2 Noyabr 2015 11:45
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şura adlı qurum öncədən seçkilərə qatılmadı, Müsavat Partiyası isə özünü məğlubiyyətdən sığortalamaq məqsədilə bir neçə gün əvvəl seçkilərə qatılmamaq qərarını verdi, namizədlərini geri çəkdi. O ayrı məsələdir ki, Müsavatın bəzi namizədləri seçkidə iştirak edir və rəhbərliyin qərarına məhəl qoymur. Ümumilikdə isə nə Milli Şuranın öncədən, nə də Müsavatın 4-5 gün əvvəl verdiyi qərar parlament seçkilərinin nəticələrinə zərrə qədər təsir edəcək imkana malik deyil. Sadəcə, özlərinin müxalifət olduğunu göstərmək və cəmiyyətdə tam olaraq nüfuzdan düşdüklərini sığortalamaq məqsədilə seçki prosesinə qatılmadılar”.

Bunu Teleqraf.com-a müsahibəsində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik.

- Fəzail bəy, ölkəmizdə parlament seçkiləri keçirildi. Seçki prosesini necə şərh edərdiniz?
- Seçki günü 60 saylı Salyan-Neftçala seçki dairəsinin yerləşdiyi Qarabağlı kəndindəki ofisimdə oldum. Müşahidəçilərim və vəkillərin intensiv olaraq məntəqələrdən məlumat verirdilər. Seçki fəallığı açıq müşahidə olunurdu. İnsanlar kütləvi şəkildə seçki məntəqələrinə gəlirdilər. Seçki məntəqəsində hər hansı bir müdaxilə olmadan sərbəst formada bülleteni əldə edir, müəyyən edilən kabinədə səsini verir və sərbəst formada bülleteni qutuya atırdılar. Yəni seçki məntəqələrində yüksək səviyyədə şərait yaradılıb. Eləcə də seçkini müşahidə edən müxtəlif namizədlərin və təşkilatların müşahidəçiləri üçün normal şərait vardı. Proses normal şəkildə bitdi. Təbii ki, ortada bəzi namizədlərin müşahidəçilərinin qanundankənar hərəkətləri və davranışlarına bir sıra hallarda rast gəlindi. Belə faktlar olanda isə Dairə Seçki Komissiyaları öz addımlarını atırlar.

- Bəs ölkə üzrə seçki fəallığını, ümumi prosesi necə qiymətləndirirsiniz?
- İnternetdən, televiziyadan keçirilən seçkiləri müşahidə etdim. Üstəlik, özüm də seçki prosesinin tam mərkəzində idim. Ölkə prezidentinin ailəsi ilə birlikdə səsvermə prosesində iştirakını müşahidə etdik. Heydər Əliyev də ilk dəfə səsverməyə qatıldı və istədiyi namizədə səs verdi. Onu və həmyaşıdlarını təbrik edirəm ki, ilk dəfə olaraq səsvermə hüququ əldə edib və seçkilərdə səs verib. Əlbəttə, arzu edirəm ki, bu il səsvermə hüququ əldə edən gənclərimiz bundan sonra dövlətçiliyimizlə bağlı proseslərdə fəallıq göstərsinlər. Müşahidə etdiyim ondan ibarətdir ki, ölkə miqyasında seçki prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun formada aparıldı. Bunu internet vasitəsi ilə də müşahidə etmək mümkün oldu. İnsanlar azad və sərbəst formada fikirlərini ifadə etdilər. Seçicilərin davranışına və seçdikləri namizədə səs verməsi müşahidə edildi. Yəni onların siyasi iradəsinə hər hansı bir müdaxilə olmadı. Beləliklə də, seçkilər azad, demokratik və şəffaf şəraitdə keçirildi. Əsas da odur ki, bu seçkilərdə seçici fəallığı müşahidə edildi. Bu, müsbət hal idi.

- Bildiyiniz kimi, Milli Şura və Müsavat Partiyası seçki prosesində iştirak etmədi. Bu hal seçkilərlə bağlı ümumi prosesə mənfi təsir göstərdimi?
- Nəzərə alsaq ki, Müsavat Partiyası və Milli Şura Azərbaycanın ictimai-siyasi həyatında xüsusi bir nüfuza, siyasi proseslərə istiqamət vermək imkanına malik deyil, bu halda onların seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq seçki prosesinə təsir etmək gücündə deyildilər. Yəni bu qüvvələrin seçkidə iştirak etməməsinin seçki prosesinə hər hansı bir mənfi təsir göstərdiyini düşünməyin özü belə əsassız olardı. Həm Milli Şura, eyni zamanda AXCP və Müsavat bu seçkilərdə məğlubiyyətlərini anladılar. Bu səbəbdən özlərini məğlubiyyətdən sığortalamaq məqsədilə seçkilərlə bağlı fərqli yol tutdular. Milli Şura adlı qurum öncədən seçkilərə qatılmadı, Müsavat Partiyası isə özünü məğlubiyyətdən sığortalamaq məqsədilə bir neçə gün əvvəl seçkilərə qatılmamaq qərarını verdi, namizədlərini geri çəkdi. O ayrı məsələdir ki, Müsavatın bəzi namizədləri seçkidə iştirak edir və rəhbərliyin qərarına məhəl qoymur. Ümumilikdə isə nə Milli Şuranın öncədən, nə də Müsavatın 4-5 gün əvvəl verdiyi qərar parlament seçkilərinin nəticələrinə zərrə qədər təsir edəcək imkana malik deyil. Sadəcə, özlərinin müxalifət olduğunu göstərmək və cəmiyyətdə tam olaraq nüfuzdan düşdüklərini sığortalamaq məqsədilə seçki prosesinə qatılmadılar. Ancaq onların bu addımı parlament seçkilərinə mənfi təsir göstərəcək gücdə deyil. Bu partiyaların özləri də hansı imkanda olduqlarını artıq bilirlər. Çünki onların keçirdiyi sonuncu mitinqdə 200 nəfər iştirak edib.

- Bəzi beynəlxalq qurumlar, özəlliklə Avropa strukturları Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmədilər, əksinə, anti-Azərbaycan əhvalında olan bəyanatlarla çıxış etdilər. Bunu necə şərh edirsiniz?
- Əlbəttə, bu, reallıqdır. Biz daima Azərbaycana qarşı ikili standartları müşahidə edirik. Avropa strukturlarının bəzilərinin belə addımları Azərbaycana qarşı növbəti dəfə ikili standartların ifadəsi oldu. Bəlli olduğu kimi, hansısa beynəlxalq təşkilat ölkədə seçkiləri həyata keçirən qurum tərəfindən müşahidə aparmağa dəvət olunursa, onlar bir qayda olaraq seçki prosesində iştirak edirlər. Bəzi hallarda həmin beynəlxalq qurumların özləri də seçkilərdə iştirak etmək niyyətində olduqlarına dair təşəbbüslə çıxış edirlər. Ancaq sonuncu hal bir sıra beynəlxalq təşkilatlarda özünü ifadə etmədi. Bu seçkilərdə onlar Azərbaycana qarşı son dərəcə qərəzli mövqe tutduqlarını bir daha nümayiş etdirdilər. Bütün bunlara baxmayaraq Azərbaycanda seçkilərin taleyini həll edən xalqımızın iradəsidir. Bura kimin gəlməyindən, kiminsə gəlməməyindən asılı olmayaraq Azərbaycan xalqının iradəsi ortalıqdadır. Azərbaycan xalqı kifayət qədər siyasi proseslərdən keçərək formalaşan demokratik ənənələrin ölkəmizdə təsdiq edilməsini ortaya qoyan bir xalq kimi qəbul edilir. Bu gün Azərbaycanda parlament seçkilərinin demokratik və şəffaf keçirilməsi iradəsi ortadadır. Həm də ortada olan Prezidentin seçkilərlə bağlı iradəsidir. Bu iradə ilə Azərbaycan xalqının siyasi fəallığı vəhdət təşkil edir. Bu vəhdət parlament seçkilərinin yüksək fəallıqla keçirildiyini təmin edir. Bu mənada, kimin hansı mövqedə olmasından asılı olmayaraq xalqımız bir daha seçkilərdə fəal iştirak etməklə Azərbaycanın demokratik seçki ənənəsinin inkişafına öz töhfəsini verdi. Azərbaycanda keçirilən seçkilərin üzərinə hansısa formada ləkə yaxmağa çalışan istənilən beynəlxalq təşkilatın da qarşısında xalqımızın iradəsi dayanacaq. Bu mənada Azərbaycan üçün daha vacibi xalqımızın seçkilərlə bağlı iradəsidir. Bu iradə ilə cənab Prezidentin seçkilərlə bağlı mövqeyi üst-üstə düşür. Belə olan halda heç bir beynəlxalq təşkilatın Azərbaycana seçkilər üzərində təzyiqi mənasız olacaq. Biz hazırda azad və ədalətli seçkiləri müşahidə edirik. Ölkəmizə gələn çoxsaylı xarici müşahidəçilər də bəyan ediblər ki, seçki atmosferi normaldır və proses tam qanunauyğun formada davam edir.

- Azərbaycan müstəqillik əldə etdikdən sonra, beşinci dəfədir ki, parlament seçkiləri keçirilir. Bu seçkilərin tarixi əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Heç şübhəsiz ki, bu, son dərəcə qürurverici hadisədir ki, Azərbaycan artıq öz müstəqil dövlətçilik tarixində beşinci parlament seçkilərini keçirir. Bu, olduqca fərəhləndirici bir haldır. Nəzərə alsaq ki, Azərbaycan bu gün sabit bir dövlət olaraq istənilən kataklizmlərdən kənardır, dünya siyasətində nüfuzunu gücləndirir, bu mənada ölkəmizdə keçirilən beşinci çağırış parlament seçkiləri həm ölkəmizin daxili siyasətinin irəli aparılmasına öz töhfəsini verəcək, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsində mühüm rol oynayacaq. Bununla da, beşinci dəfə keçirilən parlament seçkiləri ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, gücləndirilməsi bir daha təsdiq ediləcək. Bəllidir ki, hər bir seçki həm də, dövlətin güclənməsi, möhkəmləndirilməsi amalına xidmət edir. Azərbaycan isə dünyada müstəqil siyasət aparır, ölkə lideri bu siyasətdə Azərbaycanın maraqlarını nəzərə alır. Bu mənada, seçkilərdən sonra Azərbaycanın daha da güclənməsi prosesi baş verəcək.

- Dünən həm də Türkiyədə parlament seçkiləri keçirilib. Bu ölkədə keçirilən seçkiləri necə qiymətləndirirsiniz?
- Qardaş Türkiyədə üzücü hadisələr baş verir. Çünki PKK və İŞİD faktiki olaraq Türkiyəyə müharibə elan edib. Türkiyə isə öz növbəsində beynəlxalq terrorizmə qarşı mübarizə cəbhəsində savaşını aparmaqdadır, iradəsini ortaya qoyur. Digər tərəfdən isə, Türkiyə parlament seçkiləri keçirir. Çünki burada hökumətin formalaşdırılması parlament seçkiləri və onun nəticəsindən çox asılıdır. Çox arzu edərdim ki, türk qardaşlarımız bu seçkilərdə siyasi fəallıq nümayiş etdirməklə bərabər, indiki situasiyada Ədalət və İnkişaf Partiyasına səs versinlər. Bu partiya da Türkiyəni indiki xoşagəlməz və ağır durumdan çıxara bilsin. Çünki ötən illərin təcrübəsi göstərir ki, Ədalət və İnkişaf Partiyası belə bir iradəyə, təcrübəyə və potensiala malikdir. Ancaq o da, sirr deyil ki, bu gün Ərdoğanın komandasını zəiflətmək məqsədilə həm daxildə, həm də xaricdə işlər aparılır. Lakin məncə, türk xalqı öz iradəsini ortaya qoyacaq və Türkiyə dövlətinin zəifləməsinə xidmət edən anti-türk layihələrinin qarşısını birmənalı şəkildə alacaq. Anadolu və Azərbaycan türklərinə bu sınaqdan uğurla çıxmağı arzu edirəm. Allah Anadolu türklərini və Azərbaycanı qorusun.

Nemət


Müəllif: