Elçin Musaoğlunun "Nabat" bədii filmi XI Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı rejissor" və filmdə baş qəhrəmanı canlandıran Fatemeh Motamed Arya "Ən yaxşı aktrisa" mükafatlarına layiq görülüb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar. Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.
Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.
Dünya premyerası ötən il sentyabrın 5-də 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bugünədək onlarla kinofestivalda iştirak edib və maraqla qarşılanıb. Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq Kinofestivalda "Beynəlxalq tənqidçilər mükafatı" və "Ekumenik jürinin mükafatı"na, Tripoli Beynəlxalq Film Festivalında "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb.
19-25 sentyabr tarixlərində Almatıda keçirilən sözügedən festivala qatılan rejissor Elçin Musaoğlu təltifetmə mərasimində də iştirak edib. Rejissor festivalla bağlı təəssüratlarını "Gündəlik Teleqraf"la bölüşüb.
- Festivaldan yenicə qayıtmısınız. Təəssüratlarınızı bilmək istərdik.
- Festivalın tamaşaçılarının çoxu gənclərdən ibarət idi. Hətta yadımdadır ki, rejissor fakültəsinin tələbələri deyirdilər ki, biz sizinlə işləmək istəyirik, film çəksəniz çağırın, gəlib pulsuz işləyək. Sözün açığı, festivalın tamaşaçısı çox xoşuma gəldi.
Jüri mükafatın təqdimetmə mərasimində elan etdi ki, bu mükafat üzrə "Nabat"ı layiq görmək üçün aralarında mübahisə etməyiblər. Dəqiq biliblər ki, festivalın "Ən yaxşı aktrisa" və "Ən yaxşı rejissor"u mükafatını kim almalıdır. Yəni qərarları birmənalı idi. Hətta jürinin iki üzvü etiraf etdi ki, filmə baxıb ağlayıblar.
- Filminiz neçə ekran əsəri arasında yarışırdı?
- Bu festival "Şakenin ulduzları" və Avrasiya festivalını özündə birləşdirmişdi. "Nabat" 19 film arasında yarışdı.
- Rəqiblərinizin filmlərini görmüşdünüzmü?
- Bəzilərini görmüşdüm. Amma sözün açığı, festivala getmək istəmirdim. Çox xahiş etdilər ki, heç olmasa son iki gün festivalda iştirak edim. O müddət ərzində filmlərin bəzilərinə baxmaq imkanım oldu.
- Filmi festivallara göndərəndə şanslarınızın nə dərəcədə olmasını nəzərə alırsınızmı?
- Filmi festivala distribütor göndərib. "Nabat"ın dünya üzrə distribütoru fransız şirkəti "Dreamlab Films"dir. Film çəkilib onlara verilib, satış və festival işlərini onlar həyata keçirirlər. Distribütorun işlərə çox qarışa bilmirəm, bunların hamısı onların siyasətidir və bilmirəm bu proseslər necə baş verir. Onlar mənə deyirdi ki, filan festival filmi istəyir və mən də etiraz etmirdim. "Nabat"ın taleyi yaxşıdır, o baxımdan ki, üç E kateqoriyalı festivalda olub və mükafatsız geri qayıtmayıb. A kateqoriyalı festivallarda az iştirak etmişik. Qalanları B kateqoriyalı olub. Amma heç kim filmi festivala göndərəndə onun şansının nə dərəcədə olacağını öncədən deyə bilməz. Ümidlər bəslədiyiniz festivalın jürisində bəzən elə adam otura bilər ki, arzularınız elə oradaca qırıla bilər. Məşhur festivallardan birində jüri üzvlərindən biri erməni idi və mən bildim ki, o mənə mane olacaq, elə də oldu. Amma bunu kimə deyə bilərsən? Jüri jüridir, müzakirə olunmur. Yaxud jüridə qulağı sırğalı amerikalı əyləşir, təbii ki, "Nabat" filminin mövzusu onun üçün maraqlı olmayacaq.
- Filminizin festival uğurları sizə necə təsir edir?
- Başqa rejissorları deyə bilmərəm, amma mən heç vaxt festivalları düşünüb film çəkməmişəm. Bəzən elə rejissorlar görürəm ki, film çəkməmiş sayt yaradırlar, hansı festivala göndərəcəklərini indidən müəyyənləşdirirlər. Mən heç vaxt bu cür düşünüb film çəkə bilmərəm. Çəkilişi zamanı ancaq və ancaq film haqda düşünürəm. Özümü bütünlüklə filmə həsr edirəm. Evimi, ailəmi unuduram, hətta mobil telefonu özümlə götürmürəm. Filmdə əsas ideyadır - yəni sən rejissor kimi əziyyət çəkib ekranlaşdırdığım filmlə nə demək istəyirsən? Mən fikirləşirdim ki, "Nabat"da güllə atılmadan belə hər dəqiqə müharibə hiss olunsun. "Nabat" film olaraq müharibənin əleyhinədir. Festivallara gəlincə, düzünü deyim ki, mənim üçün festivallar, mükafatlar heç vaxt maraqlı olmayıb. Amma festivallarda ölkəsini layiqincə təmsil edən film yalnız ekan əsəri deyil, həm də ölkəsinin orada simasıdır. Almaniyada "Nabat" filminin nümayişində zalın tamaşaçılarla dolduğunu görmək çox maraqlı idi. Eləcə də sonuncu festivalda mənə yaxınlaşıb film barədə ürək sözlərini deyən tamaşaçıların, münsiflərin reaksiyasını görmək çox xoş idi. Sevinirəm ki, Azərbaycan kino tarixində ilk dəfə "Nabat" Kann Festivalından geri qalmayan Venesiya Festivalında nümayiş olundu. Ondan başqa Tokio Festivalında yarışdı. Bunlar ilklər idi və mənim üçün fəxrdir.
- Festivalda "Ən yaxşı aktrisa" mükafatını qazanan iranlı aktrisa deyəsən bütün ümidləri doğrultdu...
- Mən deyərdim ki, filmin ən böyük möcuzəsi Fatimə Motamed Aryadır. Fatimə bizim türk ləhcəsini sevir, Yaqub Zurufçu ilə də dostluğu varmış, gözəl mahnı oxuya bilir. Şövkət Ələkbərovanın mahnılarını elə gözəl ifa edir, sözləri əzbərdən deyir və biz heyranlıqla ona qulaq asırdıq. Danışanda isə Təbriz ləhcəsi ilə danışdırdı. Ona görə Tehranda müəllim tutmuşduq. O aktrisanın bizim filmə çəkilməsi möcüzə idi. Baş rol üçün çox aktrisaları sınaqdan keçirmişdim. Azərbaycanda iki aktrisa tapmışdım, onlardan biri ümumiyyətlə çəkilmək istəmədi, o birisi dedi ki, təzyiqim var dağa çıxa bilmərəm. Mən onları çəkəcəyim barədə qəti qərara gəlməmişdim, sadəcə yoxlayırdım. İçimdə bilirdim ki, bunlar deyil, kimdir, onu da bilmirdim. Türkiyəyə getdim, kastinq keçirdik, sinopsisi oxuyanlar hamısı deyirdilər ki, pul da istəmirik, məmnuniyyətlə çəkilərik, bircə müqavilələri olduğundan vaxt problemləri var. Qismət elə gətirdi ki, biz axırda İrana getdik. Və Fatiməni çəkdik.
- Yeni filmə başlamamısınız ki?
- Yeni filmə başlamaq üçün pul lazımdır. Pulu da hələ ki nazirlik verir. Amma yeni layihələr həmişə var.
- Festivallarda bu qədər mükafat qazanmağınız maddi cəhətdən yeni film çəkməyə kömək olmadı?
- Hələ ki, heç nə yoxdur. Onu da deyim ki, film oktyabrda ayında yenidən kinoteatrlarımızda nümayiş olunmalıdır.
- Kinomuzun indiki durumunu necə qiymətləndirirsiniz? Gələcəyi nələr vəd edir?
- Azərbaycanda hər il 5-6 film çəkilir. Bu proses dayanmamalıdır. Biz sadəcə kinonun inkişafına kömək etməliyik. İnanın ki, Azərbaycan çox istedadlı insanlar var. Əvvəlcə istək, sonra isə peşəkarlıq vacibdir. Əgər biz kino istəyiriksə, rejissorlara azadlıq verməliyik. Rejissor kinoda hər şeyin başında duran adamdır. Hamıya deyirəm, rejissorla işiniz olmasın.
Nərmin Muradova