“Ayna-Zerkolo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Elçin müəllim, Şuşada keçirilən "Xarıbülbül" festivalında iştirak etdiniz. İlkin təəssüratlarınız necədir?
- Böyük fəxr, sevinc hissi keçirdik. Çünki illərdir həsrətində olduğumuz, əsgərlərimizin canı, qanı bahasına azad olunan Şuşada ilk dəfə idi ki, tədbir keçirirdik. “Xarıbülbül” festivalı bayram idi. Axşam böyük atəşfəşanlıq oldu. Dilim də gəlmir oranı Xankəndi adlandırım, çünki hələ ki, stepanlar yaşayır. Amma bizim Xankəndində oturan stepanlar partlayıb, yandılar, dağıldılar yəqin ki... Sonrakı müsahibələrdən də görürük ki, doğrudan da bizim Şuşada oturub muğam dinləməyimiz, çay içməyimiz, ümumiyyətlə, kef eləməyimiz erməniləri çox sarsıdıb. Bu, hələ başlanğıcdır.
- Şuşaya ermənilərin içindən keçib getdiniz, onların reaksiyaları necəydi?
- Onların sifətlərini gördük təbii ki. Xüsusən də qayıdanda 50-60 avtobusdan ibarət uzun bir karvan gedir. Onlar bilirlər ki, bu karvan Şuşada bayrama gedir və geri qayıdan da o atəşfəşanlığı edən, orda bayramı keçirən azərbaycanlılardır. Onlar başa düşürlər ki, gələn torpağın sahibləridir. Ərazidə rus sülhməramlıları olmasa, onların orada oturmağı qeyri-mümkün olacaq. O mənada yox ki, biz onları qovacağıq, yəni özləri varıb gedəcəklər. Çünki onlar anlayırlar ki, bu torpaq onların deyil. Biz keçdiyimiz yerləri görürdük, Şuşanın özünü belə... Əgər bu torpaqlar sənindirsə, 30 il ərzində heç olmasa, daşı-daş üstə qoyardın, nəsə bir iş görərdin. Heç nə tikməyiblər. Ancaq bizim o vaxtdan dağıdılmış evlərin divarlarıdır, bir də bu divarların içində 20-30 yaşlı ağaclar, kollar bitib. Bu o deməkdir ki, bu torpaqların sahibi onlar deyil.
Festivalda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış etdi. O deyir ki, erməni işğalı altında olanda Şuşada iki dəfə olub və atasının yaşadığı evə baş çəkib. Görüb ki, onların evində qoca bir erməni qadın qalır. Onların arasında rus dilində dialoq olub. Erməni qadın sual verib ki, siz Poladsız? Polad müəllim təsdiqləyib ki, bəli. Erməni qadın yenə sual verib ki, bu sizin evinizdir? Polad müəllim bunu da təsdiqləyib. Qadının növbəti sualı belə olub ki, o hələlik burada yaşaya bilərmi? Polad müəllim də hələlik yaşaya biləcəyini deyib. Bilirsiz, ermənilər belə məqamlarda başa düşürdülər ki, hər şey müvəqqətidir, onlar bunu hiss edirdilər. Biz bilirik ki, torpaqlarımıza qayıdırıq.
- Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhədində yerləşən İşıqlı Qaragöl gölünün 30 faizi Azərbaycan Ordusuna təhvil verildi. Qaragöldə hərbçilərimizin yerləşdirilməsi iki ölkənin sərhədində vəziyyəti gərginləşdirdi...
- 1988-ci ildə mən Laçında olmuşdum. Atam oradan deputat idi. Laçının birinci katibi Xanlar Məmmədov danışırdı ki, ermənilər Qaragölü özününküləşdirib. Yəni 88-ci ildə bu hadisələr başlayırdı və biz müdaxilə edə bilmirdik. Xanlar müəllim çox təşvişlə deyərdi ki, artıq gölə yaxın dura bilmirik. Bu, həmin göldür və Qaragöl bizimdir. O zaman sərhədlər yox idi, ermənilər həyasız-həyasız gəlib ora girirdilər. Yəni inzibati sərhədlər var idi. Laçın əsrarəngiz təbiəti olan çox gözəl yerdir. Təsəvvür edin, dağlarda ot insan boyu qədər qalxırdı. İnşallah ora da gedəcəyik. İndi biz öz yerimizə gedib otururuq. Ermənilərin sahibləndiyi digər sərhəd kəndlərimizi də qaytaracağıq.
- Elçin müəllim, Qarabağla bağlı hər kəsin bir əhdi olub. Sizin belə bir əhdiniz olubmu?
- Elə bir əhdim olmayıb. Sadəcə böyük bir arzum olub ki, Qarabağın geri qayıtmasına gözlərimlə şahidi olum və o torpağa ayaq basım. Şükür Allah ki, bu arzum yerinə yetib. Sağlıq olsa, Qazaxın işğal altında olan 7 kəndinə də gedəcəm. İndi onu gözləyirəm. Azərbaycan Ordusunun Qaragölə qalxması və sərhədlərin delimitasiyasını etməsi o deməkdir ki, digər sərhədboyu məntəqələrimizə də gedəcəyik. Bu, hamının arzusudur.
- Şuşada ilk olaraq getdiyiniz yer hara oldu?
- Ümumi bir yerə getdik. Sinəmizdən asılan “bəc”lərdə gedəcəyimiz yerlərin marşrutları göstərilmişdi. Çünki düşmənin hansı yerə mina basdırdığı məlum deyil. Hər şey ola bilər. Bu nöqteyi-nəzərdən ümumi tədbirdə heç bir xoşagəlməz hadisənin baş verməməsi üçün marşrutdan kənara çıxılmadı. Şuşalılar var idi ki, onlar öz evlərini görmək istəyirdilər. Onlardan kimi gedib görə bildi, kimisi yox. Böyük əksəriyyətinə icazə verilmədi, çünki məlum deyil nə var, nə yox... Hər şey viran qalıb. Əsas küçələrdə bir az nə isə qalmışdı. İndi nə tikili varsa, hamısını biz edirik. Çünki ermənilər orada heç nə etməyiblər, ancaq özləri kimi zir-zibildir hər şey.
- Düşmənə layiqli cavabı Azərbaycan Ordusu verdi. Bu mənada “Xarıbülbül” festivalını mədəni döyüş adlandırmaq olar. Sizcə, bu festival düşmənə lazımi mesajı ötürə bildimi?
- Düşmənə lazımi mesaj ötürüldü. Bu festival təkcə mədəni bir hadisə olmaqla qalmadı, eyni zamanda ictimai və siyasi mənası da xeyli böyükdür. Festivalı bir az gec də keçirmək olardı. Amma söhbət ondan gedir ki, biz bunu məhz indi etməli idik. O torpaqların əsl sahibləri olduğumuzu tez bir zamanda təsdiqləməliydik və biz bunu etdik.