Qatıldığı televiziya proqramında göz yaşları içində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana səslənən müğənni Pətək Dinçözün kömək çağırışına cavab gəlib.
Teleqraf.com-un məlumatına görə, keçmiş həyat yoldaşı Can Tanrıyar tərəfindən fiziki zorakılığa məruz qalan müğənni baş nazir və xanımından kömək istəmişdi. Dinçöz Twitter sosial şəbəkəsində çağırışına reaksiya verildiyi barədə tvit yazıb: “Dünən qatıldığım televiziya proqramından sonra hörmətli baş nazirimizə məsələyə göstərdiyi həssas münasibətə görə minnətdaram. Çox təşəkkür edirəm”.
İki ildir mətbuata danışmayan P.Dinçöz verilişdə keçmiş həyat yoldaşı Can Tanrıyardan yaxa qurtara bilmədiyini söyləmişdi: “Ərim tərəfimdən döyüldüyümü hər kəs bilirdi, amma hər zaman susdum. İndi anlayıram ki, susmaqla olmur. Aldığım bütün evləri ona verdim. Ondan canımı qurtarmaq üçün hələ də mübarizə aparıram. Yeni albom çıxarmışam, amma məni heç bir proqrama çıxmağa qoymadı. Porno kasetlə məni hədələyir. “O kasetdeki mən deyiləm” deyirəm. O isə “Hamı mənə inanar” deyir.
Qazandığım bütün pulları məndən alır. Psixoloji müalicə alıram. Qorxumdam meşədə gizlənirdim. Mənə kömək edin. O insandan xilas ola bilmirəm. Bilirəm heç kim mənə yiyə durmayacaq, yalvarıram məni bu dərddən qurtarın. Qadınlar haqqında verilişlər aparmışam, onların dərdlərini dinləmişəm. Mənim başıma gələnlər bir çox məşhurun başına gəldi. Amma onlar canlarını qurtardı, yollarına davam etdilər, ailə qurdular, amma mən heç nə edə bilmirəm. Mənə təzyiqlər olunur, baş nazirimizə səslənirəm. Əminə Ərdoğana səslənirəm”.
Qeyd edək ki, Tanrıyar evli ola-ola müğənni gizli münasibət qurmağa başlayıb. Daha sonra isə o, həyat yoldaşından boşanaraq Pətək Dinçözlə ailə həyatı qurub.