13 Oktyabr 2020 18:55
1 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidenti cənab İlham Əliyev Ermənistanın son hərbi təxribatı, həmin təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatlarına başlaması və əməliyyatların gedişi ilə bağlı dünyanın ən nüfuzlu KİV-lərinə geniş müsahibələr verib. Prezident İlham Əliyev Türkiyənin "Haber Global" televiziyasına müsahibəsində də bir sıra mühüm məsələlərə toxunub.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident bildirib ki, müharibənin gedişatında Ermənistanın dəyəri bir milyard dollardan artıq olan silah-sursat və texnikasını məhv etmişik:

"Bu silah-sursatı almağa Ermənistanın vəsaiti yoxdur. Prezident söylədi ki, Paşinyan Putinə təşəkkür etməlidir ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etdi. Cənab Prezident bunları BMT Baş Assambleyasının 75-ci sessiyasında da söyləmişdi və beynəlxalq ictimaiyyətə də yəqin etmişdi ki, Ermənistan müharibəyə hazırlaşır, onların silah-sursatla təchizatından dövlətlər çəkinməlidir. Çünki bu, işğalçının şirnikləndirilməsinə gətirib çıxarır. Hadisələrin gedişatı da göstərdi ki, Ali Baş Komandanın proqnozları özünü tamamilə doğrultdu”.

Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan atəşkəsə sadiqdir:

“Hərbi yolla torpaqlarımızın bir hissəsini qaytarmışıq. Yeni reallıqda hesab edirik ki, müharibə fazası bitə və siyasi yolla münaqişəni tənzimləyə bilərik. Atəşkəs tələbində söhbət baza prinsiplərindən - ilk növbədə Dağlıq Qarabağın ətrafında işğal olunmuş beş rayonun, sonra isə iki rayonun azad olunmasından söhbət gedir. Beş rayon Dağlıq Qarabağın cənub-şərqində, iki rayon - Laçın və Kəlbəcər isə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşir. Növbəti mərhələdə kommunikasiyaların bərpası, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılıb, sülhməramlı qüvvələrin gətirilməsi planlaşdırılır. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər müzakirə oluna bilər. Bu şərtləri nəzərə alaraq atəşkəs sənədinə razılıq vermişik. Ancaq cənab Prezident vurğuladı ki, Ermənistan tərəfi sənəd imzalandıqdan dərhal sonra atəşkəsin pozulması istiqamətində addımlar atdı. Bir yandan Ermənistandan gətirdiyi xüsusi təyinatlılarla Hadrut istiqamətində hücuma keçdi, eyni zamanda növbəti hərbi cinayətə imza ataraq, Gəncəni raket atəşinə tutdu. Gəncədə baş verən terror aktı nəticəsində 10 nəfər dünyasını dəyişdi, çox sayda yaralı, xeyli dağıntı var. Eyni zamanda dinc əhalinin yaşadığı digər ərazilər də hədəfə alınıb. Bütün bunlar onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi çox ağır durumdadır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Paşinyan çox ciddi sarsıntı keçirir, bu psixoloji sarsıntının təsiri altında xaotik, ağılsız, məntiqsiz addımlar atır. Azərbaycan Ordusu sona qədər öz missiyasını yerinə yetirəcək. Biz istədik ki, münaqişəni dinc yolla həll edək. Amma dinc yolla həlli olmayacağı təqdirdə, Azərbaycan son məqsədinə çatacaq və bütün torpaqlar üzərində ərazi bütövlüyünü təmin edəcək”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər