“Prezident İlham Əliyev və Azərbaycan xalqını böyük qələbə münasibətilə təbrik edirəm. Mən bu cür tarixi nailiyyəti və Azərbaycanın xarici siyasətinin möhtəşəm nəticələrini gördüyüm üçün həqiqətən həyəcanlıyam. Prezident İlham Əliyev Ermənistanı təslim olmağa məcbur etdi. Bu, tariximizin yeni səhifəsi olacaq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında İrəvan xanlığının varisi Əmir Əli Sərdar İrəvani deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın Azərbaycana məxsus olması hər zaman beynəlxalq ictimaiyyət tərəfindən tanınıb: “Qarabağ və işğal olunmuş 7 rayonun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qaytarılması xəbərini eşitdiyim üçün çox xoşbəxtəm. Məcburi köçkünlərin öz vətəninə qayıtmasına dair razılaşma tarixi nailiyyətdir”.
Sərdar İrəvani xatırladıb ki, XVIII əsrin birinci yarısında Pənahəli xan Cavanşir Şuşa qalasının təməlini sıldırım qayalarla əhatə olunmuş yüksək və əlçatmaz bir yerdə qoyub, onu Qarabağ xanlığının inzibati paytaxtına çevirdi: “İbrahimxəlil xan bu qalanı möhkəmləndirmək üçün onun ətrafında uzun müdafiə hasarı çəkdi. Qalanın girişində iki qapı vardı: şimalda Gəncə qapısı, qərb tərəfdə İrəvan qapısı. Bu, mənə Qarabağ xanlığının qonşuluğundan olan tarixi vətənimdəki İrəvan qalasının qapılarını xatırladır.
İrəvan xanlığının ərazisi indi Ermənistan Respublikasındadır. İrəvan qalası Oğuz tayfalarının qəhrəmanları olan əcdadlarım tərəfindən tikilib. Bu gün İrəvanda tarixi-mədəni irsimizdən heç biri qalmayıb. Əcdadım Hüseynəli xan tərəfindən İrəvanda tikilən Göy məscid istisna olmaqla hər şey yerlə yeksan olunub.
Qarabağda da tarixi yerlərimiz eyni strategiya ilə məhv edilib. Ümid edirəm ki, hələ də gec deyil və biz mədəniyyət paytaxtımızı yenidən bərpa edə bilərik”.
Sərdar İrəvaninin sözlərinə görə, Şuşada Azərbaycanın görkəmli mədəniyyət xadimləri doğulub və yaşayıb: “XVIII əsrdə Şuşada Vaqif kimi şair vardı. Xan qızı Natəvanın şeir məclisləri orada keçirilirdi. İlk Şərq dramı, ilk peşəkar orkestr, böyüklər və uşaqlar üçün ilk balet Azərbaycanda yaranıb. Maraqlıdır ki, bu cür əsərlərin təməlini qoyan insanların əksəriyyəti Şuşa ilə bağlı idi.
Xan qızı Natəvan öz yaradıcılığı ilə Azərbaycan poeziyasına xüsusi təravət gətirib. Qarabağ haqqında yüzlərlə şeirlər yazılıb. Bu şeirlərdə Qarabağ sevgi və ilhamın vəhdəti kimi təsvir edilib. İndi isə abidələrin dağ üzərində bərpa edilməsinin, qonaqların bulaqlara gəlməyinin vaxtı çatıb. Bu, tariximizin yeni səhifəsidir.
Əslində tariximizin hər bir səhifəsi bizim üçün vacibdir. Gələcəkdə keçmişimizi unutmasaq və ondan ibrət götürməyə çalışsaq uğur bizimlə olacaq. Xalqımıza azad edilmiş ərazilərin yenidən qurulmasında böyük cəsarət, beynəlxalq müqavilələrə qarşılıqlı hörmətlə davamlı sülh arzulayıram”.
İrəvan xanlığının varisi qeyd edib ki, Şuşa, İrəvan, Gəncə, Bakı, Naxçıvan, Şəki və digər tarixi şəhərlərimizin hamısı məğrur vətənimizin bir parçalarıdır: “Bu parçalar arasında ayrılmaz, qırılmaz bağlar var. Mirasımızı senzura, təhrif və manipulyasiyadan qorumaq bizim borcumuzdur”.