə görə tənqid etməli və üstünə qışqırmalıyıq? Nəyə görə lazımsız sözlər deməliyik? O da bizim kimi insandır, həyatı belə gətirib. Həyatda mənim də bəxtim gətirməyib deyə onları başa düşürəm. Mən o ekpertlərdən deyiləm.
- İştirak etdiyiniz verilişlərdə sizə qonorar verirlər?
- Xeyr, ekspert kimi qonorar vermirlər, amma mənə qonorardan yüz dəfə artıq dəstək olublar. Mənim sağlamlığımla bağlı problemlərimdə aparıcılar Zaur Baxşəliyev, Elgiz Əkbər, Xoşqədəm Hidayətqızı çox dəstək olub. Onların yaxşılığını itirə bilmərəm. Mənə onların qonorarı lazım deyil.
Bəlkə kimsə ekspert kimi qonorar alır, amma mən onlardan pul almağa utanaram. Çünki həmin aparıcılar yuxarıda da qeyd etdiyim kimi mənə çox dəstək olublar.
Ayağımda problem vardı. Aparıcı Zaur Baxşəliyev ayağımı müalicə elətdirdi. O vaxt Azərbaycanda həkim tapılmırdı, ayağımı kəsmək istəyirdilər. Zaur Baxşəliyev səhhətimlə bağlı narahatlığımı eşitdi və məni "Bizimləsən" verilişinə dəvət etdi. Moskvadan ölkəmizə gələn həkim ayağımı sağaltdı. Şükür Allaha, 11 ildir ayağımda heç bir problem yoxdur.
- Bir az öncə bir fikiniz diqqətimizi çəkdi. Qeyd etdiniz ki, özünüzü bəxtsiz insan hesab edirsiniz.
- Öncə deyim ki, insanlara ona görə dəstək oluram ki, özüm yetim olmuşam. Uşaq evində böyümüşəm, bütün çətinlikləri görmüşəm. Öz gücümlə bu səviyəyyə gəlmişəm, təhsil almışam. Bəlkə də istedadım olduğuna görə tamaşaçı tərəfindən sevilirəm.
Azərbaycan Dövlət Kukla Teatrında işləyirəm. Bu teatrda işləyib filmlərə çəkilmək, televiziya verilişlərinə çıxmaq çətindir, insanlar tərərfindən tanınmaq lap çox çətindir. Amma mən xoşbəxtəm ki, başqa teatrda edəcəyim hər şeyi bu teatrda qismən edə bildim. Canlı teatrda tamamilə başqa rollar oynayardım. Ona da istedadım var, amma 50 il əvvəl bu teatrı seçdim.
İki il Akademik Milli Dram Teatrının yardımçı heyətində işlədikdən sonra böyük sənətkarlarla səhnəyə çıxırdım. Ondan sonra Kukla Teatrını seçdim. Məni dəfələrlə başqa teatrlara dəvət ediblər, getməmişəm. Ona görə ki, bu teatra öyrəşmişəm. Uşaqlarla işləmək mənə doğmadır. Mən bəlkə də ona görə yaşımdan cavan görsənirəm ki, uşaqlarla işləyirəm.
- Necə düşünürsünüz, insanın taleyini dəyişmək öz əlindədir?
- Xeyr, insanın taleyini Allah dəyişir, əməllərinə görə. Yaxşı insan olarsansa, Allah hər zaman sənə kömək edir. Allah ruzi-bərəkəti də insanın əli ilə verir. Ona görə yaxşı insan olmaq lazımdır. Mən Allahdan istədiyim hər şeyi almışam, 68 yaşım var. Övladlarımın dünyasını dəyişməsi Allahın məsləhətidir. Ona görə taleyimlə barışıram.
- Bəs, həyatda yaşadığınız çətinliklərə görə üsyan etdiyiniz anlarınız olub?
- Mən o qədər səbrli insanam ki, həyatda heç nəyə üsyan etməmişəm. Gördüyünüz kimi teatrımızın divarında ilk olaraq mənim şəkilim vurulub. Sənətinlə o dərəcəni qazanmaq laızmdır.
- Oğlunuz İlham Rəhmanovun da ölümü ani oldu.
- Bəli, yeni ev tikilirdi. Oğlum təsadüfən həmin evin eyvanından yıxıldı. Eyvan açıq idi. Yerdəki cınqıl şah damarını kəsdi və ona görə dünyasını dəyişdi. 27 yaşı vardı, təzə evləndirmişdim. Övladı qalmadı.
- Sonra daha bir oğlunuz, müğənni Emil Rəhmanov vəfat etdi. Allah hər ikisinə rəhmət etsin. Emil bəyin övladları necədir? Onlar sizinlə yaşayırlarımı?
- Oğlumun ailəsi ilə ayrı yaşayırıq. Əvvəldən də beləydi. Emilin sağlığında yeni tikilmiş binada evi və 30 minlik avtomobili vardı. İndiyə qədər də onun avtomobilinə toxunan yoxdur. Həmin avtomobili idarə etməyə də ürəyim gəlmir. Emilin həyat yoldaşının sürücülük vəsiqəsi var, amma o da maşına yaxın durmur. Bir əlim oğlumun ailəsinin, nəvələrimin üzərindədir. Başqa cür ola bilməz.
- Nəvələriniz gələcəkdə sizin və atasının sənətini davam etdirə bilərlərmi?
- Emilin oğlu 9 yaşındadır, çox gözəl səsi var, oxuyur. Amma heç kim ona demir ki, mahnı oxu. Qızı isə balacadır.
- Emil Rəhmanov müğənni kimi çox sevilirdi, fərqli səsi, ifa tərzi vardı. Bəlkə yaxşı mühitə düşsəydi və bəzi vərdişləri olmasaydı sənətində daha çox inkişaf edərdi.
- Mən bununla təskinlik tapıram ki, Emilin televiziyalarda və yutub kanalında minlərlə lent yazıları, ifaları qalıb. Onun çox sevən pərəstişkarları var.
Emil elə bir sənətkardır ki, nədən oldu, nəyə qoşulmuşdu və sair fikirlər o, gözünü dünyaya əbədi yumandan sonra heç biri rol oynamır. Çünki camaatın 100 yaşında edəcəyini Emil o yaşda etdi. Yaradıcılıq qoyub getdi. Hansı sənətkarın çatışmayan cəhəti olmayıb?
Əsl sənətkarların elə vərdişləri, çatışmayan cəhətləri olub ki… Emildə də vardı. Demirəm ki, qızıl kimi parıldayırdı. Emil sənətiylə etdiyini etdi, başqa şeylər yaddan çıxacaq və bu dünyada ancaq sənəti qalacaq, 50 ildən sonra...
- İnsanlar arasında belə bir fikir də səsləndirirlər ki, Emil Rəhmanov istedadlı olduğuna görə qəsdən onu başqa yola istiqamətləndiriblər.
- Əlbəttə. Bunun üçün ya çoxlu pulun olmalı, ya da istedadın ki, səni məhv etsinlər. İstedadsızlar istedadlıları məhv edirlər. Bu, həmişə belə olur.
- Siz oğlunuzu zərərli vərdişdən qorumaq üçün nələri etdiniz?
- Oğlumun 42 yaşı var idi, mən onu necə qoruyum?! Onun özü, ailəsi, həyat yoldaşı, hər bir şəraiti vardı. Biri var ki, 14-15 və 18-20 yaşında olsun, mən qarşısını alım. O, Bakıxanov qəsəbəsində, mən isə Biləcəridə yaşayırdım...
- Emil Rəhmanov damar tıxanması səbəbindən xəstəxanada dünyasını dəyişdi. Sizə son anında nəsə deyə bildimi?
- Oğlumla sonuncu dəfə nə danışdığım yadımda deyil. Səhhəti gecə pisləşmişdi. Mənə zəng etdilər, tez dedim ki, xəstəxanaya aparın, mən də gəlirəm. Biləcəridən getdim, həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni etdilər. Amma təəssüf ki, onu xilas etmək mümkün olmadı. Səhər saat 11-də gözlərini əbədi yumdu. Son anında heç nə deyə bilmədi. Neçə saat xəstəxananın reanimasiya şöbəsində qaldı. Orada da rəhmətə getdi.
Evdə səhhəti pisləşəndə deyib ki, atamı oyadın, ona deyin ki, vəziyyətim yaxşı deyil. Mənə deyən kimi xəstəxanaya apardıq. Hər şey etdik, alınmadı. Həmişə deyərdi ki, hər dəfə dar günümdə atam yanımda olub.
- Özünüzü sənətdə, yoxsa həyatda daha xoşbəxt hiss edirsiniz?
- Özümü ancaq sənətdə xoşbəxt hiss edirəm. 50 il sənət… Məni sənət saxlayır. Sənətim olmasa, ürəyim dayanar. Həyatda bəxtim gətirmədi, amma sənətdə şanslı oldum. Çalışdığım Kukla Teatrında da hər şey etmişəm. Və sağ olsun teatrımızın rəhbəri Rəşad Əhmədzadə və kollektivimiz, həmişə hörmətimi saxlayıblar.
- Əməkdar artist Çingiz Əhmədovla “Ordan-burdan” layihəsini yaratmışdınız. Layihənin yenidən təqdim edəcəyiniz haqqında xəbərlər yayılmışdı. Bu, nə dərəcədə doğrudu?
- Çingiz Əhmədovla “Ordan-burdan” tamaşasını təqdim etmişdik. Bizdən sonra başqa aktyorlar bu formata müraciət etdilər. Layihəni yenidən bərpa etmək istəyirdik, amma oğlumun vəfatından sonra istəmədim. Çingiz Əhmədov mənə dedi ki, sən çəkilirsənsə, mən də çəkilirəm. O vaxt bu layihənin möhürünü vurmuşuq və yaddaşlarda qaldıq.
- Bir aktyor kimi nə arzularınız var?
- Gələcək qurtardı, heç nə istəmirəm. İki arzum qalıb, bu isə Kukla Teatrı ilə bağlıdır. Bunu rəhbərimiz Rəşad Əhmədzadəyə də bildirmişəm. İki rus əsərininin tamaşasını hazırlamaq istəyərəm. Bu, son arzularımdır, sonra teatrdan ayrılacam. Təqaüdə çıxacam. Teatrımızın rəhbəri çox sağ olsun, deyir ki, işlə.
- “Ordan-burdan” layihəsində qadın geyimində də çıxmısınız. Amma qadın paltarı geyinən bir çox aktyorlar insanlar tərəfindən tənqid edildi. Bu haqda nə deyə bilərsiniz?
- Qadın obrazı yaratmaq üçün aktrisalar var. Qadın obrazını şərti yaratmaq aktyorun işidir. Kim necə edir, özü bilər. Amma şərti olmaq lazımdır. Mən də Çingiz Əhmədovla dəfələrlə qadın rolunu oynamışam, yaşlı qadın, çadrada. Açıq-saçıqlıq etməmişəm...