Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Rusiyaya nota verib.
Azərbaycanın Rusiyadakı Səfirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a məlumata görə, Rusiya Dövlət Dumasının deputatı Vilati Milonovun Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozaraq qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Notada qeyd oluub ki, bu il oktyabrın 16-da Vitali Milonov separatçı rejimin rəhbəri ilə görüşüb və Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyətin daha da gərginləşməsinə istiqamətlənən olduqca təxribatçı bəyanatlar verib.
Bundan əlavə, notada Rusiya Federasiyası Dövlət Duması deputatının bu cür təxribat xarakterli hərəkətlərinin həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadakı çoxmilyonlu Azərbaycan icmasının haqlı qəzəbinə səbəb olduğu və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə istiqamətləndiyi göstərilib.