21 May 2015 11:05
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elnurun qalib olmaq şansı var"

Bu gün "Eurovision 2015" Mahnı Müsabiqəsinin II yarımfinalı keçiriləcək. Azərbaycan təmsilçisi Elnur Hüseynov da "Hour of the Wolf" adlı mahnı ilə 11-ci nömrə altında çıxış edəcək. İfa zamanı Elnurla səhnədə iki rəqqas olacaq - qız və oğlan. Elnurun səsinə üç güclü bek-vokalçı dəstək verəcək. Zəngin promo-tur çərçivəsində iki həftə ərzində altı ölkəni gəzib-dolaşdıqdan sonra Elnur fikrini səhnə nömrəsinin məşqləri və vokal ifası üzərində cəmləşdirib. Onun əsas məqsədi mahnının ideyasını, yəni, "hər ürək üçün vuruşmaq lazımdır" mesajını Avropa auditoriyasına çatdırmaqdır. Çıxışa son hazırlıqlar davam edərkən "Gündəlik Teleqraf" sənət adamlarından builki müsabiqədən gözləntilərini xəbər aldıq.

İlk yarımfinalda yaşananlar

"Eurovision-2015" Mahnı Müsabiqəsinin birinci yarımfinal konserti mayın 19-da keçirilib. Dünyanın 50-yə yaxın ölkəsində televiziya ilə canlı yayımlanan şouda səhnəyə ilk olaraq aparıcıları Mirjam Veikselbraun, Alise Tumler, Arabella Kiesbauers çıxıb. Onlar tamaşaçıları salamlayıb, iştirakçılara uğurlar arzulayıb, sözü "Eurovision-2014" mahnı müsabiqəsinin qalibi olmuş Konçita Vursta veriblər. Vurst ötən il ona qələbə qazandıran "Rise like a phoenix" mahnısını fərqli formada tamaşaçılara təqdim edib. Müsabiqədə ilk musiqi parçasını Moldova təmsilçisi Eduard Romanyuta təqdim edib. Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səslər göndərilib. Səsvermə nəticəsində 10 ölkə finala vəsiqə qazanıb: Albaniya (1), Ermənistan (2), Rusiya (3), Rumıniya (4), Macarıstan (5), Yunanıstan (6), Estoniya (7), Gürcüstan (8), Serbiya (9), Belçika (10).

Canlı şoudan dərhal sonra finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçiriblər. Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 23-də keçiriləcək finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilib.

Elnur Hüseynov

Təmsilçimiz musiqi sahəsində ilk təhsilini Konservatoriya yanında istedadlı uşaqlar üçün "ROXMİM"-də fortepiano sinfi üzrə təhsil alıb. 2001-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub, bir müddət Opera və Balet Teatrında işləyib. 2003-cü ildə "Sing Your Song" layihəsində qalib olaraq "Qran-pri"yə layiq görülən Elnur filarmoniyada xor kapellasında, həmçinin kilsə xorunda işləyib. O, Sevda Məmmədova, Fidan Hacıyeva və Rəşad Haşımovdan dərs alıb. 2005-ci ildə "Prestij" qrupu ilə birlikdə Eldar Mansurov tərəfindən yazılmış "Bəsdir" mahnısını yazdırıb. Daha sonradan bu mahnıya klip çəkdirib. 2008-ci ildə isə Azərbaycan "Eurovision" mahnı müsabiqəsində ilk dəfə çıxış edəndə, bu məsuliyyətli iş Elnur Hüseynovla Samir Cavadzadəyə tapşırıldı. İkili yarışmada "Day after day" mahnısını ifa edərək, səkkizinci yerə layiq görüldülər. Onun son qalibiyyəti isə "O Səs Türkiyə"dəki uğurlu çıxışı və birinciliyidir.

"Elnuru sonuna qədər dəstəkləyirəm"

Müğənni Sevda Ələkbərzadə "Eurovision" səhnəsində Azərbaycanın builki çıxışının uğurlu olacağına inanır: "Mən Elnuru da, onun ifasını çox bəyənirəm. Və bilirəm beynəlxalq TOPlarda Elnur yüksək yerlərdə qərarlaşır, hətta onun qalib olmaq şansı da var. Ona uğurlar arzu edirəm və sonuna qədər dəstəkləyirəm. Məncə, Elnurun ikinci dəfə bu yarışmada iştirakı öncəkindən də uğurlu olacaq. Doğrudur, onun yenidən müsabiqəyə getməsi ilə bağlı müxtəlif fikirlər səsləndi, amma mən hesab edirəm ki, bu, çox normal addımdır. Əgər xatırlayırsınızsa, Dima Bilan da iki dəfə "Eurovision" da iştirak edib. Və ikincidə qalib olub. Bütün hallarda istəyirəm ki, Azərbaycanı belə tanınmış yarışmalarda yaxşı ifaçılar təmsil etsin. Elnur da məhz yaxşı, peşəkar, səhnəni çox gözəl duyan ifaçıdır. Ona ancaq və ancaq uğurlar arzulayıram"

"Proqnoz verməyi sevmirəm, amma..."

Müğənni Samira Allahverdiyeva mahnı və ifanı bəyəndiyini bildirib, Azərbaycanın səsvermədə yüksək yerlərdə qərarlaşacağına əminliyini gizlətməyib: "Yadınızdadırsa, 2008-ci ildə Elnur Samirlə birgə ilk çıxışını etdi və böyük maraqla qarşılandı. İlk dəfə yarışmaya qatılan bir ölkə üçün səkkizinci yerə layiq görülmək böyük göstərici idi. O artıq "Eurovison" səhnəsində oxuyub, o səhnəyə, o mühitə çox yaxşı bələddir. Ona görə əminəm ki, Elnur səhnədə özünü sərbəst hiss edəcək. Və bu hiss Elnura mahnısını doğru, düzgün ifa etməyə yardımçı olacaq. Biz hamımız bilirik ki, o, çox potensiallı oğlandır. Gözəl səsi, artistlik qabiliyyəti var. Məncə, onun müsabiqədə qalib olmağı deyil, Azərbaycanı layiqincə təmsil etməyi önəmlidir. "Hour of the Wolf" mahnısına min dəfə qulaq asmışam və telefonumda da var. Çnüki həm gözəl mahnıdır, həm də Elnur onu peşəkar ifa edib. Mən proqnoz verməyi sevmirəm. Hər halda yüksək yerlərə layiq görülə biləcək mahnı və ifa təqdim edəcək Elnur. Bilirsiniz, "Youtube" vasitəsilə səslərə baxmışam, deyim ki, ən yüksək göstərici də məhz Elnurdadır. Elnurdan savayı rusiyalı Polina Qaqarinanın və Gürcüstan təmsilçisinin ifasını da bəyəndim".

Aparıcı Kamilə Babayeva təmsilçimizə ancaq və ancaq uğur arzu edib: "Elnur çox istedadlı bir gəncdir. Uğurdan başqa Elnura nə arzu edim? Şans? Artıq onun şansı var. Əminəm ki, tənbəlliyin də daşını atıb. Ona görə Elnura ancaq uğur arzu edirəm".

"O, Avropa tamaşaçısının zövqünü oxşayacaq"

Xalq artisti Mübariz Tağıyevin fikrincə, Elnurun bu il Azərbaycanı təmsil etməsi doğru qərar idi: "Allah bu oğlana səs verib, onun istedadına söz ola bilməz. O, əsl pop musiqi istiqamətində işləyən, çalışan gənclərimizdəndir. Onun yarışmada ifa edəcəyi musiqini çox bəyəndim. Sanki Elnur üçün yazılıb. Mahnı onun bütün imkanlarını büruzə verir. Elnura uğurlar arzulayıram. Və hesab edirəm ki, ən azı Azərbaycan birinci onluqda olacaq".

Əməkdar artist Gövhər Həsənzadə Elnurun şansının yüksək olduğunu deyib: "Mən Elnurun da, başqa ifaçıların da ifalarını dinləmişəm. Onun mahnısı builki standartlara uyğun bir mahnıdır. Elnurun ifası da yüksək səviyyədədir. Mahnı Elnurun texnikasını göstərə bilir. Ki, bu da çox vacib amildir. Mahnının çox peşəkar texniki keçidləri, planları var ki, Elnur da bunu çox gözəl ifa edib. Üstəlik mahnıda Elnur da öz versiyasını təqdim edir. Əminəm ki, Elnur çox peşəkar formada Avropa tamaşaçısının önünə çıxacaq və tamaşaçının zövqünü oxşayacaq. Üstəlik səsvermədə dünyada yaşayan türklərdən də dəstək alacaq. Bunların hamısını nəzərə alaraq deyirəm ki, Elnur rahatlıqla ilk beşlikdə öz yerini tapacaq".

Qeyd edək ki, "Eurovison 2015"in final mərhələsi isə mayın 23-də keçiriləcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər