“Rusiya Ermənistana özünün strateji müttəfiqi kimi baxmaqda davam edir. Rusiya həmişə çömçəni Ermənistana tərəfə əyir. Bu nöqteyi-nəzərdən demək olar ki, bölgədə uzunmüddətli və ədalətli sülh sazişinin bağlanması yolu o qədər də hamar görünmür. Çünki Rusiya ilə yanaşı, Fransa və digər bəzi dövlətlərin addımları həm erməniləri ruhlandırır, həm də onlarda Azərbaycana qarşı qisasçılıq hissi və sülhyaratma prosesində ikiüzlü xətt seçmələrinə şərait yaradır. Düzdür, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılmasında tam razılıq əldə edilib, amma sərhədlərin dəqiqləşdirilməsi işində problemlər qalmaqdadır. Ən əsası Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, bu yöndə sabotaj xarakterli fəaliyyətlər göstərir. Rusiyanın özü də bu məsələdə təkidedici mövqe tutmur”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qarabağda müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanmasından bir il ötdü. Amma indiyədək anlaşmada yer alan bir sıra müddəalar nə bunlarla bağlı üzərinə öhdəlik götürmüş Ermənistan, nə də bu bəyanatda qarantor rolunda çıxış etdiyini iddia edən Rusiya tərəfindən yerinə yetirilib. Sizcə, prosesə kim və niyə mane olur?
- Doğrudur, bir sıra, xüsusən də bəyanatda yer alan 4-cü müddəa hələ də yerinə yetirilmir. Bu müddəa Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yerləşdirilmiş erməni qanunsuz silahlı birləşmələrinin çıxarılmasını ehtiva edir. Həmin ərazilərdə 15 minə yaxın qanunsuz birləşmə var. Amma onlar hələ də orada qalırlar. Onları çıxarmaq sülhməramlıların, daha doğrusu, Rusiyanın vəzifəsi idi, vəzifəsidir.
Rusiya müqavilədə buna qarant durub, zəmanət verib. Üstəgəl, Azərbaycan kəşfiyyatı müəyyən etdi ki, bu müqavilənin imzalanmasından sonra ən azı 2-3 min silahlı dəstələr müxtəlif yollarla və ya Laçın dəhlizindən keçməklə bu ərazilərə sızıb. Beləliklə, Ermənistanın bölgədəki qanunsuz birləşmələrinin sayı 14-15 minə çatıb. Bura Xankəndindəki qondarma rejimin 800 nəfərədək qanunsuz dəstələri də daxildir. Onlar Ermənistanın bu birləşmələrinin sıralarına cəlb olunub ki, bəyanatın 4-cü müddəası indiyədək onlara da şamil edilməliydi.
Bütün dünyada “sülhməramlı” dedikdə, “tərəflər arasında ayırıcı qüvvə” nəzərdə tutulur. Yəni sülhməramlılar münaqişə vəziyyətində olan tərəfləri bir-birindən ayırmalı, onların qarşıdurmaya girməsinə imkan verməməlidir. Üstəgəl, tərəfsiz olmalıdırlar, qarşıdurmada iştirak edən tərəflərdən birini müdafiə etməməlidirlər.
Amma bölgədə yerləşdirilmiş Rusiya sülhməramlıları ötən bir il ərzində ermənilərin tərəfində durdu, durur. Üstəgəl, özlərinə aid olmayan işlərlə məşğul olurlar.
- Söhbət hansı işlərdən gedir?
- Heç kimə sirr deyil ki, nə Xankəndi, nə Əsgəran, nə də Ağdərədə erməni qalmışdı, hamısı qaçıb getmişdi. Xüsusilə də, Xankəndində erməni hərbçilərindən başqa kimsə qalmamışdı. Amma rus sülhməramlıları özbaşına – Azərbaycanla razılaşdırmadan oradan qaçmış erməniləri və ya digərlərini “qaçqın” adı altında Ermənistandan avtobuslara dolduraraq bura daşımağa başladı. Bir saxta statistika da təqdim etdilər ki, guya 50 mindən çox erməni qaçqınını geri qaytarıblar. Amma separatçıların başçısı Araik Arutyunyanın özü dedi ki, bölgədə 30 mindən çox erməni olmayıb, indi bu say 20 minə enib.
Köç prosesini və digər amilləri nəzərə alsaq, bu gün Qarabağın dağlıq hissəsində cəmi 17 min erməninin qaldığını göstərən faktlar var.
Eyni zamanda, sülhməramlılar Azərbaycanın razılığı olmadan Ermənistan rəsmiləri və xaricdən gələn emissarları Laçın dəhlizi vasitəsilə bu ərazilərə buraxmamalı idi. Bu, sülhməramlıların qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biriydi. Amma bu bir il ərzində Fransa və Avropanın bəzi ölkələrindən olan avantürist və təxribatçı siyasilər və parlament üzvləri Xankəndinə buraxıldılar. Rus sülhməramlıları dəfələrlə Azərbaycanın bu kimi məsələlərlə bağlı xəbərdarlıqlarına məhəl qoymadı.
Üstəgəl, bu bir il ərzində separatçılar üçün tikinti materialları, yanacaq və digər yükləri daşıyan İranın yük maşınları və avtomobilləri Laçın dəhlizini su yoluna döndərmişdilər. Nəhayət, Azərbaycan etiraz etməli oldu. Bu məqsədlə Qafan-Gorus yolunda polis-sərhəd məntəqəsi qoyuldu və gömrük orqanlarının xidməti də yaradıldı. Beləliklə, İranın qanunsuz fəaliyyətlərinə son qoyuldu.
Üstəgəl, iranlı sürücülərdən gömrük rüsumunun alınmasına başlanıldı və Xankəndinə girmiş qanunsuz iranlı sürücülər saxlanıldı. Biz bundan sonra İranın iç üzünü ortaya qoyan davranışlarının şahidi olduq. İran sərhədlərimiz yaxınlığında hərbi təlimlər keçdi, bizi təhdid etydi.
Amma sonda İranı da yerində oturda bildik. Bu, Azərbaycanın ikinci qələbəsi oldu. Nəticədə İran öz qınına çəkildi, ən azı Qarabağın dağlıq hissəsinə qanunsuz yolla yüklərin daşınmasını dayandırdı.
- Bəs digər məsələlər niyə həllini tapmır?
- Rusiya öz sülhməramlılarını bölgəyə göndərdikdən, Laçın dəhlizinə nəzarətə başladıqdan sonra özünü “bu yerlərin komendantı” kimi aparmağa başladı. Onu da deyim ki, bölgədəki kommunikasiyaların açılması və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası da üçtərəfli bəyanatlara daxildir. Amma bu məsələlər də həllini tapmayıb. Burada əsas məsələlərdən biri də sərhədlərin hansı xəritələr üzrə dəqiqləşdirilməsi ilə bağlıdır. Qənaətimə görə, Azərbaycan sərhədlərin 1920-1923-cü illərin xəritələri əsasında sərhədlərin müəyyənləşdirilməsində maraqlıdır. Ermənistan isə buna etiraz edir.
Ermənistan SSRİ-nin dağılma ərəfəsində olan xəritələri irəli sürür. Bu həmin xəritələrdir ki, burada 10 min kvadrat kilometr ərazisi olan Zəngəzur Ermənistana verilmişdi. Bundan başqa, Dərələyəz və Göyçə mahalının böyük hissələrinin, Laçının Qaragöl və Qazaxın 2 min hektarlıq meşə və otlaq sahələrinin, eləcə də, digər ərazilərin sovet dönəmində Ermənistana verilməsi faktları məlum xəritələr üzrə üzə çıxarılmalıdır.
Bir sözlə, Rusiya Ermənistana özünün strateji müttəfiqi kimi baxmaqda davam edir. Rusiya həmişə çömçəni Ermənistana tərəfə əyir. Bu nöqteyi-nəzərdən demək olar ki, bölgədə uzunmüddətli və ədalətli sülh sazişinin bağlanması yolu o qədər də hamar görünmür. Çünki Rusiya ilə yanaşı, Fransa və digər bəzi dövlətlərin addımları həm erməniləri ruhlandırır, həm də onlarda Azərbaycana qarşı qisasçılıq hissi və sülhyaratma prosesində ikiüzlü xətt seçmələrinə şərait yaradır.
Düzdür, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılmasında tam razılıq əldə edilib, amma sərhədlərin dəqiqləşdirilməsi işində problemlər qalmaqdadır. Ən əsası Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, bu yöndə sabotaj xarakterli fəaliyyətlər göstərir. Rusiyanın özü də bu məsələdə təkidedici mövqe tutmur.
Bütün bunlara baxmayaraq, ortada qalib Azərbaycanın diktəedici mövqeyi mövcuddur. Onun yanında strateji müttəfiqi, dostumuz və qardaşımız Türkiyə var, hələ Pakistanı demirəm. Yəni tərəflər yaxşı başa düşürlər ki, ədalət tərəzisini tarazlıqda saxlamasalar, bu, bölgədə yeni isti müharibəyə gətirib çıxara bilər. Belə bir müharibədə isə Ermənistan tamamilə darmadağın ola bilər. Bu baxımdan, çətin də olsa, proses gedir. Kremldən gələn məlumatlara görə də, önümüzdəki həftələrdə Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.
- 44 günlük müharibədən sonra Ermənistanın yüksək vəzifəli şəxsləri Xankəndinə gəlmirdi. Amma ötən günlərdə Ermənistan müdafiə naziri Arşak Karapetyanın Xankəndinə qanunsuz səfəri baş tutdu. Sizcə, bu səfər Türkiyə müdafiə naziri Hulusi Akarın Şuşaya gəlişinə Rusiya tərəfindən verilmiş cavab idimi, ya başqa mətləblərdən xəbər verir?
- Bunu belə də qiymətləndirmək olar. Ermənistan müdafiə naziri aşkar formada bölgəyə gəldi. Halbuki onun bu səfəri üçün Azərbaycanın icazəsi yox idi. Üstəgəl, o, Qarabağın dağlıq hissəsindəki erməni birləşmələrinin mövqelərinə baxış keçirib, onların döyüş hazırlığı ilə tanış olub. Bu da Azərbaycanın etirazına səbəb oldu, bu təxribatçı addımla bağlı Ermənistana xəbərdarlıq edilib.