"Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə ilk növbədə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
"Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar.
Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki, Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Hər halda Avropada gənclər arasında biz birinciyik və mənə verilən məlumata görə, çempionatda 34 ölkə iştirak edirdi. Bunu nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, bu, doğrudan da böyük nailiyyətdir. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, bu gün mən sizi dəvət etmişəm ki, şəxsən özüm sizi təbrik edim və ümidvar olduğumu bildirim ki, gələcəkdə də siz eyni əzmkarlıqla ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz", - dövlət başçısı bildirib.`