Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
Baş planı Komitənin sifarişi ilə beynəlxalq tenderin qalibi olan Almaniyanın "AS+P Albert Speer + Partner Gmbh” şirkəti hazırlayıb. Onun layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.
Baş plan paytaxtın bütün inzibati ərazisini əhatə etməklə hesabat dövrü ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir, o cümlədən güclü və davamlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, ərazi zonalaşdırılması, şəhər infrastrukturunun genişləndirilməsi, ekoloji sağlamlaşdırma və ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.