ABŞ Prezidenti Co Bayden Ermənistan Baş naziri Nikol Paşinyana bu ölkənin müstəqilliyinin 30-cu ildönümü münasibətilə məktub göndərib.
Teleqraf.com-un məlumatına görə, məktubunda işğalçı Ermənistana açıq dəstəyini ifadə edən Bayden qeyd edib ki, son bir il ərzində erməni xalqı ciddi problemlərlə üzləşib:
“Qarabağdakı döyüşlər faciəli insan tələfatı ilə nəticələndi. Erməni xalqının kədərini bölüşərək, hökumətinizlə əl-ələ verərək ATƏT-in Minsk qrupu çərçivəsində və digər regional formatlarda regional sabitliyi təmin etmək və münaqişəni nəhayət həll etmək üçün çalışacağıq”, - Bayden vurğulayıb.
O qeyd edib ki, hər iki ölkəni tarixi əlaqələr, eyni zamanda ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verən erməni əsilli 1.5 milyon amerikalı birləşdirir.