“Körfəz böhranından Liviyaya, Qarabağdan Şərqi Aralıq dənizinədək bizi xüsusilə narahat edən regional gəlişmələrə etinasız qalacağımızdan söhbət gedə bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Regional problemlər və böhranlar davam edir. Amma eyni zamanda Türkiyənin yumşaq və sərt gücdən istifadə edərək bu böhranlara müdaxilə etmək və faydalanan tərəf olmaq imkanları günbəgün artır. Suriya böhranında Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək, terror təşkilatlarına qarşı mübarizə aparmaq və yeni qaçqın axınının qarşısını almaq üçün fövqəladə mübarizə aparır və bunu öz imkanları ilə edir”, - Kalın bildirib.
O, Türkiyənin ABŞ, Rusiya və İran kimi ölkələrlə ciddi fikir ayrılıqlarının olduğunu, hər kəsin Suriya vasitəsilə regiona və qlobal siyasətə öz geosiyasi gündəmini yeritməyə çalışdığını vurğulayıb.
Kalın Türkiyənin həm Cenevrə, həm də Astana platformaları vasitəsilə qlobal əməkdaşlığın davam etdirilməsinə israr etdiyini deyib:
“Türkiyə sülh, təhlükəsizlik, sabitlik və firavanlıq anlayışlarına geniş prizmadan baxır. Körfəz böhranından Liviyaya, Qarabağdan Şərqi Aralıq dənizinədək bizi xüsusilə narahat edən regional gəlişmələrə etinasız qalacağımızdan söhbət gedə bilməz. Bunları görməzlikdən gəlməyə çalışsanız belə, zamanında qarşısını almasanız, qapınıza gələcəklər, amma bu dəfə hazırlıqsız yaxalanacaqsınız.Türkiyənin belə bir problemi yoxdur. Buna görə də 2022-ci ildən 2023-cü ilə gedən prosesdə Türkiyə proaktiv xarici siyasət perspektivi ilə öz imkanlarını artırır, regional və qlobal ittifaqlarını gücləndirir. Güclənməyə davam edəcək”.