12 Oktyabr 2020 00:15
2 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq kriteriyalara əsasən Qarabağda baş verənlər klassik müharibə xarakteri daşıyır. Unutmaq lazım deyil ki, hər iki tərəf müharibənin şərtlərinə əməl etməyə məcburdur. Müharibənin fundamental qanunlarından biri də cəbhədən kənar bölgələrə atəş açmamaq qadağasıdır. Odur ki, mülki obyektlərə, dinc əhaliyə hücum etmək, zərər vermək yolverilməzdir".

Teleqraf.com-un məlumatına görə, bu sözləri Publika.az-a açıqlamasında Fransanın beynəlxalq hüquq elmləri doktoru, Strazburq Universitetinin professoru Jan Emmanuel Medina bildirib.

Məsələyə aydınlıq gətirən professor bildirib ki, 1990-cı ildən bugünədək Dağlıq Qarabağda əsasən ermənilər məskunlaşıb:

"Lakin vacib məqam odur ki, BMT-yə daxil olan heç bir ölkə Qarabağı Ermənistan ərazisi kimi qəbul etmir. Beynəlxalq hüquq sisteminə əsasən hər bir dövlətin sərhədləri toxunulmazdır. 1945-ci ildə qəbul edilmiş ali qanunlar var. Bu qanunu hələ heç bir ölkə nə tənqid edib, nə də yenidən gözdən keçirilməsi tələb olunub. Çünki münaqişəli tərəflər arasında stabilliyi təmin edir. Həmçinin bu konvensiyaya əsasən istənilən ölkənin hətta bir ovuc torpağı da işğala məruz qala bilməz".

"Artıq iki həftədir ki, Dağlıq Qarabağ ərazisində baş verənlər dünyada əks-səda doğurur. Beynəlxalq ictimaiyyət məsələnin kökünü bilmədən alovu söndürməyi tələb edirlər. Lakin çox az insan bilir ki, əslində bu torpaqlarda Cenevrə Konvensiyası kobud şəkildə pozulur. Hər şeyi bir kənara qoyaq, beynəlxalq məsələlər üzrə vəkil kimi bu məni çox üzür. Məsələ Avropa ictimaiyyətinə yenidən təqdim olunmalıdır ki, daha doğru anlaşılsın. Azərbaycan üçün Dağlıq Qarabağ İspaniya üçün Kataloniya qədər dəyərlidir. Nə Azərbaycan, nə də İspaniya imkan verməməlidir ki, tarix boyu ona məxsus olan torpağı işğal altında qalsın. Rusiya və ABŞ beynəlxalq hüquq sistemini göz önündə saxlamalı, dövlətlərin suverenliyinə hörmətlə yanaşmalıdır. Xüsusən də Azərbaycan Minsk qrupuna açıq şəkildə etiraf edir ki, Azərbaycan torpağını işğaldan azad edəndən sonra Dağlıq Qarabağda müxtəlif xalqlar sülh içərisində yaşayacaqlar" - professor əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər