“Space” televiziyasının “Günaydın” proqramının aparıcısı Vüsalə Kərimova yeni mövsümdən etibarən yeni layihə ilə çıxış edəcək. Bunu Trend-ə “Space” televiziyasının “Günaydın” proqramının aparıcısı Vüsalə Kərimova deyib.
Onun sözlərinə görə, “Günaydın” proqramının bağlanması haqqında verilən qərarın onunla heç bir əlaqəsi yoxdur və artıq yeni mövsümdən o, yeni layihə ilə çıxış edəcək: “Günaydın” proqramı artıq 2 ildir ki, yayımlanırdı. Əslində proqramın bu ay yay mövsümü üçün bağlanması nəzərdə tutulurdu. Lakin, görünür, telekanalın rəhbərliyi proqramı ümumiyyətlə bağlamaq qərarına gəlib. Amma bunun birbaşa mənimlə heç bir əlaqəsi yoxdur. Çünki nə proqramın son buraxılışındakı qalmaqalla bağlı, nə də ondan əvvəl nə rəhbərlik, nə də digərləri tərəfindən işimlə bağlı mənə heç bir irad tutulmayıb və ya xəbərdarlıq edilməyib. İnşallah, yeni mövsümdən efirə yeni proqramla çıxacağam. Artıq konkret layihə var və hazırda onun üzərində iş gedir”.
Qeyd edək ki, “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev Trend-ə deyib ki, iyunun 30-da yayımlanan “Günaydın” proqramında baş verən qalmaqaldan sonra proqramın bağlanması barədə qərar qəbul edilib: “Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.
Xatırladaq ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.