Cənab Prezident İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoyub. Müdafiə naziri də hazırlıq əmri verib. Müdafiə Nazirliyində, əsgərlər arasında böyük ruh yüksəkliyi var. Türk ordusu nə qədər ki buradadır, Azərbaycan ordusu da ona uyğun olaraq yüksək səviyyədə hazırlıq görür.
Bu fikirləri Teleqraf.com-a cəbhədə son vəziyyəti qiymətləndirən politoloq Cümşüd Nuriyev deyib.
Politoloq hesab edir ki, Azərbaycan artıq anti-terror əməliyyatlarına başlamalıdır:
“Əgər Ali Baş Komandan sözünü deyirsə, Paşinyanı yerində oturdursa, biz nəyi gözləyirik? Bəzən deyirlər ki, müharibə elan olunmalıdır. Buna ehtiyac yoxdur. Düşmən torpağımızı işğal edib. Apreldə olduğu kimi anti-terror əməliyatları aparmaq olar”.
Siyasi şərhçi ehtimal edir ki, Ermənistan və onun arxasında duran dövlət getdikcə cəbhədə vəziyyəti gərginləşdirəcək:
“Diqqət edin, təxribat Tovuz istiqamətində edilir. Hesab edirəm ki, döyüş ağırlığı mərkəzini Qarabağa keçirmək lazımdır. Ağırlıq mərkəzi Qarabağa keçəndə bizim sərhədi qorumağa imkanımız olacaq. Biz indi ermənilərin təxribat etdiyi bölgədə tıxanıb qalmalı deyilik”.
Azərbaycan ordusunun bu təxribatların qarşısını almağa imkanı olduğunu deyən C. Nuriyev əlavə edib ki, onun hərbi sirlər haqqında məlumatı yoxdur:
“Amma mən sizə deyə bilərəm ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 15 ildə müdafiə sənayesinə 40 milyard dollardan çox maliyyə ayrılıb. Hələ əmək haqlarından danışmıram. Azərbaycanda nəinki Dağlıq Qarabağı azad etmək, hətta Ermənistanı əldə etmək üçün silah olmalıdır. Deməli, hazırıq. Ordunun geyimindən, silahından görünür ki, bunlar var”.