“Gecə səhər saatlarınadək döyüşlər davam edib. Cəbhənin bütün istiqamətlərində düşmən əks-hücuma keçməyə çalışsa da, bunun qarşısı alınıb”.
Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.
Düşmənin şəxsi heyəti arasında tələfatın böyük olduğunu bildirən jurnalistin sözlərinə görə, ermənilər çoxsaylı zirehli texnika itiriblər:
“Bir sıra dayaq məntəqələri və mövqelər azad olunub. Murovdağ istiqamətində yüksəkliklərə paralel olan sahədə strateji üstünlük əldə etməyə çalışan ordumuz burada yerləşmiş müdafiə məntəqələrini sıradan çıxarmağa müvəffəq olub. Məqsəd ermənilərin ikinci və üçüncü müdafiə xətlərinin arxasına çıxaraq Kəlbəcər marşrutunda operativ fəaliyyət sahəsinə nail olmaqdır.
Eyni zamanda, Sotk-Xankəndi yolu üzərində taktiki və operativ nəzarətlə yanaşı, strateji nəzarətə nail olaraq Qarabağdakı ermənilərin sursat və heyət ehtiyatlarının artırılmasının qarşısını almaq üçün işlək rıçaqa yiyələnməkdir”.
Elçin Alıoğlu qeyd edib ki, ermənilərin hərbi rəhbərliyi Füzuli-Cəbrayıl istiqamətində əks-hücum qruplaşması yaratmağa çalışaraq ehtiyatdakı bütün qüvvələri irəli atıb:
“Onlar Cəbrayıl-Xocavənd qövsü boyunca ordumuzu cinahlardan keçərək “məngənə” taktikasını tətbiq etmək, mövqelərimizin artilleriya atışları məsafəsinə çıxmaq istəyirdilər. Düşmənin niyyəti baş tutmayıb. “Artilleriya duelləri” yaşanıb və bu zaman ermənilərin yeni mövqeləri ordumuzun uzaqvuran artilleriya qurğuları vasitəsilə darmadaın edilib.
Ağır itkilər verən ermənilər geri çəkiliblər. Ən başlıcası isə Cəbrayıl-Ağdam istiqamətlərində ermənilərin cinah müdafiəsi zəiflədilib və çox kritik duruma çatdırılıb.
Ermənistan Müdafiə Nazirliyinin bütün bəyanatlarına və yaydığı videolara rəğmən, döyüşlərdə ermənilər uduzurlar. İrəvan təbliğatla məğlubiyyətləri uzun müddət ört-basdır edə bilməyəcək”.
Siyasi məqamlara gəldikdə isə jurnalistin sözlərinə görə, bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü gözlənilir:
“Görüşdə cəbhədəki döyüşlərdə həlak olmuş hərbçilərin döyüş meydanından çıxarılması üçün tərəflərin müvəqqqəti atəşkəs elan etməsi müzakirə ediləcək. Bu siyasi yox, humanitar atəşkəsdir, yəni sadəcə, meyitlərin yığılması üçün nəzərdə tutulur. Ammma ordumuz əməliyyatları dayandırmayacaq, irəliləyəcək. Bu Vətən bizimdir”.