Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.
Teleqraf.com xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, ölkəmizin elektroenergetika sektorunda texnoloji innovasiyaların tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində Cəbrayıl şəhərində Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il oktyabrın 19-da təməli qoyulan “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.
Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək. Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə edilməsinə imkan yaradacaq. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığı və dayanıqlılığına nəzarət təmin ediləcək. Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Eyni zamanda, burada mühəndis–texniki heyətin effektiv işini təmin edən müasir avadanlıqlarla təchiz edilmiş iş otaqları, vətəndaş qəbulu üçün bütün şərait nəzərdə tutulub.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.
Məlumat verildi ki, 35/0,4 kilovoltluq “Cəbrayıl şəhər” yarımstansiyası qovşaq yarımstansiyası olmaqla 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olacaq.
Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir. Binanın dam örtüyündə yaradılan “yaşıl enerji” mənbəyinin şəbəkəyə inteqrasiyası həyata keçirilib.
***
12:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.
Bu barədə Teleqraf.com-a Prezidentin Mətbuat xidmətindən məlumat verilib.