18 Aprel 2016 18:14
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mediada yazılan məlumatlara görə, xalq yazıçısı, tanınmış dramaturq Elçin Əfəndiyevin “Qatil” əsəri əsasında hazırlanan tamaşa Akademik Milli Dram Teatrının repertuarından çıxarılıb.

Bu barədə AzNews.az-a sözügedən teatrın aktyorları məlumat verib. Onların sözlərinə görə, 4 ilə yaxındır teatrın repertuarından düşməyən və Mehriban Ələkbərzadənin quruluşçu rejissoru olduğu “Qatil” artıq iki aydır oynanılmır.

Paralel olaraq Mehriban Ələkbərzadənin quruluş verdiyi və bu yaxınlarda premyerası keçirilən “Herostratı unudun” tamaşası da repertuardan çıxarılıb. Aktyorlar hər iki tamaşanın repertuardan çıxarılmasına səbəb kimi açıq-saçıq səhnələrin olduğunu göstərirlər.

Məsələ ilə bağlı Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Teleqraf.com-a açıqlama verib. O bildirib ki, “Qatil”lə bağlı irəli sürülən iddianın ciddi əsası yoxdur:

“Ümumiyyətlə, tamaşa repertuardan bədii şuranın qərarı ilə çıxarılır. Xalq yazıçısı Elçin Əfəndiyevin pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatil”, yaxud yenə Mehriban xanımın Qriqori Qorinin “Herostratı unudun” əsəri əsasında hazırladığı tamaşanın repertuardan çıxarılması haqda məndə məlumat yoxdur. Belə bir fakt olsaydı, bədii şuranın iclası keçirilərdi, qərar verilərdi.

Bu tamaşaların repertuardan çıxarılmağı haqda olan informasiyalar həqiqətə uyğun deyil.

Teatrın repertuarı kifayət qədər zəngindir, tamaşaların sayı çoxdur, ona görə də bir tamaşanın iki ay nümayiş olunmaması onun repertuardan çıxarılmağı anlamına gəlmir.

Ötən ay teatr on günə yaxın, gündə dörd seans olmaqla uşaqlar üçün “Keçəlin şahlığı” Novruz tamaşasını nümayiş etdirib. Bu ay isə “Teleskop” tamaşası və 20 nəfərdən artıq əməkdaşla nüfuzlu Bursa Beynəlxalq Teatr Festivalında iştirak edir ki, bu festival da aprelin 23-də başa çatacaq. Sözügedən hər iki tamaşanın aktyorları festival tamaşasında rol alıb.

O ki qaldı “Qatil”in məhz açıq-saçıqlığa görə repertuardan çıxarılmağına, nəzərə almaq lazımdır ki, bu tamaşa bir neçə ildir teatrda nümayiş olunur və irəli sürülən iddianın heç bir əsası yoxdur”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər