5 İyun 2021 13:15
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov dəfn edilib

Teleqraf.com xəbər verir ki, peşə fəaliyyətini yerinə yetirərkən minaya düşən S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

11:33

Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, şəhid operatorla vida mərasimi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra onun cənazəsi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər