Teleqraf.com hərbi mütəxəssis Azad İsazadə ilə müsahibəni təqdim edir.
- Azad bəy, biz Azərbaycan ordusunun hərbi əməliyyatlarının başlamasının beşinci gününü yaşayırıq. Sizin mütəxəssis kimi qiymətləndirməniz necədir?
- Açığını deyim ki, vəziyyəti qiymətləndirmək çətindir, buna emosiya bir qədər maneə olur. Sözsüz ki, biz böyük nailiyyətlər gözləyirik. Həm də ehtimal edirəm ki, həftə sonuna qədər hər iki tərəfin sülh danışıqlarına gəlməsinə çalışılacaq, bunun üçün təzyiqlər edəcəklər. Bu mənada bizim maksimum bir neçə günümüz qalıb ki, nə isə edək. Sözsüz ki, ordumuz irəliləyib, düşməni və onun texnikasını məhv edib. Amma biz hamımız səbrsizliklə, birdən-birə hər şey istəyirik. Hətta gözləyirdik ki, indiyə qədər çox şeylər əldə olunsun, halbuki məntiqlə anlayırıq ki, bir dəfəyə bütün problemləri həll etmək çətindir. Biz addım-addım irəliləməliyik. Bəzən görürsən hamı deyir ki, proses sona qədər gedəcək. Bəs son hardadır? Bu da səbrsizlikdəndir. Biz anlamalıyıq ki, bu müharibənin sonu yoxdur. Hətta bütövlükdə Qarabağı azad etsək erməni düşməndir və bizə qarşı müharibəni davam etdirməyə çalışacaq. Yəni proses gedəcək. Bu reallığı da bilməliyik.
Bəli, ordumuz vuruşur, əməliyyat aparır. Dünənki məlumatlardan belə anlaşılır ki, irəliləmə yoxdur. Amma nəzərə alın ki, başqa mənbə də yoxdur. Biz yalnız rəsmi məlumatları eşidirik. Düşmən itkilər verir, amma əlavə məlumat yoxdur. Ola bilsin ki, irəliləyişlər var, lakin biz bunu bilmirik.
- Azərbaycan Ordusunun Qarabağda olan erməni ordusu və hərbi texnikasına kifayət qədər zərbə endirildiyi, zərərləşdirildiyini demək olarmı?
- Kifayət qədər termini şərti anlayışdır. Bu, müharibədir. Hərbi baxımından düşmənin texnikasını, canlı qüvvəsini o qədər dağıtmalıyıq ki, təslim olsun. Əgər düşmən hələlik ordumuza müqavimət göstərirsə, deməli əlində nələrsə var. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri mən də diqqətlə izləyirəm. Düşmənə zərbə vurulur, texnika darmadağın edilir, canlı qüvvə öldürülür. Vacibi irəliləməkdir. Ola bilsin ki, irəliləmə də var, sadəcə deyilmir. Bəzən qeyd edilir ki, hazırda artilleriya, dronlar və raket sistemlərimiz işləyir. Ancaq unutmayaq ki, bizim əsgərlərimiz döyüşlərə girir. Müdafiə Nazirliyi rəsmən bir neçə kəndimizin və bəzi yüksəkliklərin azad edildiyini açıqlayıb. Əgər əsgərlərimiz bu kəndlərə daxil olmasaydı, onları azad etmək mümkün olmazdı. Dünənki məlumatda hər hansısa kəndi və yüksəkliyi azad etdiyimiz barədə rəsmi məlumat verilməyib, bəlkə də bunu hərbi sirr olaraq saxlayırlar. Bu da mümkündür. Bizim bildiyimiz odur ki, düşmənin texnikası dağıdılır və canlı qüvvəsi zərərləşdirilir.
- Son 5 gündə erməni tərəfinin rəsmi orqanlarının görüntülər yaydığının və bunların əslində “feyk” olduğunun ortaya çıxmasının şahidi oluruq. Bir çox hallarda bunu biz deyil, əcnəbi media quruluşları ortaya çıxarır. Ermənistan tərəfinin belə saxta görüntülər yayması nəyə xidmət edir?
- Əslində bu, qəbul edilən praktikadır. Feyk görüntüləri hansısa real və qeyri-real məlumatların üzərinə montaj etməklə bu məlumatların daha inandırıcı olduğu təsirini gücləndirməyə çalışırlar. Aydındır ki, biz müharibə aparırıq və ordumuzun da itkiləri var. İstisna etmirəm ki, hansısa texnikamız da vurulur. Amma biz real çəkilişi əldə edə bilməyəcəyik. O cümlədən, mövqe çəkilişlərini heç bir tərəf vermir. Amma erməni tərəfinin məlumatları həm də şişirdilir. Məsələn, üç tank gəlirdi, bunun biri vuruldu, ikisi dərhal mövqeyini dəyişdi. Amma zərbə anında qalxan tüstünün səbəbindən heç nə görmək olmur. Ermənilər elan edirlər ki, üç tank vurmuşuq. Bu məlumat səngərdən İrəvana çatana qədər 5 tank olur. Belə də olur.
- Dağlıq Qarabağda olan erməni ordusu bu əməliyyata nə qədər dözə bilər?
- 1990-cı illərdə iki-üç il müharibə gedib. O dövrlə müqayisədə indi silah daha çoxdur. Hesab edirəm ki, biz cəbhədə prinsipial dəyişiklik əldə etməsək, bu proses bir neçə ay uzana bilər. Söhbət mövqe döyüşlərindən gedir. Bizə mühüm irəliləyiş lazımdır ki, vəziyyəti dəyişək. Bu zaman düşmən qarşımızda müqavimət göstərə bilməyəcək. Digər tərəfdən, bizə indiyə qədər ordumuzun nəaliyyətini bir qədər də möhkəmləndirmək vacibdir. Aydındır ki, bütün müharibələr sonda danışıqlarla bitir. Məsələn, iki rayonu azad edə bilsək, biz danışıqlarda güclü tərəf olmaqla yanaşı həm də 7 rayon deyil, 5 rayonun azad edilməsi haqda danışacağıq. Əgər bizimkilər Murovdağda əyləşib yolu bağlayıblarsa, deməli biz Kəlbəcərdən deyil, ancaq Laçından danışacağıq. Baxmayaraq ki, erməni tərəfi Laçın və Kəlbəcər məsələsini danışıqlar zamanı ikinci mərhələyə saxlamağı diktə edirdilər. Yəni danışıqlarda bizim əlimizdə güclü arqumentlər olacaq. Bu mənada biz nə qədər ərazilərimizi işğaldan azad edə bilsək, bu danışıqlarda bizi bir o qədər gücləndirəcək.
- Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya, Fransa, Almaniya liderlərinə, eləcə də beynəlxalq qurumlara zəng edir. Amma bu ölkələrin rəhbərləri də öz təşəbbüsü ilə Azərbaycan prezidentinə zəng edərək cəbhədə baş verənləri müzakirə edirlər. Bu əslində cəbhədə olan vəziyyətin kimin xeyrinə olduğuna dəlalət edən mənzərə deyilmi?
- Sözsüz ki, biz bu hadisəni cəbhədə üstün mövqeyin bizdə olması kimi qiymətləndiririk. Ermənistan zəng edir, alçalır, yalvarır, göz yaşı tökür. Deyir ki, mənə hücum ediblər və beləcə özünü qurban kimi təqdim edir. Faktiki diplomatik dili dəyişərək özünü “qurban”, bizi işğalçı kimi göstərməyə cəhd edir. Halbuki Qarabağda işğalçı tərəf erməni tərəfidir. Sözsüz ki, bununla həm də hərbi əməliyyatları dayandırmağa çalışır. Birmənalı yalvarışlarının məqasədi odur ki, hücumumuzu dayandırmağa nail olsun. Amma fakt odur ki, sentyabrın 27-də birinci erməni tərəfi başlayıb və biz də cavab verərək real əks-hücuma keçmişik. Baxmayaraq ki, əks-hücuma qədər erməni tərəfi susurdu, hücum başlayanda və biz irəliləyiş əldə etdikdən sonra başladılar Moskva, Paris və digər paytaxtlara zəng etmyə.
- Müharibənin həm də pul olduğunu nəzərə alsaq, erməni iqtisadiyyatı buna nə qədər dözə bilər?
- Erməni iqtisadiyyatı yoxdur, onların iqtisadiyyatı Rusiyanın əlindədir. Ermənistan faktiki silah-sursatı kreditlə Rusiyadan alır. Ola bilsin ki, yenə də ala bilər. Ancaq bu həm də pul deməkdir. İndi əsas məqsəd odur ki, erməni tərəfinin arxasında heç kəs dayanmasın. Hazırda heç kəs dayanmır. Dayanmasa uzun müddət davam gətirmələri çətindir. Ancaq Paşinyanın arxasında Rusiyanın dayanmaması heç də qonşu Rusiyanın Azərbaycanpərəst olmasından doğmur. Sadəcə Moskva gözləyir ki, Paşinyan çöksün və Rusiyaya yaxın siyasətçilərdən birini hakimiyyətə dəvət etsin. Bundan sonra ruslar prosesə daxil ola bilərlər.
- Regionda türk faktorunu necə qiymətləndirmək olar?
- Hədən artıq müsbət. Türkiyə hər zaman bizim yanımızda olduğunu elan edib, amma bu dəfəki kimi dəstək olmayıb. Əvvəllərdə dəstək olub. İndisə faktiki olaraq hərbi blok kimiyik və sanki Türkiyə hərbi müttəfiqini müdafiə edir. Bir neçə dəfə türk rəsmiləri ordu sözündən istifadə etməsələr də Azərbaycana hər cür dəstək verməyə hazır olduqlarını ifadə ediblər. İstisna etmirəm ki, qonşu Rusiyanın neytrallığını saxlaması da bununla bağlıdır. Ola bilsin, diplomatik kanallarla da Rusiyaya bildirilib ki, erməni ordusuna dəstək verilsə, türk ordusu da Azərbaycan tərəfindən prosesə qoşulacaq.
- Beynəlxalq reaksiya da göz önündədir. Gözləntiləriniz nədən ibarətdir?
- Gəlin, real danışaq. Hələlik təzyiqlər yoxdur, bəyanatlar var. Avropa ölkələri bizə deyə bilməz ki, əcəb edib hərbi əməliyyat keçirir və erməni əsgərlərini zərərləşdirirsiniz. Əksinə deyirlər ki, gəlin danışaq, masaya oturaq. ATƏT-in Daimi Şurası, BMT Təhlükəsizlik Şurasının iclasları olub və bəyanat verərək sülh çağırışı ediblər. Hələlik təzyiqlərlə qarşı-qarşıya deyilik. Bizə təzyiq göstərən Cənubi Kipr olub. O da nə qədər istəyirsə, bunu etsin. Qalanlar sadəcə iki tərəfə məsləhət və tövsiyə görüblər ki, silahlı qarşıdurmanı dayandıraq. Deməli, təzyiqlər bizi hələ qarşıda gözləyir. Odur ki, biz hələ davam edirik. Biz indi elliklə ordumuzun yanında olmalı, işimizi görməli, vaxtı itirməməliyik. Ordumuz düşmən texnikasını, canlı qüvvəsini dağıdır. Biz texnikanı ona görə dağıdırıq ki, irəliləyək, mümkün olduğu qədər torpaqlarımızı işğaldan azad edək. Düşmən texnikasını dağıtmaq, işğalçıları zərərləşdirmək bizim üçün hədəf deyil. Onları zərərsizləşdirməklə hədəflərimizə nail olmaq istəyirik. Hədəfimiz işğal altındakı torpaqlarımızdır. Ümid edir və inanırıq ki, ordumuz qarşısına qoyulan məqsədə nail olacaq.