Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan xalqına qarşı beynəlxalq hüquqda əks olunan hərbi və insanlıq əleyhinə cinayətlər törətməkdə davam edir. Hadisələr müharibə gedən zonadan uzaq ərazilərdə cərəyan edir. Onların məqsədi mülki əhalini, o cümlədən, həyatı təmin edən strateji obyektləri sıradan çıxarmaq, elektrik stansiyaları, neft kəmərləri, nəqliyyat qovşaqlarını məhv etməkdir.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O bildirib ki, Gəncədə baş verən hadisələr hərbi cinayətdir:
“Bizə caniləri tutub, mühakimə etmək qalır. Onların məqsədləri aydındır, hərb meydanında acınacaqlı məğlubiyyətə uğrayıblar. Ona görə Azərbaycanın iri şəhərlərini hədəf seçib, əhali arasında xof yaratmaq, Azərbaycanın strateji obyektlərini sıradan çıxarmaq istəyirlər. Düşünürlər ki, raketləri Ermənistan ərazisindən atmaqla, Azərbaycanı həmin əraziləri vurmağa təhrik edəcəklər. Daha sonra isə bu bəhanə ilə münaqişəyə üçüncü tərəfləri cəlb edəcəklər. Primitiv məqsədləri budur. Hətta bundan əvvəl Ermənistana rəhbərlik etmiş iki hərbi cani, Köçəryan və Sərkisyan belə bu dərəcədə məsuliyyətsiz, dünya qarşısında hesablanan belə böyük cinayətlərə getməyib. Onlar da canidirlər, Azərbaycanda soyqırımı, insanlıq əleyhinə cinayətlər törədiblər. Amma özünü sülhpərvər adlandıran, küçədən gələn jurnalist Nikol Paşinyan qədər cinayətə əl atmamışdılar. Bu, Ermənistanın bütün mahiyyətini ortaya qoyur. Bu, dünya ictimaiyyətinə çağırışdır. Görün, onun əlində atom silahı olsa idi nə edərdi? O raketləri ona verənlər məsuliyyətlərini dərk edirlərmi?Terroristə bu silahları vermək nə deməkdir? Dünya bunun fərqindədirmi?”.