Azərbaycanın Qarabağda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlanmasından 25 gün keçir. Bu dövr ərzində ordumuz düşməni təkcə canlı qüvvə baxımından yox, həm də hərbi texnika baxımından böyük itki verməyə məcbur edib. Məhz bunun sayəsində Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində etibarlı sayılan düşmən dayaqlarını dağıdaraq, işğal edilmiş torpaqların dərinliklərinə qədər girməyi bacarıb.
Təbii ki, bu qələbələrin əldə olunmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyə qədər həyata keçirilən ordu quruculuğu siyasəti mühüm rol oynayıb. Ali Baş Komandanın sayəsində Ordumuz Qarabağdakı döyüş şəraitində uğurla istifadə edə biləcəyi müasir silahlarla təchiz edilib ki, bəhrəsini hazırda görürük.
Azərbaycanın hazırda Qarabağda apardığı savaş strategiyası təkcə region yox, həm də artıq dünyanın aparıcı mütəxəssisləri, eləcə də dövlətlərinin diqqətini cəlb etməyə başlayıb. Döyüşlərin xüsusilə çətin relyefi olan bölgələrdə getməsi və təbii istehkamlara rəğmən Azərbaycan Ordusunun qısa müddətdə böyük məsafə qət etməsi bir sıra ölkələrin Qarabağda aparılan döyüş taktikalarını diqqətlə incələməyə sövq edib. Təsadüfi deyil ki, dünyanın ən güclü ordusunu idarə edən ABŞ generalları belə Qarabağ savaşının Pentaqona siqnal olduğunu və orduda hansı boşluqların təcili doldurulması gərəkdiyini müəyyən etməyə imkan verdiyini bildiriblər.
Yeni nəsil savaş
İndiki halda Qarabağda gedən döyüşləri “5-ci nəsil savaşı” və ya “Yeni nəsil savaşı” adlandıranlar haqlıdırlar. Bunun üçün əsas yetərli qədərdir.
Əvvəla, Azərbaycan yalnız döyüş meydanında yox, digər bir çox istiqamətlərdə paralel savaş aparmalı olur. Bu bəndə daha çox informasiya savaşı kimi məfhumları aid etmək mümkündür. Məsələ odur ki, Bakının bu istiqamətdə apardığı savaşda tutduğu strategiyada əvvəlki dövrlərdəki toqquşmalardan xeyli fərqlənir. Belə ki, əvvəl düşmənin adi provokativ məlumatları qarşısında xeyli zərərə məruz qalan Bakı indi yeni strategiyası sayəsində düşmənin özünün provokativ məlumatlarını öz əleyhinə doğru yönəldə bilir.
Bununla bərabər, Bakıya indiki halda uğur qazandıran başqa bir məqam Ermənistan, erməni diasporu və havadarlarının yararlandığı informasiya savaşı metodikasını tam müəyyən edib, incəliklərinə qədər öyrənməsidir. Əgər əvvəllər Ermənistan və havadarları hansısa istiqamətdə saxta hücum xəbərləri və ya kompromata bənzər dezinformasiyalarla Azərbaycanın informasiya məkanında gərginlik yarada bilirdilərsə, indi onların bu tip hücumlarına imkan verilmir. Üstəlik, Bakı edilən hücumlara cavab vermək yerinə, düşmənin atacağı addımı öncədən müəyyən edib, özü erkən həmlə ilə onu zərərsizləşdirir. Bu işdə xüsusilə rəsmi dairələrin, özəlliklə Prezidentin şəxsən özü mühüm rol oynayır.
Bu işdə həmçinin Azərbaycanın da artıq Ermənistan kimi informasiya savaşı aparacaq və informasiyanı düşmənin zərərinə istifadə edə biləcək kadr ehtiyatına sahib olması mühüm əhəmiyyət kəsb edir.
Dronların savaşı
Qarabağdakı müharibəni “Yeni nəsil savaş” adlanan digər məqam isə istifadə edilən texnoloji yeniliklərdir. Yayılan həm rəsmi, həm də qeyri-rəsmi informasiyalar və görüntülər də sübut edir ki, artıq döyüş I Qarabağ savaşındakı tərzdə getmir. Qısacası, döyüşə piyadaların dərhal və ya tez bir zamanda qatılmasına imkan verilmir. Bunun əvəzində düşmənin əsas hədəfləri, eləcə də köməyə gələ biləcək və ya hətta gələcəkdə düşmənin təhlükə yarada biləcəyi hədəflər artilleriya və dronlarla tam sıradan çıxarılır. Düşmən daxilində bu addımlar sayəsində vahimə yaratdıqdan sonra ordu çox az itki verərək, indiyə qədər alınması mümkün olmadığı iddia edilən ərazilərə qalib kimi daxil olur. Nəticədə yetişdirilməsinə və saxlanmasına milyardlarla vəsait xərcləndiyi əsgərin, hərbi kadrların həyatı qorunur.
Bu işdə ən mühüm rolu Azərbaycan Ordusunun sahib olduğu pilotsuz uçan aparatlar oynayır. Belə ki, izlənməsi çətin olan ən müasir kəşfiyyat, kamikadze və zərbə dronları sayəsində düşmənin arxa sıradakı eşolonları darmadağın edilir. Bu isə avtomatik olaraq döyüşü təkcə səngərlərdə yox, eyni anda bütün Qarabağ ərazisində aparmağa imkan verir. Təsadüfi deyil ki, artıq indidən bəzi hərbi ekspertlər Qarabağdakı əməliyyatları “Dronların savaşı” kimi təqdim etməyə başlayırlar.
Azərbaycanın indiki halda dünyaya göstərdiyi başqa nümunə təkcə döyüşləri eyni anda bütün savaş zonasında və ya çətin relyefdə aparması deyil. Bakı həm də eyni anda nizami ordu və kont-gerilla birliklərinə qarşı necə effektiv mübarizə aparılması qaydasını da dünyaya təqdim etmiş olur. Bu isə indiki dövrdə bir çox ölkələr üçün xüsusi önəm daşıyır.
Qarabağ əməliyyatları artıq dünya hərb sənəti tarixinə yeni dönəm kimi yazılır. Görünür, Azərbaycan qələbə qazandıqca onun tətbiq etdiyi standartlar, taktikalar daha çox diqqət cəlb etməyə başlayır.