21 Avqust 2015 18:50
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsabiqələr günün nəbzini tutmalıdır”

Xəbər verdiyimiz kimi, dünyanın məşhur “The Voice” (Səs) musiqi layihəsi rəsmi olaraq Azərbaycana gətirilib. Müsabiqəyə qeydiyyat bir neçə gündür ki, başlayıb. Artıq 1500-dən artıq iştirakçı www.thevoice.az səhifəsində qeydiyyatdan keçib.

İstedadlı gəncləri tapmaq üçün “Səs”in yaradıcı heyəti bölgələrə səfər edəcək. Avqustun 23-də başlayacaq seçim turu sentyabrın 1-nə kimi davam edəcək. Bu vaxt ərzində 10 şəhərdən 300-dən artıq iştirakçı qeydiyyatdan keçməlidir. Şəhərlər üçün müəyyən olunmuş tarixlərin siyahısı belədir: 23 avqust - Lənkaran, 24 avqust - Şirvan, 25 avqust - Gəncə, 26 avqust - Tovuz, 27 avqust - Mingəçevir, 28 avqust - Yevlax, 29 avqust - Şəki, 30 avqust - Qəbələ, 31 avqust - Quba, 1 sentyabr - Sumqayıt.
Qeyd edək ki, “Səs” layihəsi AzTV-də yayımlanacaq.

“Şou yaratsalar, bu, faciə olacaq”

Bu vaxta kimi teleməkanda çoxlu sayda musiqi yarışmalarına şahidlik etdik. “Azəristar”, “Yeni ulduz”, “Xalq ulduzu”, “Sehirli pərdə” və hazırda da davam edən “Azərbaycanın səsi”... Bu yarışmalardan çıxan gənclərin bəziləri solo karyerada uğurlu, bəziləri isə uğursuz oldu.

Uzun müddət “Yeni ulduz” müsabiqəsinin münsiflər heyətində əyləşən Xalq artisti Mübariz Tağıyev Teleqraf.com-a açıqlamasında bildirib ki, səviyyəli hazırlanan televiziya musiqi yarışmalarının keçirilməsini gənclərin bu sənətə gəlişinə şərait yaratması baxımından yüksək qiymətləndirir: “Əgər bu şou yaratmaq naminə hazırlanırsa və ora gələn gənclərin gələcək aqibəti düşünülmürsə, bu, böyük faciədir. ”Yeni ulduz", “Azəristar” müsabiqəsinin iştirakçılarının 30 faizi səhnədə özlərinə yer tapıblar. Mənə elə gəlir ki, bu, normal haldır. Müsabiqələr estrada sənəti ilə bağlıdırsa, o zaman iştirakçıları sırf estrada istiqamətində hazırlamaq və günün nəbzini tutmağa çalışmaq lazımdır. İstəmirəm oxucular sözümdə ayrı məna axtarsınlar, sadəcə, fikir vermişəm, son vaxtlar həddindən artıq retro istiqamətinə yönəlmişik. Və bu böyük bəlalara gətirib çıxara bilər. Peşəkar bəstəkarlar bu gün tamamilə kənara çəkiliblər. Kim istəyir mahnı yazır. Bütün günü retro mahnılara qulaq assaq, 50-60-ci illərə qayıtsaq, inanın, bunun axırı yoxdur. O illərin sənəti musiqi tariximizə qızıl hərflərlə yazılıb. Amma ondan bu qədər çox mayalanmaq düzgün deyil. Dünyada baş verən musiqi tendensiyaları Azərbaycanda var, amma biz bunu balanslaşdırılmış formada təbliğ etmirik. Qərb musiqisinə meyilli olan gənclərimiz olmasaydı, bizim “Eurovision” qalibiyyətimiz, uğurumuz olmazdı. Bu müsabiqədə qalibiyyətlərimiz, neçə-neçə gənclərin səhnəyə gəlişi - bunlar böyük uğurlardır. Burada da başqa problemlər var. O yarışmalardan çıxan gənclərin taleyinə biganə qala bilmirəm. Sizdən də soruşuram, hanı o gənclər? Yoxdurlar, görünmürlər, itiblər. Mən şəxsən onları görmürəm. Halbuki, onlar Azərbaycan estradasında ön sıralarda olmalıdırlar. Onlar xarici prodüserlərlə işləyiblər, nə qədər xərc çəkilib, di gəl ki, bu gün onları görə bilmirik. Bu gəncləri Azərbaycan estradasına yönəltmək lazımdır. Mən demirəm ki, onları hazırlaşdırıb toya göndərək. Xeyir, biz onları peşəkar səhnəyə yönəltməliyik. Sonra da deyirik ki, Azərbaycan sərhədlərindən kənarda heç kimi tanımırlar. Tanınmayacaqlar da. Bunların reklamı yox, albom çıxmır...Necə tanıyacaqlar?"

“Hər insana təklif gəlmir”

Gövhər Həsənzadə deyir ki, yarışmalar gənc müğənninin özünü göstərmək üçün yaxşı fürsətdir. Bu fürsətdən necə yaranlanmaqsa, onların ixtiyarındadır: “Yarışmalar bitəndən sonra kimsə ailə qurur, kimsə Avropa şirkətlərinin təklifini qəbul edir. Götürək, ”Eurovision"u. Burada seçim imkanı o gənclərin ixtiyarındadır. Ondan başqa düşünmək lazımdır ki, hər insana da təklif gəlmir. “Eurovision”dan sonra, eləcə də qərb yönümlü musiqi yarışmalarından gələn gənclər üçün Azərbaycan hansı səhnə ilə o ifaçıların tələbatını ödəyə bilər? Bu, çox vacib məsələdir. Tamaşaçı auditoriyasının sayına baxın, çox böyük fərq var. Bilirsiniz ki, Bakıda Avropa musiqisinin tələbatı, məkanı, səhnəsi yoxdur. Amma nə vaxtsa olacaq, biz də daha böyük şirkətlərlə müqavilələr bağlayacağıq. Və ancaq ondan sonra o gənclər üçün imkanlar açılacaq".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər